spot_img
28 марта, 2024
ДомойТелекомСтатьиBəxti gətirmirdi, indi isə Asiyanın ən varlısıdır

Bəxti gətirmirdi, indi isə Asiyanın ən varlısıdır

Alibaba Group tərəfindən təqdim olunan xidmətlər artıq dünyanın dörd bir yanında adi şey kimi qəbul olunur. Misilsiz uğur qazanan Alibaba haqqında məlumatlarda tez-tez onun təsisçisi Cek Ma-nın də adı keçir. Baxmayaraq ki, Ma indi şirkətin operativ idarəçiliyi ilə məşğul deyil, o, əldə etdiyi uğurla kifayətlənmir və müəssisəni daha da genişləndirməkdə qərarlıdır.

Sonralar Cek Ma adı ilə məşhurlaşan Ma Yun 1964-cü ildə Hançjou şəhərində anadan olub. Valideynləri sadə musiqiçi olan uşaq üçün elə bir parlaq gələcək görünmürdü, üstəlik, onunla yanaşı ailədə daha iki uşaq vardı: böyük qardaşı və özündən kiçik bacısı. Lakin hələ uşaq yaşından o, məqsədlərinə nail olmaq arzusu ilə başqalarından fərqlənirdi. 12 yaşı tamam olanda gələcəyin böyük təşəbbüskarı ingilis dilini yaxşıca öyrənməyə qərar verdi və bunun üçün asan olmayan, amma səmərəli və qeyri-adi bir yol seçdi. 8 il boyu Yun hər səhər velosipedinə minib 40 dəqiqəlik yolu qət edirdi ki, oradakı oteldə əcnəbilərlə ünsiyyət qursun. Qalan vaxt isə ingilis dilində radio verilişlərini dinləyərdi. İngilis dilini təkmilləşdirəndən sonra Ma xarici turistlər üçün pulsuz ekskursiyalar aparmağa başladı. Yeri gəlmişkən, Cek adını ona həmin turistlərdən biri verib.

1979-cu ildə, 15 yaşına çatanda Ma Çində müvəqqəti məskunlaşan avstraliyalı bir ailə ilə tanış oldu. Vətənə qayıdanda həmin ailə Cek ilə məktublaşmağa davam edirdi və 1985-ci ildə onu Avstraliyaya dəvət etdi. Bu səyahət Cekin bütün dünya görüşünü kökündən dəyişdirdi. Təşəbbüskarın dediyi kimi, ömrü boyu ona deyirdilər ki, Çin ən varlı və ən xoşbəxt ölkədir, amma xaricə gedəndə Ma anladı ki, həqiqət onun təsəvvür etdiyi kimi deyilmiş.

Məktəbdə isə Cekin işləri gətirmirdi. Özünün də etiraf etdiyi kimi, ibtidai məktəbdə əsas imtahanı o, yalnız üçüncü dəfədən verə bildi. Orta məktəbdə isə Ma imtahandan uğurla keçmək üçün hətta 4 dəfə gücünü sınamalı oldu. Sinifdə də Cek heç kimlə dostluq qura bilmirdi. Universitetə qəbul imtahanında Ma riyaziyyatdan 120 bal üzərindən sadəcə 1 bal toplaya bildi. Lakin inadla gücünü sınayan gənc 3-cü dəfədən ingilis dili müəllimliyi bölməsidə qəbul olundu. 1988-ci ildə Hançjou Universitetini bitirdikdən sonra Ma elə orada işləməyə başladı.

Bir müddət sonra Ma evləndi. Ayda 12 dollarlıq müəllim maaşı ailə saxlamağa kifayət etmirdi. Beləliklə, Ma çarəni daha yaxşı iş tapmaqda gördü və 1992-ci ildə başqa iş axtarmağa başladı. Amma onun bütün cəhdləri elə məktəb imtahanları kimi nəticələnirdi. Ma min bir müsahibədən keçirdi və hər dəfə uğursuzluğa düçar olurdu. Onu hətta KFC-yə işə götürmədilər. Ailəsini saxlamaq üçün o, kiçik biznes qurmağa qərar verdi. Yeganə bacarığı ingilis dili idi, odur ki, Ma tərcümə bürosu açdı və yavaş-yavaş pul qazanmağa başladı.

Uğur isə 1995-ci ildə gəldi. Cek Amerikaya səfər etməyə hazırlaşan bir Çin şirkətinin nümayəndə heyətinə daxil edildi. Amerikada Cek İnternetlə tanış oldu və Çinin ondan nə qədər uzaq olduğunu gördü. Rəvayət edilənlərə inansaq, vətənə qayıdandan sonra Cek Ma İnternet axtarış sistemi qurmaq arzusuna düşdü və ətrafına dostlarını toplayaraq onlara İnternetin nə olduğunu göstərməyə çalışdı. Amma Çində internet biznesi qurmaq o qədər də asan deyildi. Deyilənə görə, Alibaba Qrupunun təsisçisi ilk layihəsini hələ ABŞ-da ikən formalaşdırdı. 2000 dollar kimi astronomi məbləğdə borc götürüb o, China Pages axtarış sistemini qurdu və burada Çin təşkilatları haqqında məlumat topladı. Bir müddət sonra Cek artıq dövlətə aid və operator xidmətləri üzrə monopoliya sahibi olan China Telecom ilə uğurla rəqabət aparmağa başladı. O qədər uğurlu ki, China Telecom ona birgə şirkət qurmağı təklif edib həmin şirkətə 185 min dollar sərmayə yatırdı. Lakin Cek Ma üçün həmin şirkətdə yer tapılmadı, odur ki, o, yeni layihə üzərində düşünməyə başladı.

Həmin dövrdə Ma Yahoo-nun təsisçisi Cerri Yanq ilə tanış oldu. Bu tanışlıq gələcəkdə hər iki şirkətin taleində mühüm rol oynadı. Yeri gəlmişkən, Yanq Ma haqqında çox müsbət danışır və onun təşəbbüskarlıq bacarıqlarını tərifləyir. Ma isə biznesdən kənar qala bilməzdi. O, bilirdi ki, Çin başqa ölkələrdə istehsal olunan malların daha ucuz analoqlarını istehsal edirdi və buna əsaslanaraq kiçik və orta biznes üçün internet satış meydançası hazırlamaq niyyətinə düşdü. Layihə qazanclı olmalı idi, amma onu həyata keçirmək pul tələb edirdi. Biznes plan quran Ma Silikon vadisinə üz tutdu. Lakin burada asanlıqla sərmayə tapa biləcəyini düşünən təşəbbüskar əliboş döndü. Biznes plan riskli idi və potensial investorları maraqlandırmadı. Çinə dönən Ma yenə dostlarını toplayıb onlara öz ideyası haqda danışdı. Birlikdə 60 min dollar toplayan dostlar şirkət qurmağı bacardılar. İlk iştirakçıların hər biri şirkətdə öz hissəsini aldı.

Yeni saytın başlıca xüsusiyyəti analoji Qərb saytlarını təqlid etməməkdən ibarət idi. Çinli təşəbbüskar anlayırdı ki, investorlara sadə anlaşılan bir model və bu molə uyğunlaşan biznes plan lazımdır, amma buna baxmayaraq Ma tamamilə başqa bir yol seçdi və işi ilk növbədə müştərilərə yönəldərək qurmağa başladı. Başlanqıcda layihə qazanc gətirmirdi və şirkət maddi itkilərə məruz qalmışdı. Ofis kiralamaq üçün pul çatmırdı və gələcəyin çoxmilyardlıq nəhəng konqlomeratı Cekin mənzilində yerləşdirilmişdi. Lakin şirkət əvvəlcə 1999-cu ildə Goldman Sachs, daha sonra da 2000-ci ildə Softbank tərəfindən sərmayə dəstəyi gördü. İlkin investisiya məbləği 25 milyon dollar təşkil edirdi. Buna baxmayaraq, şirkət hələ də uğur qazana bilməmişdi. 18 nəfərlik komandanın yalnız 3 üzvünün proqramlaşmadan başı çıxırdı. Qalan 15 nəfər isə, o cümlədən, Cekin özü də texnologiyalardan qorxurdular. Əvvəllər Cek şirkətin həm icraçı direktoru, həm də test edəni idi. Bəlkə də, elə bu məqam şirkətin uğurunda həlledici rol oynayıb. Başı çıxmadığı tərtibatları Cek dərhal rədd edirdi. Bu isə o demək idi ki, Cek ilə yanaşı əhalinin 80%-i də bundan başı çıxmayacaqdı.

2000-ci illərdən başlayaraq Cek Ma birdən birə mətbuatın diqqətini cəlb etməyə başladı. 2000-ci ildə o, Forbes-in üz qabığına düşdü, bununla da belə bir uğur qazanmış ilk Çinli təşəbbüskar oldu. Genişmiqyaslı inteqrasiyaya hazırlaşan təşəbbüskar Silikon Vadisində ofis açdı və burada saytın ingilis dilində versiyası hazırlanmağa başladı. Əslində, bu qərar bir qədər vaxtından əvvəl verilmişdi, axı şirkət hələ də mənfəət gətirmirdi. 2001-ci ildə Silikon Vadisindəki ofis bağlandı, əməkdaşlar işdən azad edildi. Ma öz yanaşma üslubunu yenidən gözdən keçirərək əməliyyat direktoru vəzifəsinə işçi aldı və eyni zamanda əlavə gəlir mənbəi tapdı. Ma anladı ki, saytda təqdim olunan malların siyahılarında üst sıralarda yer tutmaq üçün şirkətlər əlavə pul ödəməyə hazırdır. Növbəti addım isə bütün Çin miqyasında yeni təşəbbüskarları tapıb sayta cəlb etmək üçün roud-şouların təşkil edilməsi oldu. Çox keçmədən şirkət yenidən ABŞ-da fəaliyyətə keçir və 2002-ci ildə nəhayət mənfəət verməyə başlayır.

Elə həmin il Alibaba qrupunun kiçik tərtibatçı dəstəsi Cekin növbəti layihəsi olan Taobao meydançası üzərində işə başlayır. Mahiyyətinə görə Taobao artıq Çin bazarında aktiv mövqe tutan eBay-ə bənzəyirdi. Taobao 2003-cü ilin baharında işə salındı və dərhal özünə auditoriya toplamağa başladı. Taobao hər şeydə Çinli istifadəçilərə istiqamətlənirdi. 3 il ərzində Cek Ma istifadəçilərdən komisyon haqqı almadan işləyirdi və Çinli istifadəçilərə üstünlük verərək onlar üçün hər cür şərait yaratmağa çalışırdı. Yerli rəqabətçinin görən amerikalılar cavab olaraq Çin elektron bazarının oyunçularından biri olan EachNet şirkətini 150 milyon dollara satın aldılar. Bunun sayəsində eBay yerli bazarın 85%-nə hakim oldu və elə bil ki, öz liderliyini tamamilə bərqərar etdi. Amma işlər elə də asan deyildi.

2004-cü ildə Cek Alipay ödəniş sistemini işə salaraq cavab zərbəsi endirdi. Bu sistemi qurmaq Cekin ağlına hələ ilk dəfə Davos zirvəsində iştirak etdiyi və onlayn ödənişlər haqqında eşitdiyi vaxt gəlmişdi. Onlayn ödənişlər Çində qadağan idi, buna baxmayaraq, təşəbbüskar lahiyə üzərində işləməyə başladı və nəticədə hökümət ona maneçilik törətmədi. Birbaşa ödəniş funksiyası ilə yanaşı Alipay istifadəçilərin vəsaitlərini dələduzlardan qoruyur. Taobao bir sıra maraqlı alətlərə, o cümlədən, istifadəçilər arasında sövdələşmə prosesini asanlaşdıran mesencerə yiyələndi.

Cek Ma Çin bazarını əla tanıyırdı və auditoriya cəlb etmək üçün nəyin lazım olduğunu yaxşı başa düşürdü. Rəqib eBay isə sanki bu bazarı itirmək üçün əlindən gələni edir, komissiya alır, funksionallığı ümumi standarta uyğun eyniləşdirirdi. eBay şirkətinin ölümcül səhvi kimi adətən miqrasiya, yəni, EachNet istifadəçi bazasının ABŞ-a köçürülməsi göstərilir. Əslində bu, korporasiyalar üçün adi və normal yanaşma idi, lakin çevik Taobao ilə yarışda şirkətin şansını xeyli azaldırdı. Miqrasiyadan çox keçmədən resursu səti azaldı, trafik isə 50% ixtisar oldu. Bunun qarşılığında Toabao dayanan özünü yeniləyir, tez yüklənir və getdikçə daha çox auditoriya cəlb edirdi. 2006-cı ildə Taobao bazarın 60%-ni, 2007-ci ildə isə artıq 82%-ni nəzarəti altında tuturdu.

2008-ci ildə Alimama adlı reklam servisi işə salındı. Servisin məqsədi Alibaba xidmətlərininampniyalarına marketinq dəstəyi vermək idi. Həmin vaxt daha bir xidmət yaradıldı. Bu, əvəllər Taobao-Mall adlanan, B2C sistemi üzərində işləyən T-Mall idi. Burada yalnız qeydiyyatdan keçən firmalar al-ver edə bilər. Bunun üçün potensial satıcı müvafiq sənədlər təqdim etməlidir. Çox keçmədən, saytda Adidas, GAP və Meizu kimi məşhur şirkətlər qeydiyyatdan keçdi. 2011-ci ildə T-Mall Taobaodan ayrılaraq müstəqil servis oldu. Müxtəlif mənbələrə görə, hazırda saytda dünya brendlərini təmsil edən 70 mindən artıq lisenziyalı satıcı yer alır.

2009-cu ildə Alibaba ilə Yahoo! Arasındakı əlaqələrdə yeni mərhələ başladı. Yahoo! İlə sövdələşmə 2005-ci ildə baş tutmuşdu və o vaxt Amerika şirkəti 1 milyard dollar ödəyərək, üstəlik, 700 milyon dəyərindəki Yahoo! China-nı əlavə edərək Alibabanın 43%-nə sahib olmuşdu. Yahoo!-da baş verən kadr dəyişikliklərindən sonra Ma Amerika konqlomeratını dövrədən çıxartmağa qərar verərək aksiyaların 20%-ni satın alır. Sövdələşmə tam 7,1 milyard dollara başa gəldi. Yahoo! İlə dava-qırğınla yanaşı Ma həm də Çinli təşəbbüskarlarla rəqabət mübarizəsi ararırdı. Bunların arasında ən inadkarı Baidu axtarış sisteminin sahibi Robin Li idi. Li 2000-cu ildə Taobaoda daxili axtarış sisteminin tətbiq olunması, beləliklə də burada Baidu axtarış nətcələrinin bloklanması haqqında Manın qəbul etdiyi qərara qəzəblənərək öz internet satış platformasını yaratmaq istədi, lakin uğur qazana bilmədi. 2014-cü ildə isə Maya qarşı Tencent, Baidu və Wanda Group əlbir oldu. Birlikdə 814 milyon dollar yatıraraq onlayn platformalar yaradan bu ittifaq Alibaba qrupunu məğlub etmək istəyirdi, lakin indiyədək hər hansı uğur qazana bilməyib.

2011-ci ildə bilavasitə Alibaba qrupu ilə bağlı böyük bir qalmaqal yaşandı. Şirkətin yüzə yaxın meneceri saxta firmalar yaradıb onlara premium təchizatçı statusu verərək güya elektronika satırdı, əslində isə müştərilərə heç bir şey göndərmədən əldə edilən pulları ciblərinə qoyurdular. Daxili istintaq 2300 belə saxta mağaza aşkar etdi. 2 milyon dollarlıq itki çoxmilyardlıq korporasiya üçün elə də böyük zərər deyildi, lakin əsas olan şirkətin nüfuzuna oldu. Bilavasitə dələduzlarla yanaşı Cek cəmiyyətin etibarını qaytarmaq, eyni zamanda, başqa işçilərə də dələduzluğun aqibətinin nə olacağını göstərmək üçün bir sıra top meneceri də işdən qovdu.

2013-cü ildə Alibaba tam sürətlə IPO-ya hazırlaşırdı və Cek xeyriyyəçiliklə məşğul olmaq istədiyini bəyan edərək şirkətin başçısı vəzifəsindən uzaqlaşdı. Eyni zamanda, Cek sədr vəzifəsini özü üçün qoruyub saxladı. Şirkət isə, hərəsi ayrıca başçısı olan 25 bölmədən ibarət 7 əsas istiqamətə ayrıldı. Burada Cekin əsas niyyəti şirkətdə startap ab-havasını qorumaq idi. 2014-cü ildə Alibaba qrupunun IPO-su baş tutdu. 241 milyard dollara dəyərləndirilmiş şirkət birjada 21,8 milyard dollar cəlb edə bildi. Səhmlərin 8,9%-nin sahibi Ma buradan 867 milyon dollar qazandı, Çin nəhənginin IPO-su isə tarixin ən böyük IPO-su elan edildi. Bundan bir neçə ay əvvəl Ma Alibaba qrupunun 2%-ni ayıraraq 4 milyard dollarlıq kapitallı xeyriyyəçilik fondunu təsis etdi. Fondun fəaliyyət sahələri səhiyyə, təhsil və ətrah-mühitin qorunmasıdır. Bundan başqa, 2010-cu ildən başlayaraq Alibaba qrupunun əldə etdiyi illik gəlirin 0,3%-i təbiəti qoruma fonduna köçürülür.

Bir çox milliayderlərdən fərqli olaraq Cek Ma pafosdan və özünə vurğunluqdan uzaqdır. Uşaqlıq yasşından o, bilir ki, uğur əldə etmək istəyən işləməlidir. Və o, buna hər zaman, velosipedlə ingilis dilini öyrənmək üçün otelə yol tutduğu vaxtlardan indiyə kimi etməyə davam edir. Ma deyir ki, həmişə diqqətli, əməksevər və iddialı olmaq lazımdır. Bu xüsusiyyətləri özündə qoruyub saxlaya bilən uğur qazanacaq. Ma hesab edir ki, iki tip təşəbbüskar var: biri tez qazanmaq istəyir, digərləri isə qarşılarına qlobal məqsədlər qoyur. Ən çox böyük uğur qazananlar da daha çox ikincilər olur və qazandıqları uğur sayəsində dünyanı idarə edir.

Deyəsən, Cek Ma «korporativ mədəniyyət» məfhumunu heç də sevmir və bu məfhumun həm Qərb, həm də Şərq variantları barədə mənfi rəy verir. Təşəbbüskar hesab edir ki, bunun xeyrindən çox ziyanı var, çünki əməkdaşların fikrini lazım olmayan istiqamətdə yönləndirir. Ma həmişə startapa üstünlük verir, çünki startap iştirakçıları öz aralarında heç bir çərçivə olmadan sərbəst əlaqə ququrlar. Manın texniki biliklər sahəsindəki qüsurları isə dillərə dastan olub. Biznesmenin internetin bəzi xüsusiyyətlərindən heç xəbəri də yoxdur. Onun kod yazılmasından, şirkətinin istifadə etdiyi texnologiyalardan başı çıxmır və baş çıxartmaq istəmir də. Bu işləri görmək üçün onun peşəkar komandası var.

