spot_img
24 апреля, 2024
ДомойТелекомСтатьи2017-ci il üçün 15 texnoloji trend

2017-ci il üçün 15 texnoloji trend

VentureBeat jurnalı frog dizayner studiyasının 2017-ci ildə maşın təlimi və süni intellekt texnologiyalarının necə inkişaf edəcəyi haqqında materialını dərc edib. Infocity redaksiyası öz oxucularını həmin məqalənin əsas məqamları ilə tanış edir.

  1. Avtomobil yeni super qəhrəman rolunda

Dünyada hər il avtomobil qəzalarında 1,2 milyon adam həlak olur. Məqalənin müəllifləri belə hesab edirlər ki, avtonom nəqliyyat vasitələri “bəşəriyyəti bəşəriyyətin özündən xilas edəcək”. Statistikaya görə, qəzaların 90%-i sürücülərin günahı üzündən baş verir. «Bununla belə, özünü idarəedən avtomobillərin ən atəşli tərəfdarları da etiraf edirlər ki, qəzalara pilotsuz avtomobillər də düşə bilir. Odur ki, belə avtomobillərin istehsalçıları yaxın gələcəkdə bu məsələni həll etməli olacaqlar».

«Qəza baş verdikdə avtomobildən tələb olunan insan həyatını qurtarmaqdır — həm sərnişinlərin, həm də piyadaların. Pilotsuz avtomobildəki insan artıq sürücü deyil, qiymətli yükdür. Belə halda, insan təhlükədə olmadığından əmin olmaq istəyir və buna tam haqqı var».

Digər tərəfdən, müəlliflər vurğulayır ki, sürücü üçün anlamsız görünən bir çox manevr pilotsuz avtomobil tərəfindən məntiqli kimi qiymətləndirilə bilər.

Təsəvvür edin: qırmızı işıqda dayanan avtomobil birdən-birə yerindən sıçrayaraq hərəkətə keçir. Əslində, belə gözlənilməz manevri pilotsuz avtomobil arxa oturacaqda əyləşən sərnişinlərin həyatını xilas etmək üçün edir, çünki arxadan insan tərəfindən idarə olunan bir avtomobil yüksək sürətlə ona yaxınlaşır və saniyələr sonra dəhşətli toqquşma baş verə bilər! Burada söhbət nəinki «ağıllı» avtomobillərdən, hətta həyatımızı xilas etmək üçün avtomobillərin birgə hərəkət etdiyi «ağıllı» trafikdən gedir.

  1. Tibb və Big Data

İndi tibb və səhiyyə sistemi hər yerdə eyni şəkildə işləyir. «Bəs xəstələrin vəziyyəti və tibbi mütəxəssislərin mövcudluğu haqqında məlumatlara əsaslanan «nöqtə» yanaşması tətbiq edilsə, onda necə?».

Misal olaraq, məqalədə San-Fransiskonun Kaliforniya Universitetində tətbiq olunan sistem gətirilir. Buradakı həkimlər xəstələrdən sadəcə xəstəlik və simptomlar barədə deyil, eləcə də yaşadıqları sosial, iqtisadi və ekoloji şərait haqqında soruşurlar. Tədqiqatçıların fikrincə, belə yanaşma həkimlərə xəstəlik səbəblərini, müalicə mexanizmlərini daha effektiv müəyyən etməyə, habelə müəyyən ekoloji və iqtisadi “zonalarda” tez-tez qeydə alınan xəstəlikləri aşkar etməyə və onların qarşısını almağa kömək edir.

  1. «Ağıllı» mühit

Müəlliflər əmindir ki, mənzillər və evlər artıq adi məskən rolunu oynamayacaq, əksinə, gələcəkdə insan həyatında bilavasitə iştirak edəcək. Müxtəlif ötürücülərin geniş istifadə olunması, qiymətlərin aşağı düşməsi, maşın təlim texnologiyalarının inkişaf etməsi ilə klinikalarda, mağazalarda, laboratoriyalarda və s. yerlərdə məkanın daha effektiv təşkil olunmasına dair məlumatlar çoxalacaq. Texnologiyalar eləcə də yaşayış yerlərinin də ev sahiblərinin vərdiş və zövqünə uyğun təşkil etmək üçün məsləhətlər verəcək.

Misal üçün, xəstəxana palataları elə tərtib olunacaq ki, xəstələrin ehtiyaclarına uyğun olsun: burada işıqlandırmanın, səsləndirmənin gücü dəyişə biləcək və s. Bunun sayəsində həm xəstələr özlərini daha rahat hiss edəcək, həm də tibbi müəssisələrin xərcləri optimallaşdırılacaq.

  1. Şou-biznes

Sony korporasiyasının CSL tədqiqatçılıq laboratoriyası 2016-cı ildə süni intellektin alqoritmləri vasitəsilə yazılmış və bəstəkar tərəfindən bir qədər “sahmana salınmış” Daddy’s Car mahnısını təqdim etdi. Video oyunlarda da müxtəlif səviyyələr üçün prosedura generasiyasından istifadə olunur. 2016-cı il London kino festivalında isə ssenarisi süni intellekt tərəfindən yazılan kinofilm nümayiş etdirildi.

«Bir mahnının hit olacağını əvvəlcədən necə bilmək olar? Ya da, bir filmin «Oskar» alacağını? Mahnı və ssenari yazan alqoritmlər yaxın gələcəkdə inkişaf etməkdə davam edəcək. Bunu yaradıcılığın yeni üfüqü kimi qəbul edə bilərsiniz» — məqalə müəllifləri belə deyir.

  1. Sintetik qida və kənd təsərrüfatı populyarlıq zirvəsində

Tədqiqatçılar hesab edirlər ki, dünyada istehsal tullantılarının azalmasına ciddi ehtiyac var. Bəşəriyyət fəal şəkildə iqlim dəyişikliyinə qarşı mübarizə aparır. Bununla yanaşı, istehsalçılar da öz növbəsində ətraf mühitə mümkün qədər az ziyan vurmaq, heyvandarlıq məhsullarını mümkün qədər sintetik məhsullarla əvəz etmək üçün səy göstərir.

Burada iki yeni istiqamət formalaşmaqdadır: biri ərzaqların bitki əsaslı zülallardan hazırlanması, digəri isə heyvandarlıq məhsullarının laboratoriya mühitində süni şəkildə əldə edilməsidir.

Məqalə müəlliflərinin fikrincə, 2017-ci ildə «gələcəyin ərzaqları» sahəsində daha çox layihə ərsəyə gələcək. «Bu layihələr vegetarian paradiqmasından fərqli olacaq, ərzaqlar isə daha dadlı olacaq».

  1. Biznes-botlar

Müəlliflər deyir ki, süni intellekt sahəsində aparılan araşdırmalar şirkətlərin biznes proseslərinə getdikcə daha dərin təsir edəcək. Botlar şirkətin fəaliyyətini tənzimləyəcək, prosesləri avtomatlaşdırmağa kömək edəcək.

Təsəvvür edin ki, bir təşəbbüskar hipsterlər üçün vintajlı elektrik skeytbord biznesini qurmaq qərarına gəlib. Araşdırma və inkişaf botu ştatdankənar dizayner axtarmağa başlayacaq. Əməliyyat botu öz üzərinə istehsalın idarəetməsini, satış və marketinq botu isə məhsulun bazarda irəliləməsini götürəcək. Biznes-botlar getdikcə daha ağıllı olur, onların bacarıqları isə təşəbbüskarlara biznesi daha sürətli və effektiv şəkildə genişləndirməyə kömək edəcək.

  1. Beyin və həlli mümkün olmayan məsələlər

Məqalədə qeyd olunur ki, virtual reallıqda terapiya daha da sürətli inkişaf edəcək. Bu yol ilə müxtəlif fobiyalar, zərərli vərdişlər, psixoloji problemlər müalicə ediləcək, növbəti mərhələdə isə neyroreabilitasiya və buna bənzər mürəkkəb proseduralar həyata keçiriləcək.

Misal üçün, Mindmaze startap layihəsi insult keçirmiş xəstələrin reabilitasiyası üçün virtual mühit yaradır. Məqalə müəllifləri iddia edir ki, «startaplar buna bənzəyən texnologiyalarla getdikcə daha da çox eksperiment aparacaq, virtual reallıq isə bərpaetmə terapiyasının ayrılmaz parçası olacaq».

  1. Dənizlərin fəth edilməsi

«Dünya əhalisi artmaqda, yerüstü zənginliklər isə tükənməkdə davam edir. Okeanın fəth edilməsi bu vəziyyətin həlli ola bilər. Balıq və dəniz məhsullarının yetişdirilməsi əkinçilik sahələrindən istifadə edilmədən böyük miqdarda ərzaq əldə etmək deməkdir».

  1. Audio interfeyslər

Ötən əsrin 80-ci illərindən başlayaraq istifadəçi ilə kompüter arasında əlaqə demək olar ki, yalnız qrafik interfeys üzərindən həyata keçir. Bunu vurğulayan müəlliflər, «amma istifadəçi ekrandan bezib. Ona yeni, o cümlədən, vizual olmayan interfeyslər lazımdır. Misal üçün, avtomobil istehsalçıları geniş miqyasda audio interfeys tətbiq etməkdədirlər. 2017-ci il audio interfeys ili olacaq», deyir.

  1. Dronlar insanların xidmətində

Ruandada dünyada dronlar üçün nəzərdə tutulmuş ilk hava limanı tikirlər. Hava limanlarına enən dronlar yoxsul və kasıb ölkələrin əhalisini ucuz dərmanlarla təmin edəcək. Bununla belə, dronlarla bağlı layihələrlə yalnız dövlətlər deyil, eləcə də özəl sektor da maraqlanır. «Əvvəllər yalnız iri investisiya həcmli təşkilatların gücü çatdığı humanitar yardımların çatdırılmasını bugün dronlarla həyata keçirmək mümkün olub.»

  1. Verilənlərin avtomatik emal olunması son mil texnologiyası kimi

VentureBeat yazır ki, hava və yollardakı vəziyyət haqqında məlumatların toplanması keçmişdə mənasız bir iş sayılsa da, 2017-ci ildə belə məlumatlar artıq bir çox şirkətin strategiyasında həlledici rolda çıxış edəcək.

Yaxın gələcəkdə real vaxt rejimində alınan məlumatlar əksər şirkətlər üçün həyati önəm kəsb edəcək. Onların hava, yol, meşə, okeanda balıqların sayı və sair məlumatlara böyük ehtiyacı olacaq. Müəlliflər hesab edirlər ki, belə məlumatlar sadəcə Google və ya Microsoft kimi nəhənglər tərəfindən deyil, eləcə də müxtəlif startapları tərəfindən geniş istifadə olunacaq.

  1. «Ağıllı» tikinti

Müəlliflərin fikrincə, binalarda, yollarda, hətta şəhərlərin tamamında elektrik enerjisindən və digər resurslardan daha səmərəli faydalana bilmək üçün süni intellekt texnologiyalarından istifadə ediləcək. Onlar hesab edirlər ki, yaxın gələcəkdə evlərdə temperaturu aşağı salmaq üçün yalnız hava cərəyanından və günəş enerjisindən istifadə olunacaq.

Bu tendensiya şəhərlər üçün, otel biznesi üçün, eləcə də başqa sahələr üçün yeni imkanlar yaradacaq. Misal üçün, MGM Resorts, Wynn və Las Vegas Sands otelləri artıq günəş enerjisi sistemləri ilə təmin olunub. Bunun sayəsində otel sahibləri xərclərə qənaət edəcəklərinə və ekoloji baxımdan şüurlu müştəriləri cəlb edə biləcəklərinə inanırlar.

  1. On-demand modeli ilə virtual reallıq

Müəlliflər elə düşünürlər ki, 2017-ci ildə konsert və digər böyük tədbirlərə, məsələn, Beyonsenin konsertinə, ya da UEFA Çempionlar Liqası matçına VR biletlərin satışı biznesi olduqca populyarlaşacaq. Virtual reallıqdan başqa sahələrdə də istifadə olunacaq. «Virtual reallıq evdən bayıra çıxmadan zaman və məkanda kiçik səyahət etməyə imkan verir. VR haqqında beyin üçün asan və əlçatan istirahət kimi düşünün».

  1. Robot texnikanın yüksəlişi

«Robot yaratmaq asan iş deyil. Üstəlik, insanlardan fərqli olaraq robotların nə edəcəyi əvvəlcədən məlumdur. İnsanlar gündəlik həyatlarında robotlarla getdikcə daha da çox üzləşəcək, bu da texnologiyaların daha humanistik olmasını gündəmə gətirəcək», — deyə, müəlliflər qeyd edir.

Son bir neçə ildir ki, robotlar insana daha çox bənzəməyə başlayır — sözün həm əsl, həm də məcazi mənasında. Burada əldə edilən nailiyyətlər bir çox sahələrdə faydalı olacaq. «Yumşaq robot texnikası» elə bir sahədir ki, tərtibatçılara sadəcə insan aləmində deyil, eləcə də bitkilər və canlılar aləmində də ilham verəcək. Misal üçün, «yumşaq robot texnikası» texnologiyaları həkimlərə və səhiyyə işçilərinə təkçə xəstələri sağaltmağa deyil, eləcə də insan orqanizminin necə işlədiyini başa düşməyə kömək edəcək.

  1. Maşın təlimi texnologiyalarından dərs almaq

«Artıq neçə ildir ki, maşın təlimi texnologiyalar sahəsində əsas trendlər siyahısına daxildir. Lakin 2017-ci ildə biz maşın təlimi texnologiyalarının nələrin öyrənə biləcəyindən ziyadə, bizim bu texnologiyalardan nələri öyrənə biləcəyimiz üzərində dayanacağıq. Gələcəkdə insanlar sadəcə bir-birindən deyil, eləcə də maşınlardan öyrənə biləcəklər. Necə ki, bugün biz musiqi tövsiyə xidmətlərindən faydalanaraq özümüz üçün yeni musiqi aşkarlayırıq, — deyə, məqalə müəllifləri misal gətirir. — Gələcəkdə biz onlardan bir çox şey, o cümlədən, yazıçılıq və tərcüməçilik öyrənəcəyik».

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,049ФанатыМне нравится
1,019ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -