ГлавнаяSoftwareИгрыEpizodları Azərbaycanda baş verən məşhur video oyunlar

Epizodları Azərbaycanda baş verən məşhur video oyunlar

Texnologiya dünyasının ayrılmaz parçalarından biri video oyunlardır. IT bazarın ən gəlirli sahələrindən hesab edilən video oyunlar seqmenti son 15 ildə öz populyarlığını istiqrarlı şəkildə qoruyub saxlamağı bacarıb. Buna sübut olaraq qeyd edə bilərik ki, SuperData analitik şirkəti tərəfindən interaktiv əyləncə bazarı üzrə tərtib edilmiş maliyyə statistikasına əsasən, 2017-ci ildə oyun sənayesinin gəlirləri 91 milyard dollara çatıb. Bunlardan 41 milyard dollar mobil oyunların, 36 milyard dollar isə kompüter (PC) oyunlarının payına düşür.

Artıq heç kimdə şübhə qalmayıb ki, video oyunlara olan marağın yaşla əlaqəsi yoxdur. Kiçikdən böyüyə, hərkəs texnologiyanın bu nailiyyətindən həzz almağı sevir. Düzdür, yerli istehsal olunmuş oyunlar, demək olar ki, yox səviyyəsindədir, olanları isə populyar deyil. Lakin, Azərbaycanla əlaqəsi olan bir neçə məşhur video oyun var ki, bu da bizi fərəhləndirməyə bilməz. Təbii ki, epizodları Azərbaycanın müxtəlif bölgələrində və paytaxt Bakının küçələrində baş verən oyunlar bizdə xüsusi maraq oyadır. Bu məqaləmizdə həmin oyunlar haqqında söhbət açacaq, bu oyunların hansı epizodlarının Azərbaycanla əlaqəli olduğu barədə danışacağıq.

F1 2016 — Baku City Circuit (Formula 1 sürət yarışı oyunu)

Bu, Codemasters Birmingham studiyası tərəfindən Formula 1 sürət yarışlarına həsr olunmuş yeddinci oyundur. Formula 1 yarışlarının 2016-cı il mövsümünə aid olan F1 2016 oyunu həmin ilin avqust ayında təqdim olunmuşdu.

Yaxşı xatırlayırsınız ki, 2016-cı ildə Avropa Qran-Prisi Bakıda keçirildi. Bakı küçələrində keçirilən sürət yarışında Scuderia Ferrari, Mercedes AMG Petronas, RedBull Racing kimi komandalardan Sebastyan Vettel, Kimi Reykonen, Lyuis Hamilton, Niko Rozberq, Maks Verstappen, Daniyel Rikkiardo kimi məşhur F1 pilotları iştirak etdilər. Bakı trassası “Baku City Circuit” (Bakı Şəhər Halqası) adlandırıldı. Bu trassa həm komanda rəhbərləri, həm də sürücülər tərəfindən böyük maraqla qarşılanmış və bəyənilmişdi. Trassanın şəhər içində yerləşməsi, tarixi bina, abidələr və müasir tikililərlə əhatə olunması Avropa Qran-Prisinin Bakı mərhələsini yadda qalan edən amillərdən biri oldu. Bakı Şəhər Halqası ən sürətli düz xətt yola malik trassalardan biri hesab olunur. Belə ki, trassanın müəyyən bir hissəsində sürəti 350 km/saat-dək çatdırmaq mümkündür.

Uzunluğu 6 kilometr olan, saat əqrəbinin əksinə hərəkətli trassa memar Hermann Tilke tərəfindən dizayn edilmişdir. Azadlıq meydanından başlayan yol Hökümət Evinin ətrafında dönərək Qız qalasına çatmaq üçün İçərişəhər ətrafında 2.2 km-lik (1.4 mi) dairə çızır və Neftçilər prospektinə çıxaraq başlanğıc nöqtəsinə geri qayıdır.

Avropa Qran-Prisinin Codemasters Birmingham studiyası tərəfindən F1 sürət yarışları oyun xəttinin növbəti versiyasına əlavə ediləcəyi sual altında olmasına baxmayaraq, bu, baş verdi. Beləliklə, F1 2016-ya Bakı Şəhər Halqasında keçirilən Avropa Qran-Prisi əlavə olundu. Oyunun təqdim olunmasından öncə bir neçə tanıtma videosu tərtib edilmişdi. Həmin videolarda məşhur pilotlar Jolyon Palmer və Daniyel Rikkiardo Bakı Şəhər Halqasında sınaq dövrələri etmişdilər.

Oyununun təqdimatı 2016-cı ilin avqust ayında baş tutdu. Yarışın ilk dəfə Azərbaycanın paytaxtında keçirildiyi üçün təqdimat mərasimlərində və posterlərində «Welcome to Baku» yazısı yer aldı.

Call of Duty 4: Modern Warfare

«Infinity Ward» studiyası və Activision şirkəti tərəfindən birinci şəxs — şuter janrında yaradılmış Call of Duty seriyasının 4-cüsü olan bu multiplatformalı video oyunun epizodlarından biri Şimali Azərbaycanda baş verir. Oyunun süjeti digər Call of Duty seriyalarından fərqlidir. Belə ki, Call of Duty 4 İkinci dünya müharibəsindən yox, 2011-ci ildə baş verən hadisələrdən bəhs edir. Oyunçu ABŞ əsgərləri və Böyük Britaniya xüsüsi təyinatlıları ilə oynayır. Oyunun süjeti Rusiyanı, Ukraynanı, Azərbaycanı və Yaxın Şərqi əhatə edir.

Rusiyalı millətçi İmran Zaxayev ölkəsində hakimiyyəti ələ keçirmək və Rusiya ərazilərini böyütmək istəyindədir. Onun bu istəyinə ABŞ-ın maneçilik törədəcəyini yaxşı başa düşən Zaxayev əvvəlcə Yaxın Şərqdə hərbi çevriliş təşkil edir. Zaxayevin planına əsasən, ABŞ ordusunun onun müttəfiqi Xalid-Əl-Əsəd tərəfindən Yaxın Şərqdə həyata keçirilən hərbi çevrilişə başı qarışan vaxt o, fürsətdən istifadə edərək, Rusiyada hakimiyyəti ələ keçirəcək.

Call of Duty serialının Modern Warfare hissəsində SAS döyüşçüsü serjant Soup Maktavişin, SAS (Special Air Service — Böyük Britaniya Silahlı Qüvvələrinin Xüsüsi Təyinatlılar bölməsi) kapitanı Praysın və ABŞ dəniz piyadası Pol Ceksonun başına gələn hadisələrdən bəhs edilir. Bu hissədə Azərbaycanla bağlı iki missiya yer alır. «Konspirativ mənzil» və «İstilik» adlı missiyalarda baş qəhrəman Soup MakTavişin desant dəstəsinin tərkibində Azərbaycanın Şimalına gedir.

Oyun epizodlarından birində Yaxın Şərqdə baş verənlər haqqında məlumat alan SAS alayı Əl-Əsədin gizləndiyi yeri tapır. Həmin o vaxt hərbçilərin arasında belə bir dialoq keçir:

— Ser, biz Əl-Əsədin gizləndiyi yeri tapdıq. O, Azərbaycanın Şimalında konspirativ mənzildə gizlənir.

— Aydındır. Əsgərlərə deyin, hazırlansınlar. Azərbaycana gedirik.

— Ser, deyilənə görə, ilin bu fəslində ora çox gözəldi.

Azərbaycana desant olunan SAS döyüşçüləri separatçıların yerli əhalini qırdığını görür. Bir-bir evlərə hücüm edərək onlar sonunda Əl-Əsədi tapırlar. Lakin dindirilmə vaxtı Əsəd öldürülür. Bundan sonra SAS döyüşçüləri hələ də Azərbaycanda qalırlar və separatçıların gəldiklərini eşidib müdafiə mövqei tuturlar. 10 dəqiqə sürən ağır döyüşdən sonra onlar təxliyə edilirlər.

Battlefield 4 — Fishing in Baku (Bakıda balıq ovu)

Birinci şəxs — şuter janrında hazırlanmış bu məşhur çoxplatformalı kompüter oyununun da epizodlarından biri Azərbaycanda, Bakıda cərəyan edir. Oyun Battlefield seriyasının on birinci hissəsidir. Oyun DICE və Electronic Arts şirkəti tərəfindən PlayStation 3, PlayStation 4, Xbox 360 və Xbox One platformaları üçün hazırlanmışdır. DICE şirkəti sözügedən oyunun hazır olduğunu rəsmi olaraq 2012-ci il iyulun 17-də bildirmişdi. İlk anons isə 27 mart 2013-cü il tarixdə verildi.

Hadisələr 2020-ci ildə (Battlefield 3 hadisələrindən 6 il sonra) cərəyan edir. Oyunçu serjant Daniyel Reker (Daniel Recker) obrazında çıxış edir. Sözügedən obraz Tombstone (Qəbirdaşı) kimi məlum olan qrupun serjantı, elit bölmənin döyüşçüsüdür. Dəstə ilk tapşırığında Bakıya yola düşür və bu şəhərə qaçan Rusiyalı generaldan vacib məlumatlar əldə edir. Qrup məlumatları əldə etdikdən sonra, gücü onlardan üstün olan Rusiya ordu su ilə döyüşdən geri çəkilməli olur. «Valkiriyaya» qayıtdıqdan sonra məlumatlar dəqiqləşdirilir və ən qorxulu şübhələr öz təsdiqini tapır: sən demə, Çində admiral Çanq (Chang) hərbi çevriliş təşkil etməyi planlaşdırır və Rusiya onun bu əməlini dəstəkləməyə hazırdır.

Məşhur Battlefield 4 oyunun ilk missiyası Bakıya, Azərbaycana həsr olunub və ona Fishing in Baku (Bakıda balıq ovu) adı verilib. İlk səhnədə baş qəhrəman binanın içində hərəkət edərkən divarda Azərbaycan bayrağı görünür. Ümumilikdə isə, missiyada İçərişəhər, Flame Towers, Teleqüllə, neft qurğuları və şəhərimizin digər məşhur yerlərinə rast gəlmək mümkündür.

Grand Theft Auto V

Grand Theft Auto V Rockstar North studuyasının hazırladığı və Rockstar Games şirkətinin nəşr etdiyi açıq dünya tipli hərəkət-macəra oyunudur. Oyun 17 sentyabr 2013-cü il tarixdə PlayStation 3 və Xbox 360 üçün buraxılıb. Oyunun inkişaf etdirilmiş versiyası 18 noyabr 2014-cü ildə PlayStation 4 və Xbox One üçün, 14 aprel 2015-ci ildə isə Microsoft Windows üçün buraxılıb.

Bu məşhur oyunun da missiyalarından biri Azərbaycanla bağlıdır. Lakin, təəssüf ki, bu dəfə Azərbaycanla bağlı epizodlar ölkəmiz haqqında neqativ təəssürat yaradır. Belə bir vəziyyət cəmiyyətdə o qədər tənqid edilib, bir çox xəbər portalları və jurnalistlər oyunla bağlı elə kəskin etiraz ediblər ki, bir ara hətta Grand Theft Auto V oyununun Azərbaycanda qadağan olunması barədə məsələ qaldırılmışdı.

Bəs məsələ nədədir?

Oyunun missiyalarından birində FTB (Federal Təhlükəsizlik Bürosu) agenti bildirir ki, Azərbaycan səfirliyində çox təhlükəli bir casus işləyir. Əgər həmin casus aradan götürülməzsə, o, ABŞ-da tezliklə ciddi problemlər yarada bilər. Həmin casusun kimliyi məlum olmasa da, onu yaxından tanıyan biri var. Oyunun baş qəhrəmanı Mayklın qarşısına məhz həmin şəxsi tapmaq vəzifəsi qoyulur. Mayklın və başqalarının köməyilə o, tapılıb həbs edilir. Onun adı «Mister K» kimi verilib. Məlum olur ki, «Mister K» (Kərimov) əvvəllər də CIA (Mərkəzi Kəşfiyyat İdarəsi) tərəfindən sorğuya cəlb olunub. Bu dəfə Kərimov Mayklın, Trevorun və FTB-nin əlinə keçir. İşgəncəyə məruz qalan Kərimov bildiyi bütün hər şeyi deyir. O, qeyd edir ki, həmin casus etnik azərbaycanlıdır və adı Tahir Cavandır.

Maykl həmin casusu vurmaq üçün snayper tüfəngindən istifadə edəcək. Lakin onun xarici görünüşünün necə olduğunu bilmir. Maykl ilə birlikdə işləyən agent ona bildirir ki, Tahir Cavan saqqallı, solaxaydır və gündə iki qutu siqaret çəkir.

Oyundan dialoq:

Azərbaycanlı Tahir Cavan Qərb Şossesi tərəfdə, Çumaşda yaşayır.

— Orta yaşlı, orta boylu, xarici görkəmindən Azərbaycanlıya oxşayır?

— Mən haradan bilim ki, azərbaycanlı hansıdır? Bəlkə, elə sən özün də Azərbaycanlısan?

— Saqqallıdır, gündə iki qutu Redwood siqareti çəkir.

AzDimension — Sonuncu Dalan

Nəhayət, yerli istehsal olan oyunlar haqqında da söz açmalıyıq. Azdimension qrupu kompüter oyunları yaradan gənc komandadır. Komandanın heyətində dizaynerlər və proqramistlər var.

2014-cü ildə keçirilən 1-ci Azərbaycan Beynəlxalq Müdafiə Sənayəsi Sərgisində (ADEX) iştirak edən «AzDimension» qrupu öz stendində «Last Deadlock» (Sonuncu Dalan) adlı yeni oyunun posterini yerləşdirmişdi.

Sonuncu dalan oyununda qorxu elementləri, eləcə də həm birinci şəxs (əsas qəhramanın öz gözü ilə), həm üçüncü şəxs görünüşlü «ekşn» janrında oyundur. Oyun Azərbaycanın paytaxtı Bakıda, əsasən İçərişəhər ərazisində cərəyan edir. Oyunun baş qəhrəmanı alim qədim zərdüştilərin kitabı Avestada yazılanlara istinadən onun bir missiyasının olduğuna inanır. Bunun üçün o, müəyyən simvolları çözməli, İçərişəhər küçələrində gizlədilmiş artefatkları tapmalıdır. Bu yolda o, qədim Azərbaycan əfsanələrindən, mifologiya və nagıllarından qaynaqlanan tanış olan şər qüvvələrlə mübarizə aparmalıdır. Oyunda məhəbbət və satqınlıq, peşimançılıq və mərhəmət mövzularına toxunulub. Qız qalası, Şirvanşahlar sarayı, Karvan-saray, məscidlər, habelə Xəzər dənizi sularına qərq olan Səbail qalasında cərəyan edən oyunda soyuq silahlarla yanaşı, muasir odlu silahlar və qədim dövrə aid olan silahlar baş qəhrəmanın ixtiyarında olacaq.

Azdimension — «İşğal altında: Ağdam» və «İşğal altında: Şuşa»

«İşğal Altında: Ağdam» Azərbaycanın ilk kompüter oyunu «İşğal Altında: Şuşa»-nın müəllifi AzDimension şirkətinin şuter janrında yaratdığı növbəti kompüter oyunudur.

Oyundakı hadisələr iki zaman ayırımında — keçən əsrin 90-cı illərində Ağdamın müdafiəsi zamanı və yaxın gələcəkdə şəhərin azad olunması vaxtı baş verir. Oyunçu xüsusi təyinatlıların tərkibində bir neçə əsgərin rolunda oynayacaq.

Oyunda bir neçə mərhələ var və son məhələdə məqsəd şəhəri tam azad etməkdir. Oyun təkmilləşdirilmiş qrafikası, dəqiq işlənmiş işıqlandırılması və yeni xüsusi effekləri ilə fərqlənir. Bundan əlavə, oyunda zirehli texnikalardan istifadə etmək və tank döyüşündə iştirak etmək olar. Oyunda Azərbaycan istehsalı olan «İstiqlal» və «Zəfər» silahları, həmçinin Azərbaycan ordusunda istifadə olunan «Marauder MRAP» və «T-90» tankları yer alır. Oyunun ən əsas nəzərəçarpan məqamı isə onun şəhərin müharibədən öncəki və sonrakı vəziyyətinin coğrafi və kartoqrafik dəqiqliklə, abidələri və görməli yerləri daxil edilməklə hazırlanmasıdır.

«İşgal Altında: Şuşa» Azərbaycanın birinci rəsmi 3d kompüter oyundur. Oyun yaxın gələcəkdə Qarabağda baş verə biləcək müharibədən bəhs edir. Oyuna əsasən, düşmən tərəfin provokasiyasından sonra Azərbaycan ordusu işğal olunmuş torpaqları azad etmək üçün həlledici döyüşə başlayır. Əsas hadisələr Şuşada cərəyan edir. Oyunçunun vəzifəsi Şuşanı işğalçılardan azad etməkdir. Oyun «döyüş» janrına aiddir və şuter tiplidir. Oyunun yaradılma prosesi təxminən iki il davam edib. Oyun komanda tərəfindən hər hansı kənar maddi dəstək olmadan yaradılıb.

Ədəbiyyat: wikipedia.org, azdimension.az, battlefield.wikia.com, gamecenternews.com

Искусственный интеллект в медицине
Bəxti gətirmirdi, indi isə Asiyanın ən varlısıdır
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!