spot_img
19 апреля, 2024
ДомойТехнологииНоутбукиİdeal noutbuk necə olmalıdır

İdeal noutbuk necə olmalıdır

Hər bir ideal şey kimi, ideal noutbuk da özündə başqa heç nədə rastlanmayan xüsusiyyətləri birləşdirməlidir. Çox şey sizin ondan nə gözlədiyinizdən asılıdır — oyunlarda maksimum məhsuldarlıq, şəkilləriniz üçün geniş saxlanc və ya videofaylları emal edə bilmək üçün güclü qrafik imkanlar. Əslində, bu imkanları sizə verə biləcək ciddi qiymət fərqi olan müxtəlif qurğular var. Amma biz yenə də xəyala dalaq.

Enerji doldurmadan mümkün qədər çox işləsin

İdeal noutbuk uzun müddət işləməlidir. Misal üçün, götürək ASUS ZenBook Flip UX360CA noutbukunu. Bu qurğuda HD video fayllara baxarkən avtonom işləmə müddəti 8 saat, oyun oynarkən 4 saatdan çoxdur. Amma könül istərdi ki, ideal noutbukun akumulyatorunu uzaqbaşı iki-üç gündən bir doldurmaq lazım olsun. Amma diqqətli olaq, çünki hər növbəti incə, yüngül noutbukun reklamında hər şeydən əvvəl mümkün qədər uzun avtonom işləmə müddəti göstərməyə çalışırlar. Əlbəttə, aşağıda xırda hərflərlə verilmiş mülahizəni oxuyub agah olmaq olar ki, həmin test hansı şəraitdə keçirilib. Amma istehsalçılar yenə də bu parametri şişirtməyə meyillidirlər. Real istismar şəraitində ekran, əlbəttə ki, daha gur işıqlandırılacaq, üstəlik, fon rejimində bir sürü işləyən proqramınız olacaq. Və sairə. Ona görə həmişə diqqətə alın ki, “misilsiz” 12 saatlıq avtonom işləmə müddəti əslində ən yaxşı halda 6 saat deməkdir. Bu və ya noutbukun real avtonom işləmə vaxtını, yaxşısı budur ki, forumlardan, tanışlardan, internetdə yerləşdirilmiş icmallardan öyrənin. Bir də, fikir verin ki, həmin mənbələrdə aparılan testlərin şərtləri aydın şəkildə göstərilsin.

Üzdən tanımaq

Windows 8 bazara çıxarıldıqdan sonra bir çox istifadəçi öz hesabını sistemə hər girişdə təkrar yazılmalı olan şifrə, ya da heç olmasa PIN-kodla qorumağa məcbur qaldı. Dərhal internetə həmin funksiyanı necə deaktiv etmək barədə tövsiyə və təlimatlar yayıldı. Amma şifrəni aradan qaldırmaq kənar gözlər qarşısında qorumasız qalmaq deməkdir. Odur ki, ideal noutbuk hətta barmaq izi funksiyasını deyil, Windows Hello funksiyasını dəstəkləməlidir. Xüsusi kamera və ağıllı alqoritm ilə sistem sizi görən kimi üzdən tanıyacaq və sistemi açacaq. Şifrəyə ehtiyac qalmadan.

Thunderbolt 3

Əlbəttə, təkçə Thunderbolt 3 deyil. Ötən ilin oktyabr ayında Apple yeni MacBook Pro istehsal etməyə başladı. Bu qurğuda Thunderbolt 3 və bir audio giriş yuvası xaricində başqa port yoxdur. Bir çoxları bundan məyus oldu, axı ideal noutbuk üçün tez-tez sınan, ya da itən min cür adapter almaq lazım gəlməyəcək. Heç olmasa bir USB 3.0 portu qalsaydı? Amma verilənləri 40 Gbit/s sürətlə ötürməyə qadir olan Thunderbolt 3 olmasa, artıq olmaz. Üstəlik, bu interfeys vasitəsilə 2 4K monitoru birdən qoşa bilərsiniz. Ya da ki, noutbuku masaüstü kompüter üçün nəzərdə tutulmuş professional videokarta qoşmaq olar.

Qüdrətli prosessor

Sözsüz ki, bütün vəzifələri ən gözəl şəkildə yerinə yetirə bilən ideal prosessor yoxdur. Həqiqət odur ki, siz seçməli olacaqsınız. Amma bu, o qədər də çətin məsələ deyil. Məsələn, oyun noutbuku üçün ən uyğun prosessor dörd nüvəli Intel Core i7-7820HK, ultrabuk üçün Intel Core i7-7600U və ya Intel Core i7-7660U olacaq. Əsas məsələ odur ki, unutmayın: əgər istehsalçı öz noutbukunu məhsuldar kimi qələmə verirsə, həmin noutbuk GTA V, Battlefield 1 tipli müasir oyunları yüksək qrafika tezlikləri və kadr dəyişmə sürətilə işə sala bilməlidir. Reklam isə sadəcə o noutbukda və ya planşetdə “oyun oynamaq olar” deyir. Məlum məsələdir, söhbət dediyimiz oyunlardan getmir.

Öz növbəsində, Intel şirkəti də istehsalçılara istifadəçiləri yanıltmaqda bir qədər kömək edir. Hər prosessorun indeks və ailə adından ibarət, konkret modeli göstərən kod adı var. Misal üçün, i7 ailəsinə həm oyun noutbuku, həm də incə ultrabuk üçün də nəzərdə tutulan prosessorlar aiddir. Problem odur ki, istehsalçı şirkətlər ailə adını verməklə kifayətlənir. Diqqətsiz, xam müştəri belə aldatmacanın toruna düşə bilər. Intel Core prosessorlarının yeddinci nəsli istehsala buraxılandan sonra isə korporasiya i5 və i7 ailələrinə bir neçə qat yavaş çipləri də əlavə etdi. Belə halda əvvəlcə satıcıdan prosessorun tam indeksini öyrənin və malı almadan öncə onun məhsuldarlığı barədə internetdə oxuyun.

Müasir SSD saxlancı

Əgər siz hələ də şəxsən SSD saxlanclı noutbukda işləməmisinizsə, onda sizi olduqca xoş təəssüratlar gözləyir. 2017-ci ildə SSD saxlancı olmayan noutbuk almaq özünə və öz rahatlığına məsuliyyətsiz yanaşmaq deməkdir. Əlbəttə, SSD saxlancları da cürbəcüe olur. Bunların arasında SATA 3.0 dəstəkli köhnə modellər də, NVMe və PCIe 3.0 dəstəkli yeniləri də var. Əgər biz ideal noutbukdan danışırıqsa, onda əlbəttə ki, qeyd etdiyimiz yenilərinə diqqət yetirməliyik.

Əla qrafik adapter

Prosessorlarda olduğu kimi, güclü qrafik adapteri də incə ultrabuka yerləşdirmək olmaz. Amma, madəm, oyun üçün videoadapter axtarırıq, onda ən yaxşısı NVIDIA GeForce GTX 1060 seçməkdir. Bu adapteri olan noutbuk mobil, daşınması asan, eyni zamanda, müasir oyunları yüksək və çox yüksək qrafika tənzimləmələrilə oynamağa uyğun sayıla bilər. Ultrabuka gəlincə, bugün ən yaxşı qrafik həll başlanqıc səviyyəli diskret videokartları ilə tən tutula bilən quraşdırılmış nüvə — Intel Iris Plus Graphics 650 sayılır.

Biiir-iki söz də iki videokartlı noutbuklar barədə deyək. Bu, həqiqətən güclü qurğulardır, amma istisnalar buradan da yan keçməyib. Hər oyun iki videokartlı mühitə uyğun gəlmir. Buna görə, oyundan asılı olmayaraq biz kadr sayının saniyə ərzində həm çox, həm də az olduğunu müşahidə edə bilərik. Yalnız nadir hallarda bu göstərici tək videokartlı sistemin göstəricinin altında qalır.

Displeyin yüksək dəqiqliyi

Bugün nəinki ideal, hətta adi noutbukun ekran imkanları Full HD-dən az olmamalıdır. Bunun üstündəki göstərici isə mübahisə mövzusu ola bilər. 4К (3820х2160 piksel) çözümlülüyünə uyğun olmayan ekranların sayı getdikcə azalmaqdadır, lakin yenə də, belə bir displeyli, xüsusilə 13,3” ölçülü ekranlı noutbuku almaq artıq pul xərcləmək və akumulyatoru həddindən artıq yükləmək deməkdir.

Soyutma sistemi

Növbəti oyun noutbukuna həsr olunmuş internet səhifəsində mütləq belə bir iddiaya rast gələcəksiniz ki, həmin noutbukun “düşünülmüş” soyutma sistemi var. Təəssüf ki, bu iddia qurğunun həddindən artıq isinməsinin qaşısının alınması məsələsində heç də zəmanət vermir. Noutbukları test edərkən çox vaxt belə bir vəziyyətlə qarşılaşmalı oluruq ki, prosessor və ya videokart həddindən artıq qızdığına görə tezliklər aşağı düşürülür, taktlar buraxılır, bu isə birbaşa məhsuldarlığın azalmasına gətirib çıxardır. Bəzən bu, elə ilk dəqiqələrdə baş verir və bu səbəbdən siz satın aldığınız noutbukun əslində daha çox şeyə qadir olduğunu görə bilmirsiniz. Sadəcə ona görə ki, o, dərhal maksimal temperatur dərəcəsinədək qızır. Nəticə isə belədir: həddindən artıq qızmayan noutbuk nadir haldır. Soyutma sistemi ilə bağlı problem barədə oyrənməyin yeganə yolu noutbuku satın alıb onu yoxlamaq, ya da ki, bu modellə bağlı başqalarının təcrübəsindən faydalanmaq üçün internetdə yerləşdirilmiş icmalları oxumaq.

Sonunda qeyd edək ki, yeni noutbuk modelinə müştəri gözü ilə baxarkən onu mütləq əlinizdə olan və uğurla istifadə etdiyiniz modellə müqayisə edin. Almaq istədiyiniz modelin məhz sizin özünüzə, tələblərinizə, periferiyanıza, iş şəraitinizə nə dərəcədə uyğun olduğuna baxın.

Bax, ideal noutbuk elə budur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -