spot_img
28 марта, 2024
ДомойТелекомСтатьиŞtepsel və rozetkalar: Hansı ölkədə hansı növ rozetkalar işlənir?

Ştepsel və rozetkalar: Hansı ölkədə hansı növ rozetkalar işlənir?

XIX əsrin sonlarından indiyədək elektrik enerjisi çatdırılmasının ən yaxşı yolunu tapmaq üçün axtarışlar dayanmadan davam edir. İlk elektrik lampası yanandan bəri bəşəriyyət sözün əsl mənasında məftillərin içində çaşıb qalıb. Məftil və kabellər bina və küçələri, şəhər və ölkələri sanki hörümçək toruna salaraq bir çox problemə səbəb olub. Dirəklərdən, damlardan asılan kabellər nəikni şəhərin görünüşünü pozur, eləcə də ciddi təhlükə yaradır. Evdə belə masanın altında gizlənən kabel yumağı insana narahatçılıq yaradır. Bununla yanaşı, elektrik enerjisinin istehlakçı sayı isə qorxunc sürətlə günü gündən artır.

Ştepsel və rozetkalar

Dünyanı yüksək gərginlik xətlərindən xilas etməyə bir çoxları cəhd ediblər. Nikola Teslanın elektrik enerjisini generatordan istehlakçıya kabelsiz ötürmə təcrübələrini yadınıza salmağa ehtiyac yoxdur. Amma üstündən bir əsr ötsə də, biz hələ də nə elektrik xətlərindən xilas ola bilmişik, nə də ki adicə ştepsel və rozetkalardan. Səyahətə çıxan hər kəs elektrik enerjisinə qoşulmağın narahatçılığını öz üzərində hiss etmişdir. Üstəlik, hər ölkədə fərqli ştepsel və rozetka standartlarının tətbiq olunması əlavə çətinliklərə yol açır.

Dünyada nə üçün belə fərqlər yaranıb?

Söhbət elektrik cihazların doldurulmasına gələn kimi qloballaşma sözünü unudun. Hər yerdə eyni qalan qamburgerdir, ştepsel isə dəyişib durur. Uzağa getməyin — elə MDB məkanının daxilində də bir-birindən fərqli elektrik rozetkalara rast gəlmək olar. Problem köhnə problemdir, həlli hələ də tapılmayıb, odur ki, səyahətə çıxanlar yanlarında doldurma cihazı ilə birlikdə mütləq konverter də götürürlər. Amma rozetkanın tipi hələ dərd yarıdır. Bununla yanaşı getdiyiniz ölkədə bir də şəbəkənin voltajına diqqət yetirmək lazımdır. 100-127 V gərginlik üçün nəzərdə tutulmuş cihazı nəyin baş verəcəyini öyrənmək üçün 220-240 voltluq şəbəkəyə qoşmağı heç kimə tövsiyə etmirik. Amma getdiyiniz ölkənin 220 volt standartını tətbiq etdiyindən əmin olsanız belə, yenə də tələsməyin. Təcrübə göstərir ki, misal üçün, Hindistanda elektrik şəbəkəsinin gərginliyi 100 ilə 300 volt arasında «gəlib-gedə» bilir.

Dünyada ən çox iki gərginlik və tezlik sistemi yayılıb. Bunlardan biri 100-127 V, 60 Hz-lik Amerika, digəri isə 220-240 V, 50 Hz-lik Avropa standartıdır. Lakin bəzən unikal standartlara da rast gəlmək olar. Nəhayət, bəzi ölkələrdə heç standart adlı məfhum da yoxdur. Belə vəziyyətin bir neçə səbəbi var. Əvvəla, burada elektrik enerjisindən istifadə edilməyə başlayarkən texnologiyaların mübarizəsi öz izini buraxıb. Söhbət elektrik cərəyanı şəbəkəsinin dəyişən və ya sabit olması ilə bağlı Tomas Edisonla Nikola Tesla arasındakı qarşıdurmadan gedir. Nəticədə bizə dəyişən cərəyan elektrik stansiyalarının qələbə çalması məlum olsa da, Amerikada ötən əsrin 20-ci, Stokholmda isə 50-ci illərə qədər qurulmağa davam edən sabit cərəyan infrastrukturunu indiyədək dəstəkləmək lazım gəlir.

İkincisi, bir çox ixtiraçı öz nöqtei-nəzərlərindən ən optimal rozetka variantları yaradıblar. Misal üçün, elektrik rozetkası üçün ilk patenti əldə edən 1904-cü ildə Amerikalı ixtiraçı Harvi Hyubbel olub. Həmin rozetka bir növ ştepsel — elektrik patron konverteri idi. Konverter lampa yerinə patrona taxılırdı, bundan sonra isə ona istənilən elektrik cihazı qoşulurdu. Hamının yaxşı tanıdığı «avrorozetka» 1926-cı ildə alman mühəndis Albert Büttner tərəfindən icad edilib. İlk torpaqlanmalı rozetkanın müəllifi isə Filip Labre olub (1927-ci ildə). Yaranmış qatma-qarışıqlığı bir az daha artıran elektrik şəbəkələri quraşdırarkən mövcud rozetka növlərini görməzlikdən gələn və öz ştepsel növlərini istəhlakçılara tətbiq etdirən müxtəlif ölkəmiqyaslı şirkətlər oldu.

Ştepsel və rozetkalar

Üçüncüsü, bu qədər çeşidin yaranmasına öz təsirini istehsal xüsusiyyətləri və xammal problemləri də göstərib. İkinci dünya müharibəsi dövründə mis maddəsinin qıtlığı və birinci növbədə müdafiə sənayesi üçün tələb olunması nəzərə alınaraq Böyük Britaniyada əriyən qısa mis qoruyuculu üşçtekkerli ştepsel istehsal olunmağa başladı. Tezliklə bu ştepsel bütün Britaniya İmperiyasında yayılaraq bir çox Afrika və Asiya ölkələrində istifadə olunmağa başladı.

Qərbi və Şərqi olmaqla iki enerji sisteminə sahib olan Yaponiyanın da adını burada çəkmək yerinə düşər. Hələ XIX əsrin sonunda Avropa 50 Hz, Amerika isə 60 HZ-lik elektrik cərəyanı tezliyinə keçib. 1895-ci ildə Tokio üçün generatorlar Almaniyadan, Osaka üçün isə Amerikadan idxal edildi. O gündən bəri Yaponiyanın enerji sistemi iki ayrı yol ilə inkişaf edir.

Bütün bu səbəblər müxtəlifliyə kifayət qədər yaxşı bəraət qazandırsa da, tələbat kimi sadə bir məfhumu unutmamaq lazımdır. XX əsrin əvvəllərində ölkələrarası səyahətə çıxan insanların sadəcə kiçik bir hissəsi yanlarında portativ elektrik cihazları daşıyırdılar. Başqa sözlə, səyahət edənlərin ağlına rozetka-ştepsel müxtəlifliyi problemi gəlmirdi.

Rozetka herbarisi

1998-ci ildə ABŞ-ın ticarət nazirliyi tərəfindən hər növ rozetka və ştepsellərə latın hərflərindən ibarət şərti adlar verdi. O gündən bəri həmin təsnifat bütün dünyada qəbul olundu.

Ştepsel və rozetkalar

Type A Şimali və Mərkəzi Amerikada, habelə Yaponiyada istifadə olunur. Ştepsel iki yastı paralel kontaktdan ibarətdir, lakin Yaponiyada onlar eyni olduğu halda, Amerikada biri digərindən bir qədər enlidir.

Type B də öz növbəsində Şimali və Mərkəzi Amerikada, habelə Yaponiyada istifadə olunur. Type A ilə onun arasındakı yeganə fərq torpaqlanma kontaktının olmasındadır. Type В daha çox Amerikada rəğbət qazanıb, Yaponiyada isə nisbətən az yayılıb.

Type C Böyük Britaniya, İrlandiya, Kipr və Malta istisna olmaqla bütün Avropa ölkələrində istifadə olunur. Bu növ artıq müasir sayılmasa da, hələ də istifadə olunur. Hazırda Avropada daha çox E, F, J, K və L tipləri istifadə olunur.

Type D Hindistan, Nepal, Namibiya, Şri-Lanka, habelə Böyük Britaniya və İrlandıyanın bəzi bölgələrində istifadə olunur. Bu, köhnə Britaniya növü öz “vətən”ində 1962-ci ilədək istifadə olunurdu.

Type E Fransa, Belçika, Polşa, Slovakiya, Çexiya, Tunis və Mərakeşdə istifadə olunur.

Type F eyni zamanda «Schuko» adı ilə məşhurdur. Bu tip Almaniya, Avstriya, Niderland, İsveç, Norvec, Finlandiya, Portuqaliya, İspaniya və bəzi Şərqi Avropa ölkələrində istifadə olunur. Sovet İttifaqı dağılmadan əvvəl burada daha çox Type C ştepsellərindən istifadə olunsa da, sonradan postsovet ölkələrinə miras olaraq Type F rozetkaları qaldı.

Type G Böyük Britaniya, İrlandiya, Malayziya, Sinqapur, Honqkonq, Kipr və Maltada istifadə olunur.

Type H İsraildə istifadə olunur.

Type I-ə Avstraliya, Yeni Zelandiya, Papua-Yeni Qvineya, habelə Argentina da rast gəlmək olar. Həmin tip həm ikili, həm də üçlü (torpaqlanmalı) ştekkerli ola bilər.

Type J yalnız İsveçrə və Lixtenşteyndə istifadə olunur.

Type K yalnız Danimarka və Qrenlandiyada istifadə olunur.

Type L yalnız İtaliyada və çox nadir hallarda Şimali Afrika ölkələrində istifadə olunur.

Type M isə Cənibi Afrika Respublikası və bir sıra Afrika ölkəsinə məxsus unikal rozetka tipidir. Bundan başqa daha bir neçə nadir rozetka tipləri mövcuddur. Onlar haqqında ətraflı məlumatla http://www.worldstandards.eu/electricity/plugs-and-sockets/# keçidində tanış olmaq mümkündür.

Səyahətçinin bilik baqajı

Bütün cədvəli əzbərləmək yerinə bu keçiddən istifadə etmək daha məqsədəuyğundur: http://www.iec.ch/worldplugs/list_bylocation.htm. Ölkə adını daxil edib rozetka, elektrik şəbəkəsinin gərginliyi və tezliyi haqqında lazımi məlumatla tanış olun. «Map» qismində rozetka növlərinin yayılmasını əyani şəkildə görmək mümkündür. Lakin bu xəritə də bəzən sizə yardım edə bilməkdən aciz qala bilər. Misal üçün, Braziliyanın hələ də özünə xas elektrik gərginliyi standartı yoxdur. Bu ölkəyə səyahət edərkən həm 127 V, həm 220 V-luq şəbəkəyə rast gələ bilərsiz. Maldivlərdə də vəziyyət eynidir.

4

Yaxşı ki, indi adapterlərin çoxu elə istehsal olunur ki, 100 V — 240 V arasındakı elektrik şəbəkələrində işləyə bilsin. Problemlərin böyük qismi əvvəlcədən tədarük edilən universal konverter və doldurma adapterlərlərlə aradan qaldırılır. Amma unutmayın ki, dünyada elə yerlər var ki, texnika və texnologiyanın inkişafı oralara hələ də çatmayıb (universal konverterlər Afrika ölkələrində istifadə olunan bir sıra xüsusi rozetkalara uyğun gəlmir).

Rozetka probleminin həllində ümid işığı varmı?

Elektriklə bağlı standartlaşdırma cəhdləri ötən əsrin 30-cu illərində başlayıb. 1970-ci ildə universal rozetka standartı yaradıldı, lakin dünyada istifadə olunan milyonlarla müxtəlif tip rozetkaların dəyişdirilməsi külli miqdarda vəsait tələb edir. Standartları birləşdirmək yolunda cəhdlər hələ də davam edir, amma bu prosesin nə vaxt uğurla nəticələnəcəyini proqnozlaşdırmaq son dərəcə çətindir. Ehtimal etmək olar ki, gələcəkdə bu məsələ öz həllini USB girişi və ya kabelsiz doldurmanın qlobal miqyasda yayılması əsasında tapa bilər, lakin bunun nə vaxt baş verə biləcəyi naməlumdur.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,056ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
710ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -