spot_img
28 марта, 2024
ДомойSoftwareИгры«Assassin’s Creed: Başlanğıcdan başlanğıca»

«Assassin’s Creed: Başlanğıcdan başlanğıca»

Oktyabrın 27-də Ubisoft şirkətinin hazırladığı «Assassin’s Creed: Origins» oyunu satışa çıxıb. Bu hadisə tarix, azad tədqiqat, eləcə də açıq döyüş və qətl səhnələri ilə dolu bu oyunun pərəstişkarının ikiillik intizarına son qoyub. 2007-ci ildə yaradılan franşiz, son on il ərzində özündə təkçə 10 əsas və 10-dan çox ikinci dərəcəli hissədən ibarət oyunu birləşdirməyib. Bu oyunun hekayəsi əsasında 11 qrafik roman, 9 roman, nəhayət, 2016-cı ildə işıq üzü görən, lakin pərəstişkarları dərindən məyus edən film də çəkilib. Assassin’s Creed franşizinin on illiyi, eləcə də yeni oyunun çıxışı münasibətilə franşizin tarixçəsinə və əhatə etdiyi tarixi dövrlərə nəzər salıb, eyni zamanda təzəliklə çıxmış hissənin təklif etdiyi yeniliklər haqda söz açmaq yerinə düşər.

Franşiz haqda

Ubisoft şirkəti bu oyunu ilk dəfə 2007-ci ildə tərtib edib. Daha öncə də qeyd edildiyi kimi, Ubisoft şirkətinin hazırladığı oyun silsiləsinin 10 əsas hissəsi var və onlar PlayStation 3, PlayStation 4, Xbox 360, Xbox One, Wii U, Microsoft Windows və OS X platformaları üçün nəzərdə tutulublar. Bir çox ikinci dərəcəli oyunlar Nintendo DS, PlayStation Portable, PlayStation Vita, iOS, HP webOS, Android, Nokia Symbian və Windows Phone platformalarında oynanılır.

Tənqidçilər tərəfindən müsbət qarşılanan oyun silsiləsi 2016-cı ilin sentyabrında 100 milyon nüsxə satışı ilə Ubisoftun ən uğurlu, bütün zamanların ən yaxşı satılan franşizinə çevrilərək, şirkətin gəlirlərinin 25%-ni təşkil etmişdir.

Əsas ideyanın mənbəyi Sloveniyalı yazıçı Vladimir Bartolun «Alamut» əsəridir. Oyun əfsanəvi klassikaya çevrilmiş, ancaq artıq dəbdən düşməyə başlayan «Prince of Persia» əsasında hazırlanıb. Döyüş-macəra janrında yaradılman oyunun hadisələri açıq dünya rejimində cərəyan edir. Bədii-tarixi süjet üzərində qurulan oyunda real hadisələr və tarixi şəxsiyyətlər böyük ustalıqla əks etdirilib.

Assassin’s Creed iki gizli təriqət, Asasinlər (Assassins) və Məbəd Cəngavərləri ordeni (Templars) arasında əsrlər boyu davam edən münaqişənin hekayəsidir. Asasinlər dünyada sülh və azadlıq uğrunda mübarizə aparırlar, Tampliyerlər olaraq da adlandırılan Məbəd Cəngavərləri isə dünyada sülhün yalnız bəşəriyyət üzərində güclü nəzarətin olduğu halda mümkün olacağına inanırlar.

Açıq dünya rejimində oyunçu əsas hekayə missiyalarını, habelə ikinci dərəcəli missiya və qətl tapşırıqlarını yerinə yetirməklə yanaşı, eləcə də təsadüfən yaranan vəziyyətlərdə iştirak etmək və yaxud müəyyən məkanı müəyyən dövrdə maksimal dəqiqliklə əks etdirən yaşayış məntəqələri, digər əraziləri sərbəstçə tədqiq edə bilər. Bu, oyunçuya hərəkət azadlığı verir. O, monoton oyundan darıxmamaq üçün müxtəlif qətl müqavilələri bağlaya, ov və ya sərvət axtarışı ilə məşğul ola bilər. Oyunçu heyranlıq doğuran özünəməxsus dünyanın bir parçası olub ondan həzz ala bilər. Son illərin oyunları saatlarca davam edən darıxdırıcı proses əsnasında, məşğul olmağa bir iş axtarmağın nə olduğunu hiss etdirməmə ilə yadda qalırlar. Ən pis halda, küçə davasına girişmək olar.

Ubisoft rəsmilərindən müxtəlif zamanlarda alınan bəyanatlara görə, Assassin’s Creed franşizi altında tam 35 oyun hazırlana bilər. 2011-ci ildə şirkət fraşiz pərəstişkarları arasında növbəti Assassin’s Creed oyununda hansı dövrü və məkanı görmək istədiklərini öyrənmək məqsədilə sorğu keçirib. Sorğunun nəticəsi isə belə olub: Orta əsrlərdə Çin imperiyası, Viktorian İngiltərəsi, qədim Misir, Amerikanın Portuqal və/və ya İspaniya tərəfindən fəth edilməsi, Amerika inqilabı, Rusiya inqilabı, feodal Yaponiya və nəhayət, qədim Roma.

İndiyədək franşiz oyunları Xaç Yürüşləri dövründəki Yaxın Şərq, Renessans dövrünün Florensiyası, İnqilab dövrünün Parisi, Viktorian Londonu, Amerika İnqilabı dövründəki Nyu-Orlean və Boston, 18-ci əsrin Karib adaları, habelə digər zaman və məkanları əhatə edib.

2013-cü ildə oyunun rejissoru Aşraf İsmail bildirib ki, franşizin sonu artıq yazılıb: «Sonun harada və necə olacağı haqda düşüncələrimiz artıq tam formalaşıb. Ancaq təbii ki, İv (Ubisoft şirkətinin rəhbəri İv Giymo (Yves Guillemot) — müəllif) demişkən, biz ildə bir oyun buraxırıq. Vəziyyətdən və pərəstişkarların istəklərindən asılı olaraq, özümüzə bu məhz sxemə uyğun şəraiti yaratmışıq. Amma franşizin sonu artıq var».

Sonsuz mübarizə

Asasinlərin prototipi olan Həşəşin və ya Nizarilər haqqında məlumatlar 1-ci Xaç Yürüşündən əvvəlki dövrə, təxminən 1094-cü ilki müasir İranın şimalında yerləşən Ələmut qalasına işarə edir. Din tarixinin çox dərinliklərinə qərq olmadan deyə bilərik ki, əsası Həsən Sabah tərəfindən Ələmut qalasında qoyulmuş təriqət ciddi ierarxiyaya malik olub. Təriqətin qüdrətini və maraqlarını qoruyan ən güclü silah isə amansız Asasinlər — fədailər olub.

Təriqət öncə müasir İranın, daha sonra isə müasir Suriyanın ərazisində zəbt etdiyi və qurduğu bir sıra dağ qalalarında mərkəzləşir. Xaç yürüşlərinin başlaması ilə, Sabah təkçə müsəlman rəqibləri ilə deyil, həm də xristianlarla mübarizə aparmağa başlayır.

Ordusu olmayan təriqətin əsas mübarizə üsulu düşmənlərin başçılarının qətl edilməsidir. İki əsrdən çox mövcud olduğu dövrdə, Nizarilər iki xəlif, bir çox sultan və vəzirlə yanaşı, bir sıra Xaç Yürüşü liderlərini də qətlə yetirib.

Nizarilərin sonu Monqolların gəlişi ilə başlayıb. 1275-ci ildə bütün qalalarını və qüvvəsini itirən təriqətin bəzi üzvləri 13-cü əsrin sonunadək Macar krallarının Asasinləri kimi fəaliyyət göstəriblər.

O zamanın tarixi arxivlərindən göründüyü kimi, təriqətin düşmənləri onlara Həşəşin, yəni «həşiş yeyənlər» adı veriblər. Mübahisəli fərziyəyə görə, həşəşin sözü qərbləşdirilərək Asasin mənası daşıyan «assassin» formasına dönüb, daha sonra isə digər qərb dillərinə də uyğunlaşdırılıb.

Məbəd Cəngavərləri Ordeni vəya Tampliyerlər 1119-cu ildə yaradılıb və 1129-cu ildən etibarən aktiv fəaliyyətinə başlayıb. Katolik hərbi ordeni olan Tampliyerlər 1139-cu ildə Roma Papası tərəfindən tanınıb.

Başlanqıcda ordenin əsas fəaliyyət istiqaməti xeyriyyəçilik olsa da, Tampliyerlərin hərbi qolu Xaç Yürüşlərinin ən güclü döyüşçülərinə çevrildi. Xaç Yürüşləri vaxtı böyük güc, çoxlu sayda canlı qüvvə və maddi sərvət toplayan orden, Avropanın müxtəlif yerlərində, habelə Müqəddəs Torpaqlarda fortifikativ binalar tikməyə, bütün xristian dünyasının maliyyə sisteminə nəzarət etməyə, bank sisteminə bənzər mexanizmlər tətbiq etməyə başladı.

Məsələn, əgər siz Müqəddəs Torpağı «qəddar və kafir» müsəlmanlardan azad etməyə tələsən fransız baronusunuzsa, Tampliyer ordeninin Lotaringiya yerli qərargahına gedib pulunuzu onlara verərək əvəzində qəbz alırsınız. Beləliklə, siz yolda ikən nə quldurların hücumu, nə də bütün pulunuzu özünüzlə daşıyıb, bir-iki şüşə içkidən sonra sərxoş olub bir axşamda xərcləmək riskindən qorxmursunuz. Yol boyu yerləşən qərargahlara müraciət edərək qəbzi təqdim edərək siz lazımi məbləğdə vəsait ilə qalan pulunuzu göstərən yeni qəbz alırsınız. Əgər sağ qalsanız, Qüdsdən qayıdarkən topladığınız bütün qənimətləri eyni qaydada təhvil verib yerinə qəbz alır, evinizə çatanda isə həmin qəbzi verib əvəzində malınızı geri alırsınız.

Tampliyerlər o qədər güclü maliyyəçi idilər ki, Fransız kralı IV Filip ölkənin maliyyəsini onlara həvalə etmişdi. Xaç Yürüşlərinin sonunda Tampliyerlərə gərək qalmayınca onlara olan dəstək azaldı. Zəifləməyə başlayan Ordenə küllü miqadarda borcu olan IV Filip, vəziyyətdən istifadə edərək, ordeni məhv etməyə başladı. Nəhayət, 1312-ci ildə Roma Papası kral Filipin təzyiqi ilə ordeni ləğv etdi.

Buna baxmayaraq, orden ətrafında olan sirlər və onlardan sonra qalan əfsanələr, spekulativ fikirlər hələ də yaşayır.

Ubisoft eyni tarixi dövrdə, təxminən eyni ərazidə fəaliyyət göstərən, ancaq birbaşa açıq münaqişəyə girməmiş iki qrup arasında uzunəsrlik mübarizə hekayəsi yaradıb. Bunun üçün, təbii ki, hər iki qrupun mövcudluğunu da əbədiləşdirmək lazım olub. Məhz buna görə hər iki orden dini elementlərini itirib, aralarındakı qarşıdurma isə fəlsəfi və etik müstəviyə keçirilib.

Tarix oyunun xidmətində

«Assassin’s Creed» franşizinin xüsusiyyəti real hadisələri və tarixi şəxsiyyətləri oyunun süjet xəttinə daxil etməyi bacarmasından ibarətdir. Ubisoft bunu necə edə bilib?

Məqsəd, oyunçunu maraqli və dinamik tarixi dövrə qərq etməkdən ibarətdir. Oyunçunun istədiyi isə, oyun və seçim azadlığıdır. Artıq məlum olan, araşdırılmış və qalın cildlərə həkk olunmuş tarix oyunçuya yalnız çox kiçik bir hərəkət azadlığı verə bilər. Ubisoft, oyunçuya həm tarixin bir parçası olmaq, onu yazanlardan birinə çevrilmək, həm də ona bunu nisbətən böyük qərarvermə azadlığı şəraitində təqdim etmək üçün tarixin ən maraqlı hissəsindən – onun gizli tərəfindən istifadə edib. Gizli tarixdən bir çox kitab, kino və seriallarda istifadə edilib. Hər hansı tarixi hadisənin, istər Fransa inqilabı, istərsə də dinozavrların yoxolması, ya da əhramların tikilməsi olsun, arxasında gizli, heçkəsin bilmədiyi, yalnız bir qrup agah olanlara məlum olan hekayə, hadisə və məna var. Bu bilikləri əldə etməyin yeganə yolu isə, məlumatları hissə-hissə toplayaraq həqiqəti əks etdirən tam bir təsəvvür yaratmaqdan ibarətdir.

Bu yanaşma oyun üçün çox uyğundur, çünki oyunçunu sirləri açmağa və oyun dünyasını kəşf etməyə təşviq edir. Belə ki, oyunçu ona tanış olan reallıq əsasında formalaşdırılmış, lakin əslində tərtibatçıların tələblərinə cavab verən, özündə cürbəcür təhlükələri, araşdırmaları və əyləncələri ehtiva edən, insanı özünə qərq edən və oyunçu tərəfindən kəşf edilməsini gözləyən başqa bir dünyaya düşür.

«Qan yaddaşı»

Oyun prinsipi «Animus» (lat. — «ruh», red.) üzərində qurulub. Hekayəyə əsasən, bu cihaz insanın genetik yaddaşı, yəni əcdadlarının xatirələrini oxuya bilir. Bu konsept, keçmişin müxtəlif dövrlərini tədqiq etmək imkanını verir.

Franşizin ilk üç oyununun baş qəhramanı əcdadları Asasinlər təriqətinə aid olan amerikalı Desmond Maylzdır (Desmond Miles). «Assassin’s Creed»in ilk hissəsində o, «Abstergo» adlı korporasiya tərəfindən genetik yaddaşından istifadə edilmək məqsədilə qaçırılır. Beləliklə, «Assasin’s Creed I» bizi üçüncü Xaç Yürüşü dövrünün Qüdsünə aparır və Altair İbn al-Ahad ilə tanış edir. Daha sonra məlum olur ki, «Abstergo» şirkəti Asasinlərin sirlərini öyrənməyə çalışan Tampliyerlərə aiddir.

Sonrakı iki oyun da Desmondun genetik yaddaşı üzərində qurulub. «Assassin’s Creed II»də qədim sivilizasiyadan qalan və sehrli qüvvəyə malik olan «Cənnət Alması» axtarışından sonra, oyun Maylzın başqa bir asasin əcdadı, Renessans dövrünün Florensiyasında yaşayan gənc zadəgan Ezio Auditorenin xatirələri əsasında qurulur. Oyunun süjeti Florensiya və Romada cərəyan edir.

«Assassin’s Creed: Brotherhood» oyununun hekayəsi ikinci hissəni davam etdirir. Ezio, Cesare Borgia tərəfindən zəbt edilmiş Romada, Nikolo Makiavelli və yerli asasinlərin köməyi ilə şəhəri azad etməyə çalışır.

«Assassin’s Creed: Revelation» hissəsi 16-cı əsrin əvvəlində Konstantinopola gedən Ezionun hekayəsi əsasında qurulub. Bundan başqa, oyun əsnasında Altair və Asasinlər təriqəti haqda əlavə məlumatlar aşkar olunur.

Beşinci, amma məlum olmayan səbəbdən «Assassin’s Creed III» adlanan oyunun hadisələri 18-ci əsrin ikinci yarısında, Şimali Amerikada cərəyan verir. Bu dəfə əcdad asasin, yarı-qızıldərili Konnor Kenueyin yaddaşına daxil olacaq. Desmond Maylzın hekayəsini başa vuran bu hissədə həm də 2012-ci ildə baş verəcəyi deyilən dünyanın axırı mövzusuna toxunulur.

Rəsmi olaraq dördüncü hissə kimi təqdim olunan «Assassin’s Creed IV: Black Flag» hadisələri 1715-1722-ci illərdə, piratçılığın qızıl dövründə Karib adalarında baş verir. Konnorun babası, Edvard Kenuey bizə İngiltərə və İspaniya gəmilərini soymağın təssüratlarını yaşadır. Müasir dövrdə isə, Maylzın genetik hafizəsindən istifadə edən «Abstergo» ilə oyun testeri qismində işə götürülən sıravi şəxs üzərindən əlaqə yaradırıq. Bu oyun əsas süjet xəttinin gizli və səssiz qətletmələrindən fərqli olaraq gurultulu dəniz quldurluğu oyunu olsa da, həqiqətən çox əyləncəlidir.

Sonrakı hissələrdə, xoşbəxtlikdən, Ubisoft oyunları nömrələməkdən əl çəkdi. «Assassin’s Creed Unity» oyunu Parisdə, Fransa İnqilabı zamanı, Arno Dorian adlı asasin haqdadır.

«Assassin’s Creed Rogue», tampliyerlərə qoşulan sabiq asasin Şay Patrik Kormakın hekayəsindən bəhs edir. Oyunun süjet xətti Assassin’s Creed IV: Black Flag-in davamında yer alır və Assassin’s Creed III oyunun prikveli sayılır. Oyunun son missiyası isə Unity hissəsinin proloqudur. Hadisələr Şimali Amerikada, 1752-1761-ci illərdə, «Yeddiillik müharibə» dövründə cərəyan edir.

Bir il sonra çıxan «Assassin’s Creed Syndicate» oyunu bizi XIX əsrin Viktorian Londonuna, əkiz bacı-qardaş asasinlər Ceykob və İvi Frayın xatirələrinə aparır. Onlar, tampliyerlər tərəfindən idarə edilən Londonu geri almaq üçün şəhərin gizli kriminal dairələrini birləşdirməyə çalışırlar. Paytaxtın azad edilməsi yolunda onlara Çarlz Dikkens, Çarlz Darvin, Karl Marks və başqa tarixi şəxsiyyətlər kömək edirlər.

2015-ci ildə çıxan Syndicate-dən sonra Ubisoft «ildə bir oyun» strategiyasından imtina edərək, daha böyük bir hissə üzərində işləməyə başladı. Beləliklə, 2017-ci il oktyabrın 27-də Assassin’s Creed Origins işıq üzü gördü. Oyunun xüsusiyyətlərinə bir az sonra qayıdacağıq.

Beləliklə, əbədi davam edən Asasin-Tampliyer qarşıdurması müasir dövrə daşınaraq elmi fantastika elementlərindən istifadə edərək oyunu çoxmüstəvili hekayəyə çevirdi.

«Bu sujet xətti qəliz görünə bilər, ancaq o, çox həyəcanlandırıcıdır», — Ubisoftun rəhbəti Giyom Delaland (Guillaume Delalande) bildirir və əlavə edir ki, «Ubisoft tarixin bütün «boz» hissələrindən istifadə edərək Asasinlər və Tampliyerlər arasındakı qarşıdurmanı bura daxil edir. Demək olar ki, inandırıcı alınır».

«Assassin’s Creed»in koordinatoru və tarixçi Maksim Düran da (Maxime Duran) bunu təsdiq edir: «Biz tarixin kiçik çatmazlıqlarından faydalanırıq. Məsələn, Tüilri Sarayının (Palais des Tuileries) fəth edildikdə, Napoleon Bonapart orada idi. Tarix, bunun səbəbini izah etmir, biz isə edə bilirik».

«İlahların axtarışında»

Den Braunun «Da Vinçi Kodu»ndakı kimi, hekayə tarixi-mistik yönə üz tutur və oyun boyu bizi qədim bir sivilizasiyadan qalmış müxtəlif sehrli artefaktların axtarışı ilə qarşılaşdırır. «İlk» adlanan sivilizasiyaya aid varlıqlar yer üzündə insandan əvvəl yaşayıb və sehrlə elmin birləşməsi əsaslı texnologiyalara malik olublar. Görəsən, onlar tanrı olub ya yadplanetli? Bunun cavabı hələ ki, məlum deyil.

Əfsanəyə görə, bəşəriyyətdən daha çox inkişaf edən həmin sivilizasiya insanı işçi qüvvəsi kimi istifadə etmək üçün yaradıb. Daha sonra isə, Həvva adlı biri tərəfindən qaldırılan üsyan nəticəsində bu sivilizasiya məğlub olaraq məhv olub.

Məhz onlar «Eden fraqmentləri» deyilən texnologiyanı kəşf edərək, insan iradəsini idarə edə bilirdilər. Bəşəriyyəti özünə tabe tutaraq sülhü bərqərar etmək istəyən Tampliyerlər bu texnologiyanın axtarışındadırlar, Asasinlər isə bunun qarşısını almağa çalışırlar. Bu, «Ubisoft»a süjeti genişləndirərək, «Eden fraqmentləri»ni dini əfsanələrə, qədim yunan mifologiyasına, misir ilahlarına, qədim Roma tanrılarına və sair sujet xəttlərinə inteqrasiya etməyə imkan yaradır.

«Xeyir və şərdən üstün»

«Ubisoft»un özünün də təsdiq etdiyi kimi, hekayədə «yaxşı» və «pis» ayırımı yoxdur. Asasinlər də, Tampliyerlər də öz əqidə və düşüncələrinə görə daha yaxşı dünya qurmaq uğrunda mübarizə aparırlar.

Hər iki təriqət öz məqsədlərinə çatmaq üçün qətl və oğurluq törətmək, bir sözlə, lazım gəldikdə hər şey etməyə hazırdırlar. Oyun ümumiyyətlə bütün etik normaları fəlsəfi əqidələrə qurban verir.

«Assassin’s Creed Origins»

Adətən hər il yeni oyunla səhnəyə çıxan Fransız şirkəti 2016-cı ilin əvvəlində ənənəni pozacağını elan etmişdi. «Geri çəkilib [oyunu] yenidən düşünmək, «Assassin’s Creed»dən gözlənilən unikal, unudulmaz oyun təcrübəsinə uyğun nəticə əldə etmək, oyun mexanizmlərini inkişaf etdirmək» üçün möhlət götürdüyü əlavə bir ildə yeni texnologiyaların verdiyi imkanlardan daha yaxşı istifadə etməyə çalışdı.

Oyunun dördüncü,«Qara Bayraq» (Black Flag) hissəsini hazırlayan heyət Origins hissəsi üzərində də işləyib deyə, gözləntilər çox yüksək idi, çünki «Qara Bayraq» vizual gözəllik və əyləncə baxımından franşizin ən çox sevilən hissələrindən biri idi. Onun yeganə mənfi tərəfi əsas hekayə xəttinin zəif olmasıdır ki, iki il vaxtı olan komandadan daha tutarlı bir iş gözləmək məntiqə uyğun idi.

Artıq tam əminliklə demək olar ki, oyun həm vizual, həm süjet, həm də əsas və ikinci dərəcəli missiyalar baxımından yeni mərhələ təşkil edir və indiyədək buraxılmış ən dolğun oyundur. «Origins» həm də bir sıra radikal dəyişiklik və yeniliklər gətirib.

Bu dəfə oyunun süjeti qədim Misirdə, Ellinizm dövründə baş verir. Eramızdan əvvəl 48-ci ildə başlayan hekayə oğlunun qətlinə görə qisas almaq istəyən Bayekin taleyindən bəhs edir. Baş qəhraman (oynanıla bilən yeganə qəhraman deyil) Bayek faciəvi hadisələrə qədər Firounun cangüdəni və polis funksiyasını yerinə yetirən elit alaya — mecaylara aid idi.

Oyun Asasinlər təriqətinin yaranması və Tampliyerlərlə qarşıdurmanın başlanması kimi vacib elementlərə işıq tutsa da, Aşraf İsmailin komandası kiçik məsələləri də yaddan çıxarmayıb. «Origins» bizə asasinlərin xüsusi bacarığı olan «qartal gözü» (eagle vision) adının hardan gəlməsi və gizli xəncər üçün asasinlərin hər əldə bir barmağının kəsilməsi ənənəsinin mənbəyini də açıqlayır.

Bayekin şəxsi qisası əsas süjetin tamamı deyil. Süjet xətti şəxsi qisasın daha böyük, daha əhəmiyyətli bir mübarizəyə çevrilməsi ilə, ölkə miqyaslı siyasi hadisələrə təsir, Misirdən kənara səfərlərlə, Kleopatra ilə görüşlə zənginləşəcək. Oyun bizə Kleopatranın hakimiyyətə gəlməsi və hakimiyyətdə olmasının ilk dövrü zamanı Memfis və İsgəndəriyyə kimi böyük şəhərlərdə olmağa imkan verəcək.

Daha əvvəl də deyildi kimi, «Origins»i hazırlayan komanda «Black Flag» hissəsi üzərində işləyən heyətdir. Buna görə də, biz Misirdə bir az Karib hövzəsinin nostaljisini yaşayacağıq. «Black Flag»də Mayya amuletlərini topladığımız kimi, bu dəfə səmadakı bürcləri tapacağıq. Müxtəlif çətinlik dərəcəsi olan olan dəniz fortlarını zəbt etdiyimiz kimi, burada da müxtəlif çətinlik səviyyəli hərbi qalaları neytrallaşdıracağıq.

Bütün digər hissələr kimi, bu oyun da tampliyerlərin müasir dövrdəki korporativ aləti «Abstergo»suz keçmir. Süjetin müasir dövrdə baş verən hissəsində «Animus» layihəsinə qoşulmaq istəyən Leyla, Misirə gəlib Bayekin mumiyasını taparaq, birinci asasinin genetik yaddaşına yolu onun mumiyasına birbaşa qoşulmaqla tapır. Beləliklə o, «Abstergo»ya işə düzəlməyə çalışır. Təbii ki, bu süjet xətti bəhs etdiyimizdən daha qəlizdir.

Rahatlıqla demək olar ki, «Origins» qəliz, dolğun, həyəcan dolu süjet xəttinə malikdir və bu zəngin məzmunu gözəl, detallarına qədər düşünülmüş qrafik formada təqdim etməyi bacarıb.

Yeniliklər

İlk olaraq onu deyək ki, «Assassin’s Creed Origins», əvvəlki «Assassin’s Creed» oyunları kimi sadəcə döyüş-macəra oyunu deyil, «The Witcher 3» tipli açıq dünyalı rol oyunu (RPG) formasındadır. Doğrudur, öncəki hissələrdə də rol oyunu elementləri vardı, ancaq «Origins»də bu, personajın təcrübə qazanaraq yüksəldiyi səviyyələr, bacarıq ağacı, çoxtərəfli talan (looting) və kraftinq (crafting) kimi elementlərin birlikdə tətbiq edilməsi ilə oyunun məntiqində böyük dəyişikliyə gətirib.

Beləliklə, oyunda irəliləməyiniz, ləvazimatlarınızın keyfiyyəti kimi faktorlardan asılıdır. Missiyalar artıq məsləhət edilən səviyyə ilə işarələnir və əgər səviyyənizdən çox yuxarı missiyaya başlasanız və ya özünüzdən səviyyə baxımından çox yuxarı əsgər və ya quldurla döyüşə çıxsanız, zərbələriniz çox zəif, sizə vurulan zərər isə çox güclü olacaq. Oyun elə qurulub ki, əsas hekayə üzrə irəliləmək üçün, siz ikinci dərəcəli tapşırıqları yerinə yetirərək təcrübə toplamalı və vəhşi heyvanları ovlayaraq ləvazimatlarınızı yaxşılaşdırmaq üçün komponentlər yığmalı olacaqsınız.

Ekrandan həm də mini-xəritə yoxa çıxıb. Onu «Skyrim» və «Horizon: Zero Down» oyunlarını yada salan taktik xəritə əvəz edib.

Protaqonistimiz Bayek isə qılınc oynatmaqdan başqa, həm də ox atacaq, özü ilə qalxan gəzdirəcək. Qalxan bizə düşmənin zərbələrindən və oxlarından qoruyacaq. Oyunda adi ox atmaq, güclü və dəqiq snayper — oxlarından istifadə etmək və, ən gözəli, bir neçə oxu birdən ataraq özünü «Üzüklərin hökmdarı»ndakı Leqolas hiss etmək olacaq.

Ubisoft bizə bir az da Batman olmaq imkanı verəcək, çünki bir çox missiyalarda biz «Batman: Arkham Knight» tipli istintaq və araşdırmalar aparmalı olacağıq.

Franşizin açıq dünya və iri şəhərləri ilə məşhurlaşması bu cəhətdən gözləntiləri çox yüksək saxlayırdı. Oyunun rejissoru Aşraf İsmail Ubisoft blogunda yazırdı ki, oyunu düşünəndə heyət dərk edirdi ki, söhbət Misirdən gedirsə, bu, bütün ölkəni əhatə etməlidir; oyunu bir böyük şəhər və ya boş ərazilərlə əlaqələndirilmiş bir neçə şəhərlə məhdudlaşdırmaq olmaz. «Origins»in xəritəsi «Black Flag» xəritəsi boyda düşünülmüşdü, ancaq bir fərq var idi: bu dəfə xəritənin böyük qismində dəniz deyil, quru olacaq. Bu, xəritəni müxtəlif regionlar, yaşayış yerlərinin sıxlığı baxımından çətinləşdirsə də, komanda işin öhdəsindən uğurla gəlib.

Təbii ki, belə böyük məsafələri qət etmək üçün Bayekə hərəkət vasitəsi lazım olacaq. Misir deyəndə, dəvə düşünməmək olmaz. Odur ki, Bayek at da, dəvə də minəcək. Oyunun daxili bazarından siz hətta təkbuynuz da ala bilərsiniz.

Əslində, oyunun yenilikləri haqda hələ bir neçə səhifə də danışmaq olardı. Qısaca, yeniliklər bunlardan ibarətdir: Bayekin əhliləşdirilmiş qartalı var; öldürülmüş asasinlərə rast gəlsəniz onların qisasını ala biləcəksiniz; oyunun yüklənmə vaxtında rəqəmsal sahədə ox atıb qılınc oynada biləcəksiniz; Misirin gözəl mənzərələrində çəkdiyiniz şəkillər digər oyunçuların xəritəsində görsənəcək.

Dekabr oyuna nə gətirir

«Assassin’s Creed Origins» mütəmadi yüklənə biləcək yeniliklər və yeni məzmunla (DLC) tamamlanacaq. Belə ki, artıq dekabr ayında təqdim olunan «DLC»-ə bir neçə vacib yeniliklər gətirilib.

Asan yol sevməyənlər üçün oyuna «Kabus» adlanan yeni çətinlik rejimi əlavə edilib. Bundan başqa, oyunçuların istəyi ilə, zəif qalan düşmənlərin səviyyəsi Bayekin səviyyəsinə uyğunlaşdırılacaq.

Səssiz qətletmələrdən yorulanlar üçün isə, ordu (Horde) rejimi təqdim edilir. Bu rejimdə siz arena döyüşlərində iştirak edərək ardı kəsilmək bilməyən düşmən həmlələrinə davam gətirməli olacaqsınız. Oyunun müəllifləri ordu rejimini 32-ci səviyyədən sonra oynamağı tövsiyyə edirlər.

Bundan başqa, «DLC»də yeni «sürpriz kvest» də nəzərdə tutulub.

Noyabr ayında baş tutan «Tanrıların sınağı» (Trial of Gods) virtual tədbirində, oyunçular Misir tanrıları ilə döyüşə bildilər. Dekabrda üçlüyün son tanrısı, döyüş tanrısının özü Sekmet də Anubis ilə Sobekə qoşulacaq. Beləliklə, oyunçular hər üç tanrı ilə döyüşmək imkanını qazanacaqlar.

Tarixin xidmətində

Kim deyir ki, Assassin’s Creed yalnız qan, qətl və ölüm dolu oyundur? Origins hissəsinin rəsmi çıxışından bir ay əvvəl, sentyabrın 27-də Londonun «British Museum»-ində keçirilən mətbuat konfransında Ubisoft oyunun tamamilə fərqli versiyasını təqdim etdi.

2018-ci illin əvvəllində çıxması planlaşdırılan Discovery Tour Assassin’s Creed Ancient Egypt, təhsil məqsədli Origins oyununun pasifik turizm modifikasiyasıdır. Bu, uşaqlarına və ya tələbələrinə qədim Misiri haha əyləncəli, interaktiv və dərin təsirli yolla kəşf etdirmək istəyən valideyn və müəllimlər üçün mükəmməl vasitədir. «Bu modifikasiya bütün düşmənləri və hekayə xəttini ortadan qaldırır, yerdə ancaq dünya qalır», — franşizin kreativ direktoru Jan Gedon (Jean Guesdon) belə izah edir.

Bu layihə üçün Ubisoft ilyarım ərzində Şerbruk və Sorbon universitetlərinin misirşünasları ilə yaxından əməkdaşlıq edib. Konsultantlar oyunda olan bütün şəhərlərə o vaxtların həyat tərzi və mədəniyyətini əks etdirən izahlı gəzinti hazırlamaqla yanaşı, həm də, məsələn, mumiyalaşdırmadan öncə keçirilən ritualı əks etdirən video-çarxlar əlavə ediblər.

Konfrans zamanı Ubisoftun daha bir genişmiqyaslı layihəsi təqdim olunub. Google-la birlikdə hazırlanan «The Hieroglyphes Initiative» platforması misirşünaslara machine learning vasitəsilə ieroqlifləri öyrənmək və gələcəkdə qədim misir mətnlərini daha tez tərcümə etməyə kömək edəcək.

Yekun

Yekunda demək olar ki, «Assassin’s Creed Origins» öz dolğunluğu, məzmun zənginliyi, qrafik gözəlliyi və tarixi dəqiqliyi ilə franşizə yeni nəfəs gətirib. Oyunun daha çətin, rəqiblərin əvvəlkindən daha ağıllı olması, süjet xəttinin çoxşahəliyi və açıq dünyanın özünə qərqetmə gücü oyun təcrübəsini tam yeni səviyyəyə qaldırıb.

Təbii ki, heç bir oyun mükəmməl deyil və «Origins» də öz növbəsində istisna təşkil etmir. Ancaq bir şeyi əminliklə demək olar ki, bu oyunu oynamaqla keçirəcəyiniz saatlar ərzində bir an olsun darıxmayacaqsınız.

Sizə xoş əyləncələr diləyirik. Bunu da yaddan çıxarmayın: «heçnə gerçək deyil, hər şeyə icazə var».

 

əllif: Musa Pünhan, Brüssel (Belçika Krallığı)

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,056ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -