ГлавнаяТелекомСтатьиCeff Bezos: Satılıq nə varsa, sat

Ceff Bezos: Satılıq nə varsa, sat

Ceff Bezos və onun dünyada ən böyük onlayn pərakəndə satış sistemi Amazon.com haqqında danışmadan əvvəl Ceffin anası haqqında bir-iki kəlimə demək yerinə düşər. Hələ yeniyetmə yaşında olanda Ceffin anası kiçik yarmarka və sirk tamaşalarında çıxış edən Unicycle Wranglers truppasının üzvünə ərə getmişdi. Cütlük bir ildən az bərabər oldu. Boşandıqdan sonra Ceffin anası yenidən ərə getdi və bu dəfə Ceffin yeni atalığı Kubalı emiqrant Mayk Bezos oldu. Maykın soyadını alan Ceff Məktəbi bitirdikən sonra Ceff Pristona daxil olub 4 il sonra universiteti qırmızı diplomla bitirdi. Bezos asanlıqla Uoll-Stritdə yerləşən D.E. Shaw şirkətində işə qəbul olundu.

Günlərin bir günü, axşamüstü ofistə oturan Bezos şirkət üçün internetdə yeni müştərilər axtarmaqla məşğul idi. Saytlardan birində belə bir məlumat oxudu: sən demə, ümumdünya internet şəbəkəsi hər ay 2300%-lik artış göstərirmiş. Elə həmin axşam Ceff Bezosun gələcək talei müəyyənləşdi. Ertəsi gün Bezos işindən istifa edərək həm ailəsini, həm də dostlarını xeyli təəccübləndirdi. Axı şirkətdə işlədiyi 4 il ərzində o, karyera pillələrini sürətlə keçərək şirkətin tarixində ən gənc baş vitse-prezident olmuşdu. Qeyd edək ki, D.E. Shaw şirkətinin başçısı öz baş vitse-prezidentinin qərarı haqqında eşidəndə Bezosu parkda bərabər gəzməyə dəvət etdi. Nyu-Yorkun Sentral parkında gəzərkən, o, Bezosu uzun müddət razı salmağa çalışdı, amma Ceffin cavabı belə oldu: başlayıb uğursuzluğa düçar olmaq heç başlamamaqdan daha yaxşıdır.

Bezos qərara aldı ki, işə başlamaq üçün ən uyğun yer Vaşinqton ştatında yerləşən Sietl şəhəri olacaq. Həyat yoldaşı maşını Texasdan Sietla sürərkən Bezos ilk şirkətinin adını fikirləşirdi. Arxa oturacaqda əyləşən Ceff xanımına dedi ki, internetdə kitab satışlarına başlayacaq və şirkətin adını Cadabra qoyacaq. Sietla çatandan sonra şirkəti qeydiyyata almaqla məşğul olan hüquqşünas təsadüfən hərfləri səhv yazıb şirkəti «Cadaver», yəni «meyit» kimi qeydiyyatdan keçirdi. Onda Besoz anladı ki, onun fikri heç də yaxşı deyilmiş, çünki sabah müştərilər də şirkətin adında səhvə yol verə bilərlər. Sietla yerləşən Bezos internet mağazasında satıla biləcək malların siyahısını tutdu. Kitablarla yanaşı, siyahıda kompakt disklər və proqram təminatı yer alırdı. Həmin il ABŞ-ın Ali Məhkəməsi poçt kataloqları buraxan şirkətlərin fiziki olaraq mövcud olmadıqları ştatlarda vergi ödəməyəcəklərinə qərar verdi. Bununla da Bezos internetdə satdığı mallara görə vergi ödəməkdən azad oldu.

Amazon

Şirkətin adı isə Amazon.com oldu. Yaratdığı onlayn kitab mağazasının adı ilə dünyanın ən uzun çayının adının eyni olması Ceffin xoşuna gəldi. 1995-ci ilin yayında saytın beta-versiyası işə salındı və artıq sentyabrda satış həcmi həftədə 20 min dollara çatdı. Kitablar bütün 50 ştatda satılırdı.

Amazon şirkətinin əsas rəqibi Barnes & Noble kitab mağazaları zənciri idi. O vaxt həmin mağazalar zənciri Bronkslu Leonard və Stiv Riqqo qardaşlarına aid idi. Rəqiblərlə dostlaşmaq üçün Bezos Leonardı nahar yeməyinə dəvət etdi. Leonun «mismar kimi» çətin xarakterindən xəbərdar olan Ceff bunun qarşılığında yumşaq davranmağa, hətta bir az yaltaqlıq etməyə qərar verdi. Kitab satışlarının azaldığı mağazalar zənciri ilə yanaşı qardaşlar da öz növbəsində internet mağazası açmaq niyyətində idilər. Leo Bezosa Amazon texnologiyası əsasında birgə layihə təklif etdi, lakin mənfi cavab aldı. İki tərəf arasındakı rəqabət xüsusilə Amazon-un səhmlərini ilk dəfə satışa çıxarmaq (IPO) qərarından sonra alovlandı. 1997-ci ildə, şirkətin səhmdar cəmiyyət olmasına 3 gün qala Barnes & Noble onlayn pərakəndə satıcısına qarşı onun «Dünyanın ən böyük kitab mağazası» sloqanına görə federal məhkəmədə iddia qaldırdı. Zamanlama məxsusi olaraq düşünülmüşdü, axı IPO-dan qabaq Bezos qanunlara görə 7 həftə ərzində susmaq məcburiyyətində idi. Başqa sözlə, şirkətin başçısının ictimaiyyət qarşısına çıxıb Barnes & Noble-ın iddialarına cavab vermək haqqı yox idi. Lakin Leonardın Amazon-a qarşı həmləsi tərs effekt yaratdı, çünki artıq bütün diqqətlər Bezosa və onun şirkətinə yönəldi. Bir müddət sonra, çap olunmuş kitab bazarının durğunluq yaşadığını görən Bezos səylərini innovativ yöndə istiqamətləndirib Amazon Kindle elektron kitabları anons etdi. Kindle layihəsi başlayandan ta 2010-cu ildə Apple bazara iPad buraxana qədər Amazon ABŞ-ın kitab bazarının 95%-nə sahib oldu.

Bir müddət sonra bazara eBay daxil oldu, bu isə Bezosu narahat etməyə bilməzdi. Yeni şirkət vaxtilə Amazon-un inkişaf etdiyi kimi sürətlə böyüyürdü və artıq IPO-ya hazırlaşırdı. eBay biznes modeli mükəmməl görünürdü, çünki, bir tərəfdən, şirkət satışlara görə cüzi komisyon haqqı alırdı, digər tərəfdən isə mallar üçün nə xüsusi qablaşdırma, nə də anbar tələb olunmurdu. Bunu görən Bezos eBay CEO-su Pyer Omidyara şirkət üçün 600 milyon dollar təklif etdi — eBay IPO-dan məhz bu qədər məbləğdə vəsait toplamağı planlaşdırırdı. Lakin Omidyar təklifi qəbul etmədi. Onda rəqibdən geri qalmamaq üçün Amazon hərrac sisteminə əl atdı. Saytdakı birbaşa yayımlarda alıcılar müxtəlif hərraclarda, o cümlədən, Sothby’s-də müzaidəyə çıxarılan malları almaq imkanı əldə etdilər.

Şirkət böyüdükcə, yeni məhsul və xidmətləri sınaqdan keçirmək imkanı da genişlənirdi. Amazon az-çox rəqabətədavamlı hər cür biznesə əl atırdı. Sənaye mallarına geyim əlavə olundu, oyuncaq satışları üzrə ixtisaslaşan törəmə şirkəti quruldu, idman malları satan internet mağazası açıldı. 2007-ci ildə isə Bezos öz əməkdaşlarına belə dedi: «Dəyəri 200 milyard olan şirkət olmaq üçün biz geyim və ərzaq mallarını satmağı öyrənməliyik». 2012-ci ildə şirkət elan etdi ki, onlayn geyim satışları ilə ciddi şəkildə məşğul olacaq. eMarketer review nəşrinin hesabatına görə, hər iki amerikalıdan biri internetdə alış-veriş etdikdə əvvəlcə Amazon saytına baxır. Eyni hesabata əsasən, 2015-ci ildə Amazon Amazon geyim satışlarından 16,3 milyard dollar qazanıb və 285 milyonluq aktiv müştəri bazası toplaya bilib.

Amazon-da Prime adlı premium hesab sistemi də mövcuddur. Prime abunə haqqı illik 99 dollar təşkil edir. Amazon Prime sisteminin əsas üstünlüyü sürətli pulsuz çatdırılmadır. Prime abunəçiləri susmaya görə bütün sifarişləri sənədləşdirmədən etibarən 2 gün ərzində təhvil alırlar, hətta bəzən bu müddət cəmi 1 gün təşkil edir. Amazon Prime sadəcə kitab və elektronika sifarişlərini nəzərdə tutmaqla qalmır. Bəzi şəhərlərdə şirkət Prime müştərilərinə həm də restoran yeməkləri və gündəlik tələbat mallarını pulsuz çatdırır. Sadalanan son halda müştərilər Amazon Dash sistemindən faydalanaraq tək düyməyə basaraq sifariş verə bilərlər. Prime şirkətin bir çox servislərinə bağlıdır. Misal üçün, buradan Prime Video və Amazon Prime Music striminq servislərinə limitsiz giriş var. Premium hesab sahibləri eləcə də Amazon-da verilən sifariş məbləğinin 5%-nin, digər alış-verişlərdən isə 1-2%-nin geriyə qaytarıldığı pulsuz Amazon Prime Rewards Visa Signature Card əldə edə bilərlər.

Bugün Amazon şirkətinin 180 min əməkdaşı var və yaxın gələcəkdə bu rəqəm 280 minə çıxacaq. Şirkət elan edib ki, 2018-ci ildə ABŞ-da daha 100 min işçi qəbul edərək bir çox ştatlarda yeni sifariş emal mərkəzləri açacaq. Əgər bu rəqəmlər sizə kifayət etmirsə, onda üstünə daha 120 min nəfər əlavə edin. Şirkət Milad və Yeni il bayramları ərəfəsində payız aylarından etibarən məhz bu qədər müvəqqəti işçi işə götürəcək. Yeri gəlmişkən, ötən il həmin bayram gönlərində Amazon müştəriləri 1 milyard ədəd mal və məhsul almışdılar. Nəhayət, Amazon anbarlarından malları toplayıb qablaşdıran 45 min robot işləyir.

Blue Origin

Çoxmilyardlı biznes sahibi olmasına baxmayaraq Bezos əslində bir vaxtlar evin qarajında valideynləri üçün öz əlləri ilə nə isə düzəldən həmin sadə oğlandır. Ceffin anası hələ də üzərində oğlunun məktəbdəki unudulmaz çıxışının mətni yazılmış bir parça kağızı qoruyub saxlayır. O çıxışında Ceff Yer ətrafında məskunlaşdırılmış orbital stansiyalar parkı yaratmaq arzusunu dilə gətirmişdi. 2004-cü ildə o, öz uşaqlıq xəyalını gerçəyə çevirmək üçün Blue Origin aerokosmik şirkətini təsis etdi. Şirkət kosmik üçüşlar üçün yeni texnologiyaların tərtibatı ilə məşğuldur. Bu şirkətin əsas hədəfini Bezos «insanların kosmosda əsaslı mövcudluğu»nu təmin etməkdə görür. Bugün Blue Origin şirkətinin öz elmi-tədqiqat kampusu və New Shepard raketlərinin fəzaya fırladıldığı özəl meydançası var. Bezosun şəxsi ifadəsinə görə bu raket «suborbital kosmosa səyahət etmək üçün nəzərdə tutulmuş çoxsərnişinli reaktiv nəqliyyat vasitəsi»dir. Üstəlik, burada qiymətlər də rəqabətədavamlıdır. 2015-ci ildə həyata keçirilmiş uğurlu uçuşdan onun ardından qəzasız-bəlasız enişdən sonra həmin hadisə «tarixi» olaraq səciyyələndirildi. Ötən il Bezos Yer planetinin ekologiyasını qorumaq məqsədilə bütün ağır sənayeni kosmosa daşımağı təklif etdi. Onun sözlərinə görə, bunu bir neçə yüz il ərzində etmək mümkündür. Bu yaxınlarda isə Blue Origin Fransanın Eutelsat peyk operatoru ilə ilk peyk fırlatma müqaviləsini imzaladı. Bu, SpaceX şirkətinin geriyəqaytarılan Falcon raketlərinin rəqibi olan New Glenn çoxistifadəlik ağır raketlə baş tutacaq.

The Washington Post

2013-cü ilin avqust ayında Bezos The Washington Post qəzetini və onun bütün əlavələrini satın aldı. Bu sövdələşmə Ceffə 250 milyon dollar nağd vəsait bahasına başa gəldi. Qeyd edək ki, qəzetin keçmiş sahibi Donald Qrehem öz biznesindən çox çətin əl çəkdi, axı onun ailəsi bu qəzeti hələ 1933-cü ildə almışdı və 4 nəsil boyu idarə edirdi. Sonralar o, belə deyəcək: «The Washington Post bir şirkətin mülkiyyəti olaraq həyatda qala bilərdi, amma biz daha çoxunu etmək istəyirdik. Mən demirəm ki, bu, uğura zəmanətdir, lakin uğur qazanmağa daha çox fürsət verən amildir». Prezident seçkiləri ərəfəsində Donald Tramp Bezosa qarşı ittiham irəli sürərək demişdi ki, o, qəzeti Amazonun «vergi sığınacağı» kimi istifadə edir. Bezosun cavabı gecikmədən gəldi. Bezos Tvitter hesabından Trampa təklif etdi ki, getsin «o tərəfə», yəni kosmosa. Və əlavə etdi: «Blue Origin raketində onun üçün yer saxlamışıq».

Xəyallar gerçək olur

Bugün Amazon satıcısız mağazalardan süni intellektli «ağıllı akustik sistemlər»ədək bir çox maraqlı ideyaları tətbiq etməklə məşğul olan nəhəng korporasiyadır. Amazon Echo akustik sistem vasitəsilə işləyən və bütün kommunikasiyaların səsli əmrlər üzərində qurulan Alexa virtual köməkçi barədə dəfələrlə yazmışdıq. Köməkçi müxtəlif reseptləri, son xəbərləri oxuyur, evdə musiqini, elektrik cihazlarını, istilik sistemini işə salır, alış-veriş üçün siyahı tutur, hətta Amazon-a birbaşa sifariş verə bilir. Hələ ki, Alexa mükəmməl deyil, lakin hazırda bazarda mövcud olan və soyuduculardan avtomobillərədək hər yerdə rastlana bilən ən yaxşı təklifdir.

2016-cı ilin dekabr ayında Amazon kassasız ərzaq malları mağazasını açdı. Daxil olan müştəri əvvəlcə smartfonunun ekranında çıxan ştrix-kodu skan edir, sonra isə istədiyi malları toplayıb çıxır. Mağazada quraşdırılmış kameralar hansı müştərinin hansı malı aldığını qeydə alır, ardından alış-verişin yekun məbləği müştərinin Amazon hesabından çıxılır. Belə mağaza test rejimində Sietlda fəaliyyət göstərir. Hələlik mağaza sadəcə Amazon əməkdaşlarına xidmət göstərir, lakin cari il ərzində digər müştərilər də mağazadan faydalana biləcəklər.

Amazon çox sayda anbar və tərtibat mərkəzinin sahibidir. Ola bilər ki, yaxın gələcəkdə şirkən kuryer xidmətlərindən imtina edib müştərilərə sifarişləri özü çatdıracaq. Amazon şirkətinin hətta yük təyyarələri də var. Lakin belə adi fikirlər dirijablda anbar qurmağı xəyal edən Bezosa daxırdırıcı gəlir. 2016-cı ilin aprelində Amazon məhz belə sistemi patentləşdirmək üçün ərizə verdi. Fikir ondan ibarətdir ki, bu və ya digər məhsula böyük tələbat müşahidə olunan məntəqələrin üzərində, 13 kilometrlik hündürlükdə anbar kimi istifadə olunan dirijabllar yerləşdirilir. Məsələn, idman yarışı keçirilən stadionun üstündə. Sifariş olunan mallar dirijabldan drona yerləşdirilir və dron yerə atılır. Yerə çatmadan bir qədər əvvəl dronun motoru enişi yumşaltmaq məqsədilə işə salınır. Malı çatrıdıqdan sonra dronlar toplanır və xüsusi məkiklə təkrar dirijabla qaytarılır. Qeyd edək ki, nalların tam avtonom rejimdə işləyən dronlarla çatdırılması Amazon strategiyasının tərkibi hissəsidir. Ötən ilin dekabr ayında Kembricdə kommersiya yönümlü çatdırılmalar başladı. Bezos deyir ki, bu üsulla çatdırılan ilk məhsul kitab olub. Kitablar uçaraq sifarişçiyə 13 dəqiqə ərzində çatdırılıb.

Softline подтвердила свою экспертизу по построению IoT-систем на производстве
Капитализация рынка криптовалют впервые превысила 30 млрд. долларов
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!