ГлавнаяТелекомСтатьиİnformasiya Texnologiyalarının inkişafında pay sahibi olan qadınlar

İnformasiya Texnologiyalarının inkişafında pay sahibi olan qadınlar

İnformasiya Texnologiyaları dünyasında bir çox mahir tərtibatçı, bacarıqlı ixtiraçı, tədqiqatçı və görkəmli xadimlər var. Bunların əksəriyyətini kişilər təşkil edir. Lakin IT sahəsinə dəyəribiçilməz töhfələr verən qadın mütəxəssis və alim də az deyil. Bu gün sizi dəqiq elmlərdə görkəmli nailiyyətlərə imza atan məşhur xanımlarla tanış edəcəyik. Əminliklə deyə bilərik ki, bu qadınların İnformasiya Texnologiyaları sahəsinin inkişafında əvəzedilməz xidmətləri var.

Karen Spark Cons

Karen Spark Cons (Karen Spärck Jones) informatika sahəsində fəaliyyət göstərən britaniyalı alimdir. O, istifadəçilərə kompüterdə düstur və kod yerinə adi sözlər vasitəsilə işləmək imkanı yaradan texnologiya tərtib edib. Bu inqilabi nailiyyət arama motorlarının inkişafında mühüm rol oynamışdır.

Spark Cons 26 avqust 1935-ci ildə İngiltərənin Yorkşir qraflığında, Haddersfild şəhərində anadan olub. Atası, Ouen Cons kimya müəllimi idi. Norvec əsilli anası İda Spark isə İngiltərəyə İkinci Dünya müharibəsindən sonra köçüb. Cons Haddersfild orta məktəbini bitirdikdən sonra Kembricdəki Girton Kolecinə daxil olub. 1953-cü ildən 1956-cı ilədək o, tarix və fəlsəfə üzrə təhsil alıb. Universitetdən məzun olduqdan sonra Cons bir müddət müəllim kimi işləyib, sonra isə informatika sahəsinə keçib.

Mənim şüarım budur: «informatika kişilərin ümidinə tərk edilməyəcək qədər mühümdür». Zənnimcə, qadınlar tərtibat prosesinə fərqli baxış gətirir və yeni perspektivlər açırlar. Onlar daha dərindən düşünür və texniki səhvləri şablon üzrə həll etməyə çalışmırlar. Məncə, informatika olduqca maraqlı elmdir. Mövcud olmayan şeyləri yaratmağa çalışırsan.

Spark Cons ötən əsrin 50-ci illərinin sonlarından başlayaraq Kembric universitetinin dil araşdırma şöbəsində işləyirdi. Onun vəzifəsi nitq və şifahi məlumatın emalı üçün tezaurusdan istifadə üzərində cəmləşdirilmişdi. Müəyyən sözlər və onların sinonimləri perfokartlara köçürülürdü, bundan sonra isə çoxmənalı terminlərin daha mürəkkəb fərqləndirmə üslubları tərtib olunurdu. Misal üçün, «fermer sahəni belləyir» cümləsindəki «sahə» sözünün əslində bir çox mənası var. Lakin, bura bütün sözlərə aid edilə biləcək bir baza konsepsiyası əlavə edildikdə (örnək: «kənd təsərrüfatı» həm «fermer», həm «sahə», həm də «belləmək» sözlərini birləşdirir), onda proqram «torpaq» sözünü seçəcək.

1974-cü ildə Spark Cons Kembricin kompüter laboratoriyasına keçir və 2002-ci ilədək burada informatika üzrə professor vəzifəsini tutur. Ömrünün son illərini o, qeyd etdiyimiz istiqamətlərin süni intellektin əsas blok-sxemlərinə inteqrasiya etməyə həsr etdi . Spark Consun elmə verdiyi ən önəmli töhfələrdən biri 1972-ci ildə öz məqaləsində təqdim etdiyi sözün sənəd üzrə tezliyi (IDF: inverse document frequency) konsepsiyası oldu. Bu gün IDF bir çox axtarış sistemlərində, əsasən də TF-IDF sxemasının tərkibində istifadə olunur. Spark Cons Britaniya akademiyasının üzvü (2000-2002-ci illərdə vitse-prezidenti), habelə AAAI (Süni intellekt inkişafı assosiasiyası), ECCAI (Avropa süni intellekt assosiasiyası) üzvü olub. !994-cü ildə Kompüter dilçiliyi Assosiasiyasının prezidenti vəzifəsini tutub.

Karen Spark Cons 2007-ci il aprelin 4-də Kembricşir qraflığının Uillingem şəhərində vəfat edib.

Erna Şnayder Huver

Erna Şnayder Huver (Erna Schneider Hoover) Amerikalı riyaziyyatçı, çağrıların kompüter üsulu keçirtmə üslubunun ixtiraçısıdır.

Erna Huver 1926-cı il iyunun 19-da ABŞ-ın Nyu-Cersi ştatında, İqvinqtonda dünyaya gəlib. Ailəsi Saut-Oranjda yaşayırdı. Atası diş həkimi, anası müəllimə idi. Uşaqlıqdan Erna elmə meyilli idi. Gənc yaşında o, Mariya Sklodovski-Kürinin həyatı haqqında oxuyub həmin dövrdəki qadınların cəmiyyətdəki və elmdəki roluna olan münasibətə baxmayaraq, bu dahi qadını örnək alıb uğur qazana biləcəyini anladı.

Huver Uellsli Kolecində (Wellesley College) klassik və Orta Əsr fəlsəfəsi, habelə tarix üzrə təhsil alıb. 1948-ci ildə o, fərqlənmə ilə bakalavr diplomunu, 1951-ci ildə isə Yeil universitetində (Yale University) fəlsəfə və riyaziyyatın əsasları doktoru adını aldı. Huver Suortmor kolecinin professoru kimi (Swarthmore College) burada 1951-1954-cü illərdə məntiq və fəlsəfə dərsləri verib. Orada işləyərkən o, Uilson Çarlz Huverlə evləndi. Sonrakı illərdə əri ona karyera məqsədlərini həyata keçirməkdə böyük dəstək verdi.

1954-cü ildə Huver Bell Labs laboratoriyasında işə dəvət olundu. Daxili təlim proqramı informatika üzrə magistr dərəcəsinin ekvivalenti idi. Kommutasiya sistemləri elektrondan kompüter texnologiyalarına əsaslananlara keçid almaqda idi. Lakin, qısa müddət ərzində zənglərin sayı zirvə vuranda və qaynar xətt mərkəzi zəng selində boğulanda bütün sistem çökürdü. Huver daxil olan zəng verilənlərini sistemi sahbana salmaq üçün qaynar xəttin idarə olunmasında rəmzi məntiq və əks əlaqə nəzəriyyəsi sahəsindəki biliklərindən istifadə etdi. Öncəliyi kommutatora giriş və çıxışlarla bağlı proseslərə vermək məqsədilə o, müxtəlif vaxtlarda daxil olan zənglərin tezliyini monitorinq etmək üçün kompüter elektron üsulunu tətbiq etdi. Uçot aparılması və hesab kəsilməsi kimi proseslər ikinci növbədə aparılmağa başladı. Nəticədə kompüter avtomatik olaraq qaynar xətt mərkəzinin zəng qəbuletmə sürətini tənzimləyərək onun həddindən çox yüklənməsinin qarşısını ala bildi.

Huver «Feedback Control Monitor for Stored Program Data Processing System» (proqramların qeydə alınmış verilənlərini email etmək üçün əks əlaqəli nəzarət sistemi) ixtirası üçün 1971-ci ilin noyabrında 3,623,007 saylı patent aldı. Bu, proqram təminatlarına verilən patentlərin ilklərindən biri idi. Həmin ixtiradan sonra Huver Bells Labs texniki şöbəsinin ilk qadın rəhbəri oldu. 1987-ci ildə o, əməliyyat dəstək şöbəsinə başçılıq etməyə başladı. Huverin ixtirasının prinsipi indiyədək telekommunikasiya avadanlığında tətbiq olunur. Sonralar Huver radiolokasiya mərkəzinin Safeguard qitələrarası ballistik raketə qarşı sistem proqramı üzrə araşırmalarla məşğul idi. Onun şöbəsi süni intellektin yaradılması prosesində istifadə olunan üsullar, habelə böyük həcmli verilən bazaları və proqram təminatı üzərində işləyirdi.

Huver Bells Labs-da tam 32 il işlədikdən sonra 1987 ildə pensiyaya ayrıldı. Eyni zamanda o, Nyu Cersinin bir sıra ali məktəblərinin şura üzvü kimi fəaliyyət göstərirdi. 2008-ci ildə bu dahi alim qadının adı Milli ixtiraçıları şərəf zalına yazıldı.

Cudi Malloy

Əsl adı Cudit Ann Pauers, daha çox Cudi Malloy (Judy Malloy) kimi tanınan yazıçı və özüöyrənmə proqramçı yazdığı romanlar üçün verilənlər bazası ixtira etdi.

Cudi 9 yanvar 1942-ci ildə Bostonda anadan olub. Uşaqlıq illəri Massaçusetsdə keçib. Anası jurnalist və qəzet redaktoru, atası isə mahal prokurorunun köməkçisi, daha sonra da Ştat prokurorunun baş köməkçisi olub. в Бостоне. Hələ kiçik yaşında Malloy təsviri incəsənətə meyl göstərirdi və tezliklə rəssamlıq və cizgi ilə məşğul olmağa başladı. Midlberi kolecini ədəbiyyat üzrə dərəcə ilə bitirdikdən sonra Malloy Konqres kitabxanasında işə düzəldi, sonra isə NASA-nın podradçısı Ball Brothers Research Corporation müəssisəsində texniki informasiya üzrə mütəxəssis vəzifəsinə alındı. Burada Malloy texniki kitabxanaya başçılıq edir və araşdırmalar üçün relevant məzmunların müəyyənləşdirilməsi məqsədilə FORTRAN proqramlaşdırma dili üzrə oxuyurdu.

1970-ci illərdə Malloy İst-Bey-ə köçdü. Məhz burada o, söz və rəsmlərlə hərəkətə keçirilən və ardıcıl olmayan bədii kitab seriyasını tərtib etdi. 1986-cı ildə Cudi «Rocer Dayı» («Uncle Roger») adlı ilk hipermətnli novator hekayəsini yazıb proqramlaşdırdı. Bu, süjeti oxucunun istəyinə görə keçidlərdən istifadə etməklə dəyişən ilk onlayn hiper ədəbiyyat layihəsi idi. «Rocer dayı» açar sözə görə axtarışdan istifadə edən, üç hipermətnli «narrabase» (narrative database) hissədən ibarət idi.

Radiya Coy Perlman

Proqram təminatı tərtibatçısı və mühəndis olan Radiya Coy Perlman şəbəkə körpüləri üçün fundamental sayılan STP protokolunu ixtira edib.

Radiya 1 yanvar 1951-ci ildə Portsmutta adanad olub (ABŞ-ın Virciniya şatatı). Valideynləri ABŞ dövlət məmurları idi: atası radar mühəndisi, anası isə proqramçı.

«The Atlantic»-ə verdiyi müsahibədən: «Məktəbli yaşımda həmişə tapmacalar, riyaziyyat dərsləri və dəqiq elmlərə daha çox maraq göstərirdim. Bu fənlər mənə olduqca asan və əyləncəli gəlirdi. Lakin mən «mühəndis» stereotipinə heç də uyğun gəlmirdim. Mən heç vaxt əşyaları hissələrə sökmürdüm, ya da ayrı-ayrı hissələrdən kompüter quraşdırmırdım. Üstəlik, incəsənətlə maraqlanırdım. Klassik musiqini sevirdim, fortepiano və valtron çalırdım, hekayə və şeir yazırdım. Proqramlama işini yalnız ikinci kursa keçəndə, fizika dərsi keçməyə başlayanda öyrənməyə başladım».

Massaçusets Texnologiya universitetində (Massachusetts Institute of Technology) oxuyarkən Perlman MIT süni intellekt laboratoriyasının LOGO Lab layihəsi çərçivəsində Undergraduate Research Opportunities proqramına qoşuldu. Burada o, LOGO təlim robotexnika dilinin uşaqlar üçün nəzərdə tutulmuş versiyasını tərtib etdi və adını TORTIS qoydu. 1974-1976-cı illərdə keçirilən tədqiqətlarda ən balacası 3 yaş yarımlıq olan kiçik uşaqlar Turtle (Tısbağa) təlim robotunu proqramlaşdırmaqla məşğul idilər. Radiya kiçik uşaqlara kompüter proqramlama işini öyrətmək sahəsində pioner hesab olunurdu.

Perlman əvvəlcə bakalavr, sonra isə MIT magistri və kompüter elmləri doktoru adına layiq görülüb. Onun doktorluq dissertasiyası şəbəkəyə qəsdən vurulan ziyan şəraitində marşrutizasiya məsələsinə həsr olunub. Perlman daha çox STP kanal protokolunun ixtiraçısı kimi tanınmışdır. Həmin protokolun əsas qayəsi bir və ya daha çox şəbəkə körpüsü olan Ethernet şəbəkəsinin topologiyasında ilmələrin aradan qaldırılmasıdır. STP komutatorların tam birləşməsi üçün həmin an artıq olan qoşulmaları bloklaşdırır.

Alimin digər nailiyyətlərindən marşrutizasiya üçün müəyyən tip protokol yaradan «link state routing» adlı konsepsiyanın hazırlanmasını qeyd etmək lazımdır. DECnet üçün hazırlanan, Beynəlxalq Standartizasiya təşkilatı tərəfindən təsdiq edilib IS-IS adlandırılan həmin protokol müasir internet provayderlər arasında ən çox üstünlük verilən marşrutizasiya protokoludur. Perlman eləcə də IS-IS-dən freymvork ağacı kimi istifadə edərək internet paketlərini göndərməyə imkan yaradan TRILL («Transparent Interconnection of Lots of Links») protokolu üzərində çalışıb. Perlmanın kibertəhlükəsizlik sahəsində də gördüyü mühüm işlər var.

İxtira və poeziyadan qalan asudə vaxtlarında Perlman texniki məzmunlu kitablar yazır. O, şəbəkə qoşulması üzrə dərsliyin müəllifi və şəbəkə təhlükəsizliyi üzrə dərsliyin həmmüəllifidir. Perlman 100-dən artıq patentin sahibidir.

Perlmana bir çoxları «İnternetin anası» deyir, lakin onun özü bu barədə belə fikirdədir: «İnterneti mən yaratmamışam. Üstəlik, bu titul doktorluq dərəcəsi kimi qazana biləcəyiniz bir şey deyil. Düşünmürəm ki, ümumdünya şəbəkəsi tək bir insanın səyləri sayəsində yaradılıb. İnternet bir çox insanın əməyinin bəhrəsidir».

Evelin Boyd Qranvil

Evelin Boyd Qranvil riyaziyyat üzrə elmlər doktoru dərəcəsini əldə etmiş ilk afroamerikalı qadınlardan biridir.

Evelin 1924-cü il mayın 1-də Vaşinqtonda dünyaya göz açıb. Hələ kiçik yaşda ikən onun fəhləliklə məşğul olan atası ailəni tərk etdi. Balaca Evelini çap və qravüra bürosunda işləyən anası və xalası böyüdüb başa çatdırdı. Xalasının maddi dəstəyi və Phi Delta Kappa-dan aldığı kiçik tələbə təqaüdü ilə gənc qız 1941-ci ildə Smit kolecinin fizika riyaziyyat bölməsinə daxil oldu. Lakin Evelin həm də astronomiyaya ciddi maraq göstərirdi. Kolecin tələbələrə dəstək cəmiyyətinin təqdim etdiyi təqaüdlə Evelin Boyd Yeil universitetinə daxil oldu və orada Eynar Hillin rəhbərliyi altında 1949-cu ilədək funksional analiz üzrə təhsil aldı.

1950-ci ildə o, Fisk universitetində müəllimlik etməyə başladı, lakin iki il sonra həmin elmi ocağı tərk edib Vaşinqtondakı Diamond Ordnance Fuze laboratoriyasına keçdi. Burada 4 il işlədikdən sonra isə Evelin Boyd IBM şirkətində kompüter proqramçısı kimi işləməyə başladı.

«Qadınların riyaziyyatda uğur əldə etmələrinin mümkün olmadığı haqda eşidəndə mən həmişə gülürəm».

1960-cı ildə Qamaliel Mansfildlə evləndikdən sonra (1967-ci ildə ayrıldılar) o, əri ilə birlikdə Los-Ancelesə köçüb burada Kosmik Texnologiyalar laboratoriyasında (U.S. Space Technology Laboratories) işə düzəldi. 1962-ci ildə o, fəaliyyətini North American Aviation Space and Information Systems Division adlı kosmik araşdırmalar təşkilatında davam etdirdi. Burada Evelin Boys Apollon proqramı çərçivəsində müxtəlif layihələrdə iştirak edir, trayektoriya hesablamaları ilə və rəqəmsal kompüter üslublarını tərtib etməklə məşğul idi. IBM-də aparılan yenidənqurma prosesi ilə əlaqədar Boyd iş yerini dəyişməli oldu. 1967-ci ildə o, Kaliforniya universitetinin professoru oldu. 1984-1988-ci illərdə Texas universitetində dərs deyib və burada ibtidai məktəblər üçün riyaziyyat üzrə proqramlar hazırlayıb.

Hedi Lamarr

Hedviq Yeva Maria Kisler, daha çox Hedi Lamarr adı ilə tanınan avstriyalı, daha sonra isə amerikalı kinoaktrisa və ixtiraçıdır.

Hedi Lamarr 1914-cü il noyabrın 9-da Avstriyanın paytaxtı Vyanada anadan olub. Bankir atasının əsli Lemberqdən, pianoçu anasının əsli isə Budapeştdən idi. 16 yaşında Hedi teatr məktəbinə daxil olub aktrisa olmaq üçün evini tərk etdi. Çəkildiyi ilk kinolent «Gecə klubunda qız» adlı alman filmi olub (1930-cu il). Hedi cəmi 55 Hollivud filmində çəkilib. Amma kim deyə bilərdi ki, kinoaktrisa karyerasının zirvəsində ikən o, birdən-birə, nə elmi, nə də texniki biliyi olmadan, ixtiraçılıqla məşğul olmağa başlayacaq?

İlk təkanı ona 1940-cı il avqustun 17-də batan təxliyə gəmisi haqda xəbər oldu. Gəminin göyərtəsindəki 77 uşaq həlak oldu. Lamarr hərbi texnikaya öz töhfəsini torpedalar üçün radiomaneələrə davamlı idarəetmə sistemini yaratmaqla verdi. Maraqlıdır ki, bu sistemi o, 4 əllə fortepiano çalmadan ilhamlanaraq yaradıb. Hedi qərara qəldi ki, siqnalın ilk hissəsini bir tezlikdə göndərdikdən sonra növbəti hissəsi digər tezlikdə verilsin. Tezliklərin dəyişməsini ötürücü ilə qəbuledici arasında uyğunlaşdırandan sonra proses bir növ 4 əllə piano çalmağa bənzəyirdi, beləliklə də siqnal radiomaneələrə qarşı sabit qala bilərdi. Lamarr ötürücü ilə qəbuledici arasında uyğunlaşdırma prosesini də mexaniki pianonun valına bənzər alətlə həll etdi. Xronometrə bağlı, üzərində mil olan belə val torpedanın içinə asanlıqla yerləşirdi. Üstəlik, Hedinin fikrincə, bu sistem müxtəlif tezliklərdən istifadə edə bilərdi -piano dillərinin sayı qədər.

İxtira həmmüəlliflərinin arasında keçən söhbətlərdən eləcə də xüsusi məlumat ötürmə sistemi ortaya çıxdı. Sistemin adı «iş tezliyinin psevdotəsadüfi dəyişməsi» (Frequency Hopping Spread Spectrum) olaraq qeydə alındı. Həmin texnologiya ABŞ hərbi donanmasına təqdim olundu. Lakin onu yalnız 1962-ci ildə Karib böhranı zamanı həyata keçirmək nəsib oldu. Patent hazırki CDMA, Wi-Fi və Bluetooth kimi geniş spektrli rabitə texnologiyalarında tətbiq olunur. Lakin Hedi Lamarrın ixtirasının ən parlaq tətbiqolunma örnəyi GSM mobil telefon rabitəsidir.

Həyatının son illərini keçmiş kino ulduzu öz adının icazəsiz istifadəsi ilə bağlı sonu görünməyən məhkəmə prosesinə həsr etməli oldu. Belə ki, 1998-ci ildə aktrisanın portreti Corel Draw qrafik vektor proqramının rəmzi kimi istifadə olunanda Hedi Corel korporasiyasını məhkəməyə verdi. Lakin məhkəmə onun iddiasını rədd etdi.

Sofi Uilson

Sofi Uilson britaniyalı ixtiraçı, ticarət baxımından uğurlu olan ilk personal kompüter tərtibatçısı, ARM prosessorunu yaradan şəxsdir. Uilson 1957-ci ildə İngiltərənin Lids şəhərində anadan olub. O, Kembric universitetində informatika üzrə təhsil alıb. MK14-nın ilk versiyasından ilhamlanan Sofi 6502 prosessorlu mikrokompüter tərtib edib. 1978-ci ildə Uilson Acorn Computers Ltd şirkətinə qoşuldu və burada müxtəlif kompüter sistemlərinin tərtib olunması ilə məşğul olmağa başladı. Onun yaratdığı modeldən Kris Karri və Herman Hauzer Acorn yaratdıqları mikrokompüterdə istifadə etdilər.

80-ci illərdə Uilson Acorn Atom məişət kompüterinin BASIC proqramlama dilini təkmilləşdirərək Acorn Proton üçün yaxşılaşdırılmış versiya hazırladı. Bu mikrokompüter əsasında Acorn ilə British Broadcasting Corporation (BBC) arasında müqavilə bağlandı. Bir həftədən də az müddət ərzində Uilson, plata, komponentlər və proqram təminatı daxil olmaqla tam bir sistem yarada bildi. Proton artıq BBC Micro, onun BASIC-i isə BBC BASIC oldu.

1983-cü ildə Uilson ilk RISC prosessorları (Reduced instruction set computing) və Acorn RISC Machine (ARM) üçün təlimatlar hazırlamağağa başladı. Bunun fərqləndirici xüsusiyyətləri arasında dövrün İntel prosessorlarına nisbətən daha az sayda tranzistorun olması və mikrokordun olmaması idi. Belə sadələşdirilmiş arxitektura sayəsində ARM prosessorları öz rəqiblərindən həm daha yüksək sürət, həm daha az enerji istehlakı ilə fərqlənirdi. Uilson eləcə də Acorn qurğuları üçün Acorn Replay videoarxitektorunu yaradıb.

Sofi Uilson Eidos plc texnologiya və oyun şirkətinin idarə heyətinin üzvü, ARM Ltd məsləhətçisi (1990-cı ildə Acorn-dan ayrılandan sonra). 1999-cu ildə Acorn Computers şirkəti dağılandan sonra o, Element 14 şirkətini təsis etdi və burada FirePath prosessorunu yaratdı. Bugün həmin prosessor genişzolaqlı şəbəkələrdə və TV qəbuledicilərdə istifadə olunur. 2001-ci ildə Element 14 450 milyon dollara Broadcom şirkətinə satıldı.

Создан «Консорциум экспорта азербайджанских инноваций»
Первый серийный автомобиль Tesla Model 3 сошел с конвейера
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!