spot_img
19 апреля, 2024
ДомойТелекомСтатьиGoogle VR-kinematoqrafda inqilab edir

Google VR-kinematoqrafda inqilab edir

Google Spotlight Stories tətbiqi üçün Advanced Technologies Projects (ATAP) tərəfindən hazırlanmış «Pearl» adlı qısametrajlı VR filminin namizədliyi ötən ayın sonunda «Oscar» mükafatı üçün irəli sürülüb. Kino tarixində ilk dəfədir ki, virtual reallıq filmi dünyanın bu ən nüfuzlu kino mükafatına namizəd seçilir.

Google Spotlight Stories

Google Spotlight Stories adi qısametrajlı film sayıla bilməz. Söhbət Advanced Technologies and Projects şöbəsinin yaratdığı interaktiv filmlərdən gedir. Belə filmlərin çəkilmə prosesi son zamanlarda təkmilləşdirilib, lakin hər VR lenti Google tərtibatçıları üçün yeni sınaq deməkdir.

ATAP texniki direktoru Rəşid Əl Qürrab qeyd edir ki, komandanın bu sahəyə marağı hələ Motorola-nın idarəçiliyi altında işləyərkən yaranmışdı: «Ağlımızda bir sual var idi: smartfon üçün emosional məzmun yarada bilərikmi?». Komanda insanların smartfonlara güclü bağlılığını yaxşı bilirdi, amma ATAP buna əsaslanaraq bu bağlılığı daha güclü, eyni zamanda həm daha təsirli, həm də daha təbii hala gətirmək qərarınna gəldi. Beləliklə, komanda nəticəyə gəldi: istifadəçilərə sadəcə maraqlı hekayələr danışmaq lazımdır.

Texnologiyaların sürətli inkişafı ATAP komandasına öz məqsədinə çatmaq üçün lazım olan hər şeyi təqdim edir. Əl Qürrabın dediyi kimi, «hərəkət ötürücüləri ilə mükəmməl qrafikanın sintezi sayəsində adi smartfon displeyini virtual aləmə açılan pəncərəyə çevirdik. Məqsəd elə bir film yaratmaq idi ki, orada kameranı məhz izləyici idarə etsin. Bu, ənənəvi rəvayət formatının yeni tamamilə bir şeyə çevrilməsi demək idi».

Kinematoqraf tarixi göstərir ki, ərsəyə hər dəfə yeni texnologiya gəldikdə rəssam və tərtibatçılar həmin yeniliyin yaratdığı imkanları və çətinlikləri öyrənmək üçün müəyyən vaxt sərf etməli olurlar. «Filmin kompozisiyasının və montajının bütün incəliklərini öyrənmək üçün həddindən artıq çox vaxt itirdik. Filmlərimizin izləyici auditoriyasına adi filmlər qədər təsir göstərməsini təmin edən başqa yol varmı?», deyə, komanda düşünürdü.

İzləyiciləri yönləndirmək

Hər şeydən əvvəl komanda anlamalıydı ki, izləyicinin istənilən nöqtəyə istənilən rakursdan baxa biləcəyi mühitdə necə işləməlidir. Tərtibatçılar izləyicinin planlaşdırılmış şəkildə hərəkət edəcəyinə zəmanət verə bilmirdilər. «İzləyicinin diqqətini konkret nöqtəyə cəlb etmək bizim üçün ən böyük problem idi. Bu məsələnin həllinə çoxlu güc və vaxt sərf etdik. Bəs izləyici lazım olan yerə baxmırsa, nə etməli?»

İlk sınaqlar sadə idi: izləyici meşədə qaçan çoşqanı izləməlidir. Başlanqıcda kamera baş qəhrəmanı, onunla bərabər auditoriyanı müşahidə olunan obyektə doğru yönləndirir. Amma izləyici üzünü başqa tərəfə çevirən kimi müşahidə obyekti gözdən itirdi. İdeya ondan ibarət idi ki, izləyici öz diqqətini yenidən lazım olan obyektə yönləndirənə qədər rəvayət dayandırılsın.

«Duet» adlı qısametrajlı filmdə animator Qlen Kin maraqlı bir üslub işlədib. Belə ki, filmin baş qəhrəmanları öz məqsədlərini müəyyən hərəkətlərlə əvvəlcədən bildirirdilər. Məsələn, uşaq ağaca dırmaşıb müəyyən istiqamətdə baxaraq izləyiciyə həmin istiqamətdə baxmağa təklif edir. Personajların bu tip hərəkətləri filmin ümumi gedişatını təbiiləşdirir.

Çevrəyə diqqət

Hər Google Spotlight filminin yaradılış prosesi xüsusi müzakirədən başlayır: filmdəki çevrə əhvalatın gedişatına və izləyici ilə qarşılıqlı əlaqəyə təsir edəcək? «Layihə üzərində işə başlamadan öncə özümüzə bir sual veririk: niyə bu əhvalatı məhz seçdiyimiz formatda təqdim edirik? Əgər bunun heç bir özəl mənası və adi formatla fərqi yoxdursa, onda niyə biz filmi 2D-formatında çəkmirik ki?» — deyə, Əl Qürrab davam edir.

Nexus animasiya studiyası «Rain or Shine» adlı qısametrajlı film üzərində işləyərkən panoramalı şəhər meydanı üçün ssenari tərtib etmişdi. Meydanda baş verən hər şey izləyicinin diqqətini baş qəhrəmana yönləndirir. Məsələn, pişik quşu tutmaq üçün getdiyi yol auditoriyanı əsas süjetə gətirib qaytarır. İstifadəçi bilə-bilə dönüb ətrafa nəzər yetirmək istəsə də, ikinci planda baş verən hadisələr (pişiyin quşu izləməsi kimi) onu mütləq əsas süjetə geri qaytaracaq və diqqətinin yayınmasının qarşısını alacaq.

Hər yeni Google Spotlight Stories filmi yaradılarkən texnoloji aspektləri, rəvayəti və çevrəni bir biri ilə əlaqələndirməyə kömək edən yeni ideyalar meydana gəlir. «Bu, axritekturaya bənzəyir. Bir dünya yaradanda bilmirsən ki, insanlar hansı istiqamətə, hansı rakursdan baxacaqlar. Ətraf mühiti elə tərtib etmək lazımdır ki, insanlarda həmin dünyaya qarşı müəyyən hisslər və anlayış yaransın», — deyə, Əl Qürrab davam edir.

Pearl: əhvalatı ətraf mühit vasitəsilə danışmaq

Kessidi Körtis 15 illik təcrübəyə malik animatordur. O, «Şrek 2» və «Əjdahanı necə əhliləşdirməli» filmlərini yaradanlardan biridir. Hal-hazırda Körtis Spotlight Stories-in art- direktorudur və öz təcrübəsini yeni formatla bağlı problemləri həll etmək üçün istifadə edir. Körtisin vəzifələri çoxdur, amma əsas vəzifəsi izləyicinin əsas süjet xəttindən yayınmamasını təmin etməkdir.

«Oscar» mükafatına namizədliyi irəli sürülən «Pearl» filmində Körtis kiçik detalları elə yerləşdirməli idi ki, onların hər biri hekayənin süjet xəttinə dəlalət etsin. «Film izləyərkən tamaşaçılar eyni çərçivənin içindəkilərə baxırlar. Lakin, əgər bu, virtual reallıq filmidirsə, onda auditoriyanı müxtəlif insanların müxtəlif istiqamətlərə baxdığı bir kütlə kimi dəyərləndirməliyik. Burada əsla elə bir məqam yoxdur ki, tamaşaçıların necə davranacaqlarını əvvəlcədən proqnozlaşdırmaq mümkün olsun. 360-dərəcəlik məkanda izləyici istənilən yerə, istənilən rakursdan nəzər yetirə bilər, buna görə də ətraf mühit tamamilə qüsursuz olmalı, əsas süjet xəttindən ayrı qalmamalıdır».

Həqiqətən, «Pearl» yaradıcıları lazımsız görünən əşyalara məna qazandırmağı bacardılar. Komanda həmin əşyaları filmin süjet xəttinə yaxşıca inteqrasiya edərək personajların xarakterini daha dərindən göstərə bildilər. Bu, əhvalatın təqdim edilməsi üçün Spotlight Story tərəfindən icad edilən yeni üslublardan biridir.

Animasiyada inqilab

«Pearl» filminin çəkilişlərində başqa problemlər də meydana gəlmişdi. Personajlar yastı üslubda, əlavə kölgələrlə hazırlandığı üçün tərtibatçılar qarşısında çətin bir məsələ dururdu: qəhrəmanların hərəkətləri daha təbii olmalı idi. Bunun üçün artıq görülmüş işin formatını yenidən gözdən keçirmək tələb olunurdu. Əl Qürrab danışır: «Animatorlar öz ixtisaslarını hər dəfə yenidən dərk etməlidirlər, çünki artıq VR formatında konkret bir çərçivə və ya rakurs mövcud deyil. Bu, virtual reallıqdır və burada izləyici artıq ekran arxasında yox, süjet xəttinin tam mərkəzində yer alır. Animatorların filmin personajlarını çəkmək üçün iki ay vaxtları vardı, amma işin yoxlanılması tərtibatçıların qarşısına əlavə çətinliklər çıxartdı.

«Biz auditoriyanı qulaqcıq taxmağa, yaxud ayrı bir telefon ekranına baxmağa məcbur edə bilmərik. Buna görə də animator bir epizodu bir neçə kameraya çəkir, sonra isə biz kadrları adi tamaşaçıların adi animasiya filminə baxdıqları kimi baxaraq yoxlayırıq», deyə, Körtis əlavə edir.

Körtis etiraf edir ki, bəzi epizodları təkrar çəkmək məcburiyyətində qalıb. Məsələn, bir kadrda ata əsəbi şəkildə maşına minir və sürüb gedir. Uzun müddət biz onun ayaqlarının qaz pedalına toxunmadığını görə bilməmişdik. Nəticədə animatorlar filmin bu hissəsini təkrar çəkməyə məcbur qaldılar.

«Biz əhvalatı çəkərkən filmin rejissoru Patrik Osborn qısametrajlı filmin necə izlənildiyini artıq bilirdi və bu, uğurumuzun səbəblərindən biri idi. Telefon izləyicinin əlində olanda onun filmə hansı rakursdan baxacağını təxmin etmək çox çətindir. Amma elə ki auditoriya VR-eynəklərini geyir, vəziyyət tamamilə dəyişərək asanlaşır.

Maraq bizim ən böyük silahımızdır. Filmdə təqdim olunan əhvalatın necə cərəyan etməsi tamaşaçını maraqlandırsa, o, filmi əsas süjet xətti üzrə izləyəcək. Əlbəttə ki, bəzi izləyicilər əsas süjet xəttindən kənara çıxacaqlar. Bu, qaçınılmazdır, amma əsas odur ki, auditoriyanın əksəriyyəti yenə də filmi bizim arzu etdiyimiz kimi izlədi».

Filmlərin virtual reallıqda çəkilməsinə başlandığından bəri auditoriyanın marağını cəlb edən bir çox yeni komponentlər meydana gəldi. «Pearl» filmindəki əsas yenilik personaj və kameralarda gizlidir. Əvvəlcə kamera sürücü ilə sərnişin arasında yerləşdirilmişdi. Lakin, virtual reallıqda olduqda personajların həddindən artıq yaxın olmaları tamaşaçıda pis təəssürat yaradırdı. Ona görə də, bəzi səhnələrdə personajlar arxa oturacağa yerləşdirildi.

Virtual reallıq formatı ilə yanaşı Spotlight Stories komandası məzmunu əlavə olaraq daha dörd formata uyğunlaşdırmaqla məşğuldur. Bu, tamaşaçı ilə filmin arasında birbaşa əlaqə yatarmayan adi panoram videolardır. Belə videoların tətbiq formasında interaktiv versiya da mövcuddur. Burada əsas süjet izləyicini gözləyir, onun diqqəti nəzərə alınır.

Üçüncü format Google Cardboard-a bənzəyən vəüz nahiyəsinə bərkidilən xüsusi cihazdır. Bu versiyada izləyici filmə tamamilə qərq olduğunu hiss edir və bəzi kənar əşyaları periferik baxışla görə bilir. Daha bir format var ki, tamaşaçı real olaraq hərəkət edərkən onun hərəkəti virtual reallıqda da baş verir.

Standart 2D-format isə tərtibatçılar tərəfindən artıq «ötən əsr» kimi qələmə verilir. Buna baxmayaraq, «Oscar» mükaftına namizəd seçilən «Pearl» filmi yuxarda qeyd olunan 5 formatın hər birinə uyğunlaşdırılıb və bu, tarixdə ilk belə filmdir.

Spotlight Stories-in gələcəyi

Hal-hazırda Google Spotlight Stories və ATAP dünyada bir çox rejissor və animatorla əməkdaşlıq edir. Komandanın Story Development Kit (SDK) bölməsi də var. Bu bölmə müxtəlif studiyalarda, ya da fərdi qaydada işləyən mütəxəssislərə vurtual reallıq filmləri çəkmək üçün lazım olan alətləri təqdim edir.

«Biz onlara SDK təklif edirik və qarşılarına hər hansı çətinlik çıxanda bizə müraciət etmələrini tövsiyə edirik, deyə, Əl Qürrab söhbətə davam edir. — Spotlight Stories nə qədər SDK-nı çox sınaqdan keçirsə, bir o qədər çox problem həll olunacaq, beləliklə də, bəşəriyyətin yeni texnoloji eraya keçidi sürətləndirmiş olacaq. Bizim missiyamız mümkün qədər çox studiya, komanda və fərdi qaydada çalışan mütəxəssis cəlb etməkdən ibarətdir. Biz bu cür filmlərin yaradılmasının çox baha olmasını istəmirik. Filmin çəkiliş prosesinin adi filmlərdəki kimi olması əsas hədəflərimizdəndir. Lakin, hal-hazırda bu, hələ ki, çox irimiqyaslı sınaqdır».

Sonunda qeyd edək ki, «ən yaxşı qısametrajlı film» nominasiyasında «Oscar» mükafatına namizəd seçilən «Pearl» VR-filmi ötən ilin may ayında təqdim olunmuşdu. Filmdə musiqiçi atanın öz qızı ilə çıxdığı səyahətdən bəhs edilir. Ata öz arzusuna çatmaqla yanaşı qızı üçün xoş gələcək təmin etmək arzusundadır.

Mənbə: AIN.ua, Inverse.com, Wikipedia.org

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -