ГлавнаяТелекомСтатьиAgile Azərbaycanda. Mifləri ifşa edirik

Agile Azərbaycanda. Mifləri ifşa edirik

Agile

Biz, Agile Coach Yusif Qasımovla birgə Agile mövzusu ilə tanışlığımızı davam etdiririk.

Mif #7: «Məhsul Sahibi» sadəcə «Layihə Rəhbəri» anlamının başqa adıdır…Vəssalam!

Хoş gördük, hörmətli oxucular! Bloqumun bugünkü mövzusu «Məhsul Sahiblərinə» həsr olunacaq. Bizim şirkətdə Agile sırf «Digital» istiqamətində istifadə olunmadığından «Məhsul Sahibi» dedikdə mən rəqəmsal sahədə yaradılan məhsulların və satış sahəsində mövcüd olan industriya sahiblərindən söhbət açacam.

Yaxşı, soruşa bilərsiniz ki, «Bəs bunların fərqi nədədir?». Cavabı sizinlə birlikdə addımbaaddım öyrənəyəcik. İlk olaraq Məhsul Sahibinin kim olduğuna nəzər yetirək. Məhsul Sahibi — Məhsulun vahid görüntüsünə (vision) və müştərilərə təqdim etdiyi dəyərlərə cavabdehlik daşıyan şəxsdir. Onun əsas funksiyası «yolaverdi məhsul/xidmət» yaratmaq yox, insanlara həqiqətən lazım olan məhsul/xidmət təqdim etməkdir.

Düzünü desəm, Məhsul Sahibi termini ilə bizi ilk olaraq Scrum (Agile framework) tanış etdi. Ondan əvvəl isə ümumi yanaşmada Layihə Rəhbəri adı hamıya tanış idi (PMI). Məsələn Layihə Rəhbərinin öhdəlikləri aşağıdakılar idi:

  • Layihə Rəhbəri yalnız məhsulun/xidmətin yaradılması prosesinə cavabdehlik daşıyırdı. Onun əsas işi layihəni vaxtı-vaxtında, müvafiq funksionala, keyfiyyətə sahib və büdcədə qeyd olunan vəsaitə uyğun təqdim etmək;
  • Layihə rəhbəri məhsulun təbliği və satışı ilə məşğul olmamalıdır. Digər sözlə desək: layihəni bitirdim — marketinq və satışla isə artıq aidiyyatı strukturlar məşğul olmalıdır.

Scrum yaradıcıları isə bu problemlərlə rastlaşaraq belə bir həll irəli sürdülər:

  • Məhsul Sahibinin öhdəliyi tək məhsulun yaradılması ilə məhdudlaşmır. Məhsul nə qədər aktualdırsa, Məhsul Sahibi bir o qədər də ona cavabdehdir;
  • Artıq görülən işlərin əhatə dairəsi Marketinq, Satış, Biznesin idarəedilməsi kimi sahələrə qədər genişlənir.

Keçmiş məqalələrimdə dəfələrlə qeyd etdiyim kimi Məhsul Sahibi öz məhsulun/industriyanın CEO-sudur. Geniş miqyasda düşünə bilən, ambisiyalı vizioner və prosesdə iştirak edəcək istənilən tərəfləri ayıra bilən biridir (Proqram Təminatı, Dizayn, Bazarın cari vəziyyəti, Məhsulun ölçüləri və s.).

Agile bizə nə deyir? Hər görülən iş, atılmış addım dəyər gətirməlidir. Müştərinin istəklərini anlayaraq, görülən işin dərinliklərinə istiqamətlənməklə biz həqiqətən uğurlu məhsul/xidmət təklif edə bilərik.

Məhsul Sahibi və Layihə Rəhbəri arasındakı fərqi duyduq. Bəs uğurlu Məhsul Sahibinin sirri nədədir?

Bir sıra praktiki həllərlə sizi tanış etmək istərdim:

  • Hipotezaların generasiyası və yoxlanılması. İdeya formalaşmasının məntiqi davamı kimi hipotezaların yaradılmasını qeyd edə bilərik. Məsələn: Mən Məhsul Sahibi kimi düşünürəm ki, hal-hazırda istifadəçilər üçün onların həyatını asanlaşdıracaq yeni mobil tətbiq yaratmaq məqsədəuyğundur. Bu tətbiq hər bir insanın gündəlik xərclərini idarə etmək üçün əla bir vasitə ola bilər. Tətbiqin ilkin funksionalı üzrə hipotezalar hazırlayıb müştəri fokus qrupu ilə bunu yoxlayıram. Nəticə etibarilə əsas kimi mənim ekspert rəyim yox, müştərinin istəyi və gözləntisi nəzərə alınacaq. Bu yanaşma olmadan hər hansı uğura bel bağlamaq adi bir utopiyadır;
  • «Mən Məhsul Sahibiyəm, özüm yaxşı bilirəm. Mən deyirəm — Siz icra edirsiniz» kimi yanaşma…Wow wow, bəlkə bir az yavaşlayaq? 🙂 Agile bizə nə deyir? Biz krosfunksional bir komandayıq və komandada ierarxiya hökm sürə bilməz. Əgər görülən işin təfərrüatı şəffaf və dolğun surətdə komandaya izah edilməzsə, deməli nəticədə biz tamamilə uyğunsuz nəticə görəcəyik (output). Bizim məqsədimiz isə nədir? Düzdür -> dəyər gətirən nəticə (outcome).

Komandanın gördüyü işə qarşı tamamilə laqeyd yanaşmamaq -> From Demo to Demo. Laqeyd yanaşma ilə heç bir komanda ruhu və ümumi görülən işə bağlılıq yarana bilməz. User Story-lərin birlikdə yoxlanması, prototipin hazırlamasında dizaynerin xahişi ilə sıx iştirak, proqramçılarla bir dildə danışmaq və s. Təbii ki, Scrum-ın dəqiq qaydası ilə getsək Sprint Backlog-a İnkişaf Komandası tam cavabdehlik daşıyacaq, lakin bu o demək deyil ki, Məhsul Sahibinin bu işdə iştirakı qadağandır…Təbii ki, mane olmamaq və fikiri yayındırmamaq şərtilə. Eynilə də Satış Blokunda. Əgər İndustriya Sahibi komandaya yalnız rutin və cari məsələləri tapşırıb, «qaymaqları» tək başına götürəcəksə, Squad barədə danışmaq absurd səslənəcək.

Səhvlər üzərində işləmək və səhv etməkdən çəkinməmək. Əsl Məhsul Sahibi cəsarətli, öhdəlikləri üzərinə götürə bilən, komandası ilə açıq olan biridir. Uğurlu olan şəxs deyil…Uğur ümumi komandanındır! Necə deyərlər «Meydanda tək olan cəngavər deyil!». Scrum bizə təqdim etdiyi «Retro» seremoniyası bu məsələdə bizə çox kömək edir.

Məhsulun/xidmətin gələcəyi haqqında düşünmək. Dəstək kimin üzərinə düşəcək, inkişaf və satış necə həyata keçiriləcək. Bir sözlə Məhsul Sahibi öz məhsuluna/xidmətinə qarşı öz balası kimi yanaşır və boya-başa çatdırılmasında, yetkinlik yaşına çatmasında, uğurlu və dəyərli olmasında maraqlı olan ən birinci insandır.

Yekunda demək istərdim ki, bunların hamısı müvafiq dəyərlərin bir toplusudur. Əgər biz transformasiyadan söhbət açırıqsa və yeni korporativ mədəniyyətinin qurulmasını təşkil etmək istəyiriksə, vəzifədən asılı olmayaraq, mütləq bu dəyərlərdən istifadə etməliyik!

Mif #8: «Agile Coach deyilsən? Həll elə də problemlərimizi!»

Нavalar istiləşir, əhvalımız yaxşılaşır… Bu arada isə Texnologiya nəhəngləri işçilərini uzunmüddətli distansiyayönümlü işə keçirirlər (Facebook, Google, Twitter). Bütün bunlara baxmayaraq bloqumuz öz işini davam etdirir və bu gün biz Agile Coach-larla tanış olacağıq. Xüsusilə Agile Coach kimdir və onun əsas funksiaları nədən ibarətdir sualına birlikdə cavab axtaracağıq.

Agile transformasiya prosesi Azərbaycan üçün tamamilə yeni bir düşüncə tərzidir desək, yanılmarıq. Hər bir yenilik isə əsasən Dezinformasiyaya -> Yəni informasiyanın səhv və natamam yayılmasına məruz qalır. Ümumdünya şəbəkəsinin istifadəsi, axtarış sistemlərinin hazırki durumu və qlobal inteqrasiya istənilən sualın Google-a yazmaqla kifayət qədər informasiyaya sahib ola bilməyimizə gətirib çıxarır. Lakin mənbələrin, qaynaqların və informasiyanın düzgünlüyü məsələsi olduqca vacibdir.

Baxaq görək «Agile Coach» yazanda Google bizə hansı tərifi verir. Güləcəksiniz! Formalaşmış ümumi tərif belə yoxdur. Lakin Agile mühitində çox rəğbət qazanmış scrum.org portalı deyir ki: «Agile Coach əsas dəyərlərə fokuslanaraq (Agile Manifesto və digər yanaşmaların) problemlərin həlli üçün istiqamət göstərir».

Ümumiyyətlə tendensiya onu göstərir ki, Agile ilə təzə-təzə maraqlanmağa başlayan insanlar Scrum yanaşması ilə başlayırlar (framework). Orada isə ənənəvi olaraq Scrum Master (oxu SM) rolu var. Əsas çaşdıran faktorlardan biri isə orada SM-in öhdəliklərindən əmələ gəlir: «Scrum is responsible to remove impediments». Yəni SM problemlərin aradan qaldırmasına cavabdehdir. Avtomatik olaraq bunu oxumuş və eşitmiş əməkdaşlar düşünürlər ki, «Aha, deməli bizdə nə problemlər varsa ötürürük SM-ə və ya Agile Coach-a, o həll edər. Bu onun işidir!». Hər bir Agile Coach-un vəzifəsi ondan ibarətdir ki, komandaya belə məqamlarda düzgün yol göstərsin. Agile Coach problemləri həll etmir… Agile Coach komandaya düzgün istiqamət verməklə, nəticədə Squad və ya şirkət Liderlərinin özlərinin həlli tapması üçün şərait yaradır. Aşağıda göstərilən şəkil Liderin və ya Coach-ın transformasiyaya uğraması istiqamətində ilk addımlarını atan əməkdaşlara qarşı səhv yanaşmanı izah edir.

Soruşa bilərsiniz ki, bəs Agile Coach olmaq üçün hansı biliklərə, təcrübəyə sahib olmaq lazımdır? Hansı sertifikatlar almaq lazımdır?

İnandırım ki, bunların hamısı işin maksimum 20-30%-dir…Bəlkə ondan da az. Məsələn, bizim şirkətdə hal-hazırda 6 Agile Coach çalışır. Hərənin öz işgüzar yolu və kompetensiyası var. Kimisi keçmiş Layihə rəhbəri, kimisi keçmiş Məhsul Sahibi və Strategiya planlaması mütəxəssisi, kimisi ümumiyyətlə Sistem Proqramçısı olaraq başlayıb və illər ötdükcə Agile Coach kimi fəaliyyət göstərməyə başlayıb. Özümü götürsəm, karyeramı bank sektorunda, Kredit və Sənədli Əməliyyatlardan başlayıb, Marketinq-ə kimi yol keçmişəm. Hamımız müxtəlif təbiətli insanlar, iş mühitində müxtəlif yanaşmalardan istifadə edən həmkarlarıq. Lakin bizi birləşdirən bir amil var -> Qoruduğumuz dəyərlər. Biz istənilən formada informasiyanı çatdıra bilərik, amma hər şey əsas dəyərlərimiz ətrafında fırlanır. Məhz bunu da Agile Coach komandaya, təşkilata daimi olaraq və aramsız şəkildə çatdırmalıdır.

Agile sözü əslində dəbli və marketinq yönümlü bir sözdür. Bir sıra insanlarda qıcıq və skepsis yaradır. Lakin onun çoxdan istifadə olunan və bəşəriyyət tərəfindən qəbul olunmuş sinonimi var -> «Sağlam düşüncə».

Əgər biz vurğuladığımız dəyərlərə əsasən hərəkət etsək, özünüzü «Mən Agile-əm» ləqəbini verib-verməməyinizdən asılı olmayaraq, bu kifayət edər. Agile Manifestonun əsas dəyərlərindən savayı vurğulamaq istədiyim məqamlar və açar yanaşmalar:

  • Müştəriyönümlü
  • Adaptiv
  • Fərziyyə (hipoteza) yoxlayan
  • Təşəbbüskar
  • Əməkdaşlığa açıq
  • Bilikləri paylaşan
  • Cəsarətli
  • Hörmət bəstələyən
  • Sözünün üstündə duran
  • Səhv etməkdən qorxmayan
  • Feedback və konstruktiv tənqidə açıq olan
  • Özünə inanan
  • Dəyər gətirməyi ani gəlirdən üstün tutan
  • Dürüst
  • Yeniliklərdən qorxmayan

Əslində bu siyahı daha uzun ola bilərdi, amma bu dəfəlik kifayət edər. Hər birinizə özünüzü bu meyarlara əsasən test etməyi və özünüzə dürüstcəsinə cavab verməyi təklif edirəm. Nəticədə hansı məqamların sizdə öz əksini tapdığını, hansıların isə hələ işlənməli olduğunu anlayacaqsınız. İstəsəniz sonra nəticələri mənimlə paylaşa bilərsiniz 🙂

Agile Coach-un əsas funksiyası da daimi olaraq dəyərlər üzərindən keçmək və suallar vasitəsilə insanları yönləndirməkdir. Dünya praktikasında bir sıra səhv yanaşmalar çoxdan özünə termin adı qazanıb (Anti Pattern) və olduqca geniş sayda məqalələr də dərc olunub. Məsələn ən çox yayılan sindromlardan biri Scrum Mom sindromudur harada ki:

  • Bütün problemlər şəxsən Coach tərəfindən qarşılanır
  • Komanda aidiyyati tərəflərdən gələn mənfi (konstruktiv) feedback-lərdən qorunur
  • Coach komandanın şəxsi katibi rolunu oynayır və komandadan gələn tapşırıqları yerinə yetirir (təqdimat hazırlamaq, əvəzinə iş görmək və s.)
  • Komanda bütün potensial səhvlərdən qorunur. Hətta onlara kömək edəcək səhvlərdən belə
  • Komanda stresdən qorunur və istənilən çağırışlara qarşıdır -> Bu günümüzə min şükür!
  • Coach tərəfindən komandada favoritlər seçilir və onlara daha çox diqqət ayrılır.
  • Coach, sinəsinə vurub «Düzdür/Səhvdir fərq etməz. Mənim komandamdır — əcəb edirlər!» deyir

Bu dəfə məqalə olduqca iri alındı, lakin bu cari məsələ olduqca çətin və çaşdırıcıdır deyə üzərindən keçməyi özümə borc bildim. Nəticədə Agile Coach kimdir və əsas funksiyaları nədir sualına birlikdə cavab verməyə çalışaq — «Agile Coach əsas dəyərlərə fokuslanaraq, düzgün suallar və yanaşmalar vasitəsilə insanların problemlərini özləri tərəfindən həll etmələri üçün istiqamət göstərən birisidir». Əgər siz daha yaxşı və səlist tərifi təqdim edə bilərsinizsə çəkinmədən mənimlə paylaşın. Gələcək azərbaycandilli resurslar üçün bu məqam çox vacibdir.

Ardı var…

 

Yusif Qasımov, Agile Coach

 

Онлайн-трансляция шоу Ubisoft Forward состоится 12 июля
Samsung Galaxy M41 smartfonunu təqdim edəcək
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!