Manın uğurunda onun həyat yoldaşı Janq İnqin payı böyükdür. Onlar hələ tələbə ikən tanış olublar və pedaqoji universiteti bitirdikdən sonra evləniblər. Sonra ikisi də müəllim kimi işləməyə başlayıblar. Ma bizneslə məşğul olmağa qərar verdikdə xanımı ona dəstək verib. İnqin indiyədək ən başlıca funksiyası ərini böyük işlərə həvəsləndirib ona motivasiya veməkdir. 2002-ci ilədək o, Alibabada işləyirdi, sonra isə bütün vaxtını uşaqlara həsr etdi. Ma deyir ki, onun şirkətində nə işə qəbulda, nə də iş prosesində heç vaxt cinsi ayrıseçkilik olmayıb.

Cek Manın əməkdaşları ilə əlaqələri ayrı bir mövzudur. Alibaba şirkətinin ilk vaxtlarında o, səhvən düşünürdü ki, idarəçi vəzifələrə kənardan adam gətirmək lazımdır, ilk işçilər isə elə öz yerlərində qalaraq böyük karyera haqqında düşünməməlidirlər. Nəticədə isə kənardan cəlb olunmuş mütəxəssislər şirkətdə çox qalmadan getdilər, Manın əvvəllər inanmadığı, şirkətin içindən yetişənlər isə real xeyir verdilər. O vaxtdan bəri Ma təkçə məntiqlə deyil, eləcə də hiss etdikləri ilə hərəkət etməyi öyrəndi. Təşəbbüskarın başqa bir xüsusiyyəti lazımsız kadrlardan canını qurtarmaqdır. Qovulan top menecerlər haqqında yuxarıda bəhs etmişdik. Ma hesab edir ki, top menecer gənclər olmalıdır. Belə ki, 2015-ci ildə 60-cı illərdə anadan olan bütün top menecerlər işdən çıxarıldı. 90-cı illər təvəllüdlü gənclərin sayı isə hazırda 3000 nəfərə çatır və Alibaba qrupu onlara böyük ümidlər bağlayır.

33,3 milyardlıq sərvətə sahib olan Asiyanın ən varlısı statusuna baxmayaraq Cek Ma olduqca təvazökardır və bahalı əşyalara düşkün deyil. Ödədiyi ən böyük məbləğ ev üçün olub. Onun Honkonqda Viktoriya zirvəsində 193 milyon dollarlıq malikanəsi varBiznesmenin başqa bir bahalı əşyası onun şəxsi təyyarəsidir. Məişətdə Cek Ma heç də tələbkar deyil,maraqları da özü kimi təvazökardır. Boş vaxtlarında o, kunq-fu ustaları haqqında yazılanları mütaliə edir, meditasiya, ya da Çin taytzitsuan gimnastikası ilə məşğul olur. Manın adi sayılacaq maraqlarından biri də pokerdir. 2015-ci ildə Ma gözlənilmədən Honkonqun ən uzun tarixli qəzeti South China Morning Post-u satın aldı. Bu alışın əsaslandırması da çox anlaşılan idi – auditoriyanın dünya miqyasında genişləndirilməsi. Sövdələşmə 266 milyon dollara başa gəldi. Biznesmen eBussines Review-nun, eləcə də Huxiu biznes bloqunun və onlayn xəbər portalı China Business Network hissədarıdır. O, bir çox başqa layihə, striminq servisi və kino istehsalı şirkətlərinin pay sahibidir. Ma hesab edir ki, internet şirkətlərinin media ilə birgə əməkdaşlığı fayda gətirə bilər. Üstəlik, medianın köməyi ilə kiçik şirkətlərin inkişafına təkan vermək olar. Belə şirkətlərin sayı isə Alibabada olduqca çoxdur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,055ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -