spot_img
19 апреля, 2024
ДомойТелекомСтатьиEV KİNOTEATRI: yaradıldığı ilk gündən günümüzədək

EV KİNOTEATRI: yaradıldığı ilk gündən günümüzədək

Bugün kinoteatrlar sözün əsl mənasında ailəvi əyləncə mərkəzinə çevrilib. Yaxşı, bəs divanda uzanıb istirahət etməyə üstünlük verənlər nə etsinlər? Axı səbəb sadəcə tənbəllik deyil, bəzən vaxt qıtlığı, ya da repertuardan asılı olmamaq istəyi də ola bilər. Vəziyyətdən çıxış yolu isə «ev kinoteatrları» adlı audio/video sistemlərdir: bu sistemlər sizi çıxıb evdən kənarda böyük ekranda filmə tamaşa etməkdən azad edib «böyük» kinematoqrafın nailiyətlərini ayağınıza gətirir və istədiyiniz filmləri sizə ev şəraitində nümayiş etdirir.

home-theater

Ev kinoteatrı çoxdan tanıdığımız iki hissənin birləşməsindən ibarətdir. Bunların biri televizor, digəri isə musiqi stereosistemdir. Bu tərkibi hissələrə müxtəlif əlavələr edilib və nəticədə onlar müasirləşdirilib. Üstəlik, onlara çox mühüm bir hissə: videoproqram mənbəi əlavə olunub. Bugünkü ev kinoteatrı tam ekranlı video görünüşünə, çoxkanallı səsə malik, görünüşü və səsi ayrı-ayrılıqda təmin edən tərkibi hissələrdən ibarət sistemdir. Ev kinoteatrının standart dəstinə aşağıdakılar daxildir:

— Video görünüş qurğusu (televizor, LCD-panel, plazma paneli, ya da ekranlı proyektor);
— DVD- , ya da Blu-Ray səsləndirmə cihazı;
— AV-qəbuledici (resiver) və akustik dəst.

Videoproqram mənbələri

av-r 1

Ev kinoteatrlarının yaranmasına gətirib çıxardan ilk addım məişət videomaqnitafonları olub. Belə videomaqnitafonların ilk modellərinin (bunlardan ən populyar VHS sistemləri idi) həm görünüş (efir televiziyasından iki dəfə pis), həm də səs keyfiyyəti (orta dalğa radio yayımının səs keyfiyyətinin səviyyəsində) olduqca aşağı idi. İrəliyə atılan növbəti addım həm daha keyfiyyətli görünüş, həm də Hi-Fi keyfiyyətində stereo səs təmin edən Super-VHS sistemli videomaqnitafonlar olsa da, onların meydana çıxışı gecikmişdi. Çünki tezliklə ərsəyə prinsipçə tamamilə yeni videoproqram daşıyıcıları gəldi.

Laserdisc formatlı disklər hələ ötən əsrin 70-ci illərində ortaya çıxmışdı. Həmin disklər o vaxtlara görə görünüş və səs keyfiyyətini tamamilə yeni səviyyəyə qaldıra bildi. Mühüm cəhətlərdən biri də o idi ki, həmin disklərə həm rəqəmsal, həm də çoxkanallı səs yazmaq mümkün idi. Bu böyük (diametri 30 cm), tezsınan və bahalı, bir tərəfinə 60 dəqiqədən çox videoyazı yerləşməyən disklərin istifadəsi rahat deyildi, çünki bir filmi iki diskə yerləşdirmək olurdu və beləliklə filmin ortasında diski əl ilə dəyişdirmək ehtiyacı yaranırdı. Buna baxmayaraq həmin disklər ABŞ və Yapinoyada müəyən rəğbət qazansa da, kütləvi şəkildə yayıla bilmədi. 2000-ci ildə lazer disklərin istehsalının dayandırılması ilə eyni zamanda onların tarixi də bağlandı. Ötən əsrin 80-ci illərin sonlarında yeni audio daşıyıcıları — kompakt disklər (CD/DA, Compact Disc Digital Audio), sonra isə, 1992-ci ildə etibarən onların əsasında VideoCD formatlı video disklər də yaradıldı. Bu disklərə video proqram aşağı keyfiyyətli MPEG-1 formatında (təxminən 352х288 çözümlülüklü VHS maqnitafonunun keyfiyyəti) və stereo səs ilə yazılırdı. Əlavə olaraq həmin disklərə istifadəçilərə əlavə rahatlıq təmin edən sadə menyu yazmaq olurdu. Amma ən mühüm üstünlük ondan ibarət idi ki, bu disklərin istehsalı olduqca ucuza başa gəlirdi. Amma nə isə ki, VideoCD də öz növbəsində ev kinosunda çevriliş yarada bilmədi.

Əsl çevriliş isə 1995-ci ildə DVD formatlı disklərin ortaya çıxması ilə baş verdi. İstehsal maliyyəti zərrə qədər az olan (demək olar ki, CD istehsal maliyyətinə bərabər) bu disklərə CD ilə müqayisədə 5-10 qat çox məlumat yazmaq, videoproqram və səs keyfiyyətini də elə bir o qədər artırmaq mümkün idi. Eyni zamanda, bir diskdə bütöv filmi yerləşdirmək mümkün oldu. MPEG-2 kodlaşdırması, disk üçün yaxşılaşdırılmış menyu və tənzimləmələr, audiozolaq formatlarının geniş çeşidi, subtitrlər və sair üstünlüklər evdə videoproqrama tamaşa etmək anlayışında köklü dəyişikliklərə yol açdı.

Müasir DVD pleyerləri MP3, MPEG-4, DivX, Xvid, WMV və bunun kimi bir çox formatlarda yazılmış diskləri oxuya bilir, eyni zamanda isə kütləvi tələbat modellərinin qiymətləri 40-70 dollar arasındakı səviyyəyə düşüb. Müasir ev kinoteatrının əsasını da məhz DVD-pleyer təşkil edir.

Əlbəttə, pleyer müasir videoproqramların yeganə mənbələri deyil. Efir televiziyası, xüsusilə peyk, kabel və DVB (və ya ABŞ-dakı ATSC) formatlı televiziya da MPEG-2 formatından istifadə edib çoxkanallı səslə müşaiyət oluna bilir. Digər mənbələr, məsələn, videomaqnitafonlar, kompüterlər və İnternet verilişi də öz tövhəsini verir. HD DVD və Blu-Ray Disc tipli lazer disklərin ən son formatları qat-qat çox geniş həcmə malikdir və ev şəraitində 3D format daxil olmaqla yüksək (HD TV) və fövqəlyüksək (UHD TV) görünüş və mühüm dərəcədə yaxşılaşdırılmış keyfiyyətli səs müşaiyəti təmin edir.

Səs

Picture 010

DVD-pleyer yüksək keyfiyyətli, istər stereo, istərsə də çoxkanallı səs təmin etməyə qadirdir. Stereo səs dinləyiciyə iki akustik sistemdən («dinamik»dən), ya da qulaqlıqdan çatdırılır. Beləliklə dinləyicinin qarşısında səs panoraması yaradılır və insan qulağı bu panoramanı iki akustik sistem arasındakı məhdud sektorda qəbul edə bilir. Yaxşı yazılmış stereo səs yetərincə gözəl səs təəssüratı yaradır, odur ki, bir çox sadə ev kinoteatrı məhz stereo akustika ilə kifayətlənir. Buna görə istənilən DVD-diskdə standartlara uyğun stereo səs zolağı, eyni qaydada, istənilən DVD-pleyerin də adi stereofonik çıxışı olmalıdır. Belə formatdakı səs adətən sıxışdırılmamış halda yazılır və bunun sayəsində hər hansı itki baş vermir. Beləliklə, səsləndirmə keyfiyyətinə görə həmin format yalnız ən müasir DVD-Audio və Super Audio CD formatlarından geridə qalır.

Səs pamoramasının dinləyicini tamamilə əhatə edə biləcək vəziyyətə gətirilməsinə yönəldilmiş cəhdlər hələ ötən əsrin 70-ci illərindən başlayaraq, kvadrofonik sistemlərin yaradılmasından bəri aparılırdı. Lakin texnologiyalar, eləcə də musiqi və kino industriyası «çevrələyən» səs üçün demək olar ki, yalnız 1990-cu ildə «yetişdi». Bir də unutmayaq ki, bu texnologiyalar bizim evimizə məhz ənənəvi kinoteatrdan gəldi. Yuxarıda adını çəkdiyimiz texnologiyaların inkişaf prosesində liderliyi öz əlində Dolby Laboratries, Inc. şirkəti tuturdu. Bu şirkətin ilkin texnologiyalarından biri sayılan Dolby Stereo əslində stereo sisteminə üçüncü, arxa çevrələmə kanalını əlavə edirdi. Bu sistemin 1982-ci ildə Dolby Surround adlı ev variantı çıxdı. 5 il sonra isə bazara yaxşılaşdırılmış Dolby Pro Logic varıantı təqdim olundu. Həmin varıantda artıq ön və arxa kanalı daxil olmaqla tam 4 səs mənbəi vardı.

Kinematoqrafçılar səsi kinoteatr zalında daha təsiredici hala gətirmək əzmi ilə sistemə «sabvufer» (subwoofer)adlı əlavə element əlavə etdilər. Söhbət çox güclü xüsusi səs reproduktorundan gedir. Həmin qurğu yalnız xüsusi (LFE, lowfrequency effects) kanalında yazılmış alçaq tezlikli səsləri canlandırırdı. Bu kanaldan yayımlanan ildırım çaxmalarının, top atışlarının, dağ uçqunlarının gurultusu dinləyiciləri «içəridən» sarsırİlk dəfə belə kanal 1993-cü ildə «Yur dövrü parkı» filminin nümayişi zamanı DTS (Digital Theater Systems, компания DTS, Inc.) sistemində tətbiq olundu. Sistemdə «5.1», yəni, 5 tam üstəgəl 1 alçaq tezlikli, cəmi 6 kanaldan istifadə olunmuşdu:

— frontal sağ və sol;
— mərkəzi;
— sağ və sol çevrələyən;
— sabvufer (alçaq tezlikli effektlər kanalı).

Geniş şəkildə yayılmış və AC-3, Adaptive Transform Coder 3 adı altında da məşhurlaşan Dolby Digital sistemi eyni imkanlara malikdir. Bu system ilk dəfə 1992-ci ildə «Betmenin qayıdışı» filmində tətbiq olunub. Sonralar hər iki çoxkanallı sistem kinoteatrlardan çıxıb ev şəraitində də tətbiq olundu.

DTS və Dolby Digital formatlarında yazılmış audio məlumatların dekodlaşdırılması üçün xüsusi rəqəmsal dekoderlər tələb olunur. Həmin dekoderlər ya DVD-pleyer (və ya DVB-televiziyasını qəbul edən ТV-tüner), ya da səs gücləndirici və AV-resiverlərə quraşdırılır. Dolby Digital sistemi DVD-disk və rəqəmsal veriliş üçün standart olaraq qəbul edilib.

Bu standart başqa çoxkanallı variantları da, o cümlədən, monofonik və müxtəlif birləşməli 2,3,4 və ya 5 kanalı, eləcə də LFE kanalını qəbul edir. Axra kanal üçün Dolby Pro Logic sistemindəki kimi əlavə kodlaşdırma tətbiq oluna bilər. Belə halda sistemin adı Dolby Digital Surround EX olaraq dəyişir və kanalların sayı 6.1 və ya 7.1 olur).

Sistemin hazırdakı ən müasir Dolby Digital Plus variantı 7.1 formatlı səs və 1,7 mbit/s-dək bitreytli olduqca yaxşılaşdırılmış kodlaşdırma keyfiyyətini yaradır. Dolby TrueHD variantı isə itkisiz kodlaşdırma ilə 7.1-ədək 8 mbit/s-li bitreytli və yaxşılaşdırılmış keyfiyyətli rəqəmsallaşdırmanı dəstəkləyir. Əlavə olaraq burada həm də daha yaxşı səs və məhdudiyyətsiz sayda səs kanallı DTS-HD Master Audio formatı da tətbiq olunur.

Video

Home cinema

Ev kinoteatrlarının tarixi görünüş keyfiyyəti uğrunda aparılan mübarizə tarixidir. Görünüş keyfiyyəti iki faktordan asılıdır:

— daşıyıcıya yazılmış və ya efirdən qəbul olunan videonun keyfiyyətindən;
— displeyin, yəni görünüşü tamaşaçıya təqdim edən qurğudan (televizor, proyektor və s.).

Video göstərmə qurğuları uzun zaman «efir televiziyasının səviyyəsinə çataq» anlayışı ilə inkişaf edib. Doğrudan da, nə ilk videomaqnitafonlar, nə də VideoCD diskləri istənilən görünüş keyfiyyətini təmin etmirdi. Üstəlik, kütləvi şəkildə istifadə olunan «kompozit» və ya «mürəkkəb» (CV) interfeysi prinsip etibarı ilə efir televiziyasını öteb keçməyə imkan yarada bilmirdi. Nisbətən kiçik diaqonallı televozorlardan istifadə edənləri belə vəziyyət qane edirdi, lakin ev kinoteatrı konsepsiyası inkişaf etdikcə, ekranın həm ölçüsü, həm də keyfiyyəti artdıqca, «mürəkkəb» («kompozit») videonun nöqsanları daha aşkar şəkildə ortaya çıxmağa başladı.

S-Video (Separate Video) interfeysi ilə birgə Super VHS videomaqnitafonların ərsəyə çıxması (məhz buna görə də bu interfeysi səhvən S-VHS adlandırırlar) irəliyə doğru ilk addım oldu. Bu interfeys görünüş keyfiyyətini ciddi şəkildə yaxşılaşdırdı. Rənglər daha yaxşı göstərilməyə başladı, «muar» kimi narahatçılıq yaradan hallar ortadan qaldırıldı. Ənənəvi efir televiziyası ilə müqayisədə artıq bu, üstünlük sayıla bilərdi. Bu nöqtədən başlayaraq rəqəmsal televiziyasının tətbiqinədək efir televiziyası artıq keyfiyyət baxımından ev kinoteatrının qarşısında geridə qalmağa başladı.

Bəzi videoların komponent şəkildə (Y, U, V, 4:2:2 formatda) yazıldığı DVD-disklərin tətbiq olunmağa başlaması ilə video siqnalı displeyə elə məhz belə şəkildə — komponent şəkildə, keyfiyyəti s-Video, ya da kompozit video səviyyəsinə endirmədən ötürülürdü. Hal-hazırda keyfiyyətli DVD-pleyerlərin RCA qoşulmalarında YUV (adi televizorların ikisətrdən-bir açılması üçün Y, Cb, Cr) formatlı çıxışları var. Avropa üçün isə SCART qoşulmalarında RGBS formatı nəzərdə tutulub.

Bununla yanaşı DVD-pleyerlər və televizorlar çoxdandır ki, VGA və rəqəmsal DVI/HDMI tipli kompüter interfeyslərini mənimsəyib. Rəqəmsal interfeys görünüşü mənbədən displeyə qədər tamamilə itkisiz gətirib çatdıra bilən bir vasitə olduğu üçün bugün ondan bütün avadanlıq istehsalçıları istifadə edir.

Hal-hazırda ən çox yayılmış televiziya tezlikləri olaraq 4 «amerikan» və bir «Avropa» (576p) tezliyi var ki, bunlar böyük ehtimalla hələ uzun müddət ərzində sərrast görünüşlü televiziyanın və ev kinoteatrların inkişafına istiqamət verəcək:

— 480p — artıq keçmişin standartıdır, çözümlülüyü 640х480 nöqtədir, proqressiv açılımı 60 Hz-dir;
— 576p — çözümlülüyü 720х576 nöqtədir, proqressiv açılımı 50 Hz-dir;
— 720p — çözümlülüyü 1280х720 nöqtədir, proqressiv açılımı 60 Hz-dir;
— 1080i — çözümlülüyü 1920х1080 nöqtədir, ikisətrdən-bir açılımı 30 Hz-dir;
— 1080p — çözümlülüyü 1920х1080 nöqtədir, proqressiv açılımı 60 Hz-dir;

O ki qaldı yüksək aydınlıqlı (UHD) formatına, onun çözümlülüyü 3840х2160 nöqtədir. Bu tip televizorlar hələ ki olduqca bahadır, bu səbəbdən də həmin mövzuya bir-iki il sonra qayıdmaq daha məqsədəuyğundur.

Yeri gəlmişkən, ekranın adi və HD televiziyası üçün ölçülər fərqlidir:

— standart ТV — yündürlük və en 4:3-ədir;
— HD televiziyası üçün — 16:9.

Bu qərar təsadüfi olmayıb. Genişformatlı displey bədii filmlər üçün daha uyğundur. Aydındır ki, 16:9 formatlı videomaterialları eyni ölçülü plazma, proyektor, LCD/LED-televizorların displeylərinə asanlıqla əks oluna bilər. Amma köhnə 4:3 formatını yeni standartlara uyöunlaşdırmaq olduqca çətin olacaq. Adətən «adaptasiya» (və ya uyğunlaşdırma) DVD-pleyerdə baş verir — ya displeyin özündə, ya da xarici miqyaslayıcıda. 16:9 görünüşünün 4:3 ekranına uyğunlaşdırılması da eyni qaydada aparılır.

Kinoteatr videosistemin ikinci mühüm elementi isə əksetdirmə qurğusudur: yəni, televizor, proyektor, plazma-panel və s. Bir çox müasir texnologiyalar displeyi seçmək imkanını yaradır. Nəticədə istifadəçi büdcəsinə və ya digər tələblərinə uyğun istədiyi displey seçə bilir.

Ev kinoteatrlarının növ və xüsusiyyətləri

Picture 010

Sənaye bizə ev kinoteatrlarının həm hazır dəstlərini («qutu» həlləri), həm də elementlərini ayrı-ayrı əldə edib özümüz qura biləcəyimiz dəstləri təklif edir. Hər iki yanaşmanın üstünlükləri və nöqsanları var.

«Qutu» həlləri

Adətən, ev kinoteatrı dəsti DVD- və ya Blu-Ray pleyer və akustik sistemdən ibarət olur. Akustik sistemin tərkibində «çevrələyən» səs effektini yaradan passiv, ya da aktiv səs gücləndiricilər olur (adətən 5 əsas və bir sabvufer). Belə bir həll seçildikdə dəsti yalnız televizor, proyektor, ya da başqa növ displey ilə tamamlamaq qalır — vəssəlam! Minimal baş ağrısı, minimal tənzimləmə işi, bir-birinə yaxşı bir şəkildə uyğunlaşdırılmış komponentlər məhz bu yanaşmanın üstünlüklərindəndir. Bir çox halda belə yanaşma istifadəçini qane edir. Amma qeyd edək ki, belə halda irəli səviyyədə uyğunlaşdırma, yaxşılaşdırma, ya da inkişaf etdirmə imkanları olduqca məhdud olur, hətta heç olmur.

Ayrı-ayrı komponentlərdən qurulan ev kinoteatrları

Ayrı-ayrı komponentləri birləşdirib büdcənizə və çevrənizə tam uyğun gələn ev kinoteatrı yaratmaq olar. Böyük ehtimalla, bu yanaşma daha yaxşı görünüş və səs keyfiyyəti, eləcə də gələcəkdə kinoteatrı güncəlləmək üçün olduqca geniş imkanlar təmin edir. Komponentləri fərdi qaydada seçib kinoteatr dəstini yaratmaq üçün möxtəlif yanaşmalar və bir neçə qoşulma sxemi mövcuddur.

DVD-pleyer və siqnal ötürən digər mənbələr

Bugün ən çox istifadə olunan siqnal mənbəi DVD-pleyerdir. Müasir DVD-pleyerlər demək olar ki, bütün çoxişlənən video və audio formatları, o cümlədən, DVD, VCD, CD və MP3, habelə DivX (MPEG4) kimi formatları dəstəkləyir. DVD-pleyerləri iki qrupa: quraşdırılmış səs dekoderli və dekodersiz qurğulara ayırmaq olar. Pleyerdə çoxkanallı səs dekoderi varsa, onda səs birbaşa pleyerdən dekodersiz akustik sistemə, ya da resiverə ötürülə bilər.

Müxtəlif pleyerlər arasındakı görünüş və səsin keyfiyyət fərqi bir çox halda yalnız böyük ekranda və yaxşı akustik sistemdə, üstəlik, komponentlərin bir-birinə nə dərəcədə düzgün qoşulduğundan asılı olaraq hiss olunur. Bunu nəzərə aldıqda demək olar ki, ən ucuz pleyerlər istisna olmaqla bəyəndiyiniz hər hansı DVD-pleyeri tərəddüdsüz almaq olar.

AV resiver

Siqnalın dekodlaşdırılması və gücləndirilməsi üçün AV-prosesor, AV-gücləndirici və AV-resiverlərdən istifadə olunur. AV-prosessor siqnalı dekodlaşdırıb rəqəmsaldan analoq növünə çevirir. Bu qurğunun içinə gücləndirici quraşdırılmayıb, odur ki, onu aktiv akustika ilə, ya da gücləndirici ilə istifadə etmək lazımdır. AV-gücləndiriciyə gəlincə bu, AV-prosessor ilə çoxkanallı gücləndiricinin birləşməsidir. Nəhayət, ən çox istifadə olunan AV-resiverdir: bu qurğu quraşdırılmış radio-tünerli çoxkanallı AV-gücləndiricidir.

Birmənalı demək olmaz ki, hansı resiver yaxşı, hansı isə pis sayılır. Hər resiverin özünə xas üstünlükləri və çatmazlıqları var. Resiverlər fərqli səslənir, onların özlərinə xas səslənmə çalarlıqları var. Minimal yükləmə 8 (ya da 6) deyil, 4 Ом olmalıdır. Belə halda siz akustik sistemlərlə (AC) bağlı heç bir müqavimət məhdudiyyətlərindən asılı olmayacaqsınız. Akustik sistemin tam müqaviməti (impendans) adətən 2, 4, 6, 8, 16 Ом vsırasında yer alan rəqəmlərdən biri ilə ifadə olunur. Ən çox rastlanan 4, 6, ya da 8 Ом-luq akustikadır, baxmayaraq ki, impendans tezlikdən asılıdır və bəzən 1-2 Ом-a qədər (adətən alçaq tezliklərdə) düşə, ya da əksinə, 30-50 Ом-a qədər yüksələ bilir. Güclü səs üçün akustikanın həssasiyyəti 90 dB-dən artıq olmalıdır.

Bəziləri hesab edirlər ki, qurğunun gücü artdıqca səs daha güclü olur. Amma səsin gücü sadəcə qurğunun gücünə deyil, eləcə də başqa amillərə bağlıdır. Belə ki, həssasiyyət 90 dB-dən az olduqda resiverin gücü akustikanı «laxlatmağa» başlaya bilər. Otağınızın sahəsinə görə resiverin gücü ilə bağlı qısa tövsiyəmiz belədir:

— 12-15 kvadrat metrlik otaq üçün — hər kanala 30-50 w;
— 20-30 kvadrat metrlik otaq üçün — hər kanala 100-120 w;

Akustik sistem

acust

Akustik sistemi seçmək olduqca çətin məsələdir, bu işdə sadəcə özünüzə arxayın olmalısınız. Kim olur olsun, istər ekspert, istərsə də adi istifadəçi olsun, hər kəsin rəyi subyektiv olaraq qalacaq. Bu səbəbdən biz akustika seçiminin yalnız bir neçə meyarını dilə gətirməklə kifayətlənmək istəyirik. Akustikanın müqaviməti (impendans) resiverin minimal yükləmə gücündən az olmamalıdır. Maksimal gücü isə gücləndiricinin/resiverin maksimal gücündən çox olmamalıdır. Nominal güc adətən maksimal gücdən 1,5 — 2 dəfə az olmalıdır.

— Tezliklərin diapazonu — nə qədər çox olsa, bir o qədər yaxşı olar.
— Həssasiyyət: orta həssasiyyət 87-89 dB, yüksək həssasiyyət 90-93 dB, çox yüksək isə 93 dB-dən yuxarı olsun.

Akustik sistemi seçmək üçün müxtəlif yollar var. Bas səsinin dərinliyində fərq goymadıqda «sabvufer+satellitlər» sistemi «iri, yerə goyulan dinamiklər» sistemindən daha ucuz olacaq, amma burada bir nöqsan da var ki, ən yaxşı halda tembr ahəngsizliyi, ən pis halda isə tam uyğunsuzluq və ya «sərhəd» tezliklərdə «qabarıq» səs meydana gələcək. Filmlərin nümayişi üçün səsin dəqiqliyi ilə bağlı tələblərin o qədər də yüksək olmadığını, eyni zamanda da bas tembrlərin ev kinoteatrı üçün daha mühüm olduğunu nəzərə alanda «sabvufer+müşaiyətçi elementlər» sisteminin daha məqbul olacağı ortaya çıxır. Amma Hi-Fi-müsuqiyə gəlincə hər şey tərsinə dönür, çünki burada dərin baslar daha az, tonal baslar və bərabər audio-tezlik xüsusiyyətləri daha ön plana çıxır. Elə buna görə də tövsiyə edirik ki, əgər eyni sistemdə həm filmə baxmaq, həm də müsiqi dinləmək fikrindəsinizsə, sabvuferi söndürüb daha güclü bas imkanları olan akustik sistem alın.

Çalışın, frontal və mərkəzi akustik sistemlər eyni firmanın malı olsun. Hətta dinamiklərin tipi də eyni olsun. Səbəbini açıqlayaq: tembr fərqinə görə, misal üçün, sağdan sola doğru hərəkət edən bir obyektin çıxardığı səsin çalarlığı getdikcə dəyişəcək, beləliklə də səs çevrəsində qeyri-təbiilik yaranacaq. Arxa dinamiklər də yaxşı olar ki, eyni olsun, lakin artıq bu, o qədər də önəmli deyil. Əgər siz sabvuferi yerə qoyulan frontal akustik sistemlərə əlavə kimi alır və müsiqi dinləmək üçün istifadə etmək niyyətində deyilsinizsə, onda həmin sabvuferin əsas vəzifəsi yalnız döşəməni sarsaraq müvafiq effekt yaratmaq olacaq. Belə hallarda adətən başqa firmanın güclü və yoğun səsli sabvuferini almaq daha sərfəli olacaq. Amma əgər rəfə qoyulan sistem vasitəsilə həm də müsiqi dinləmək fikrindəsinizsə, onda frontal akustik sistemlərinizin istehsalçısının məsləhət gördüyü sabvufer alın. (Adətən istehsalçı öz malını məsləhət görür, amma bəzən istisnalar da olur.) Belə halda məsləhət görülən sabvufer ya artıq frontal sistemlərlə uyğunlaşdırılıb, ya da asan bir tənzimləmə ilə uyğunlaşdırıla bilər. Bununla belə, ortaya belə bir nöqsan da çıxacaq ki, musiqinin yaxşı səslənməsinin bahasına filmlərə baxarkən partlayış və gurultuları yetərincə güclü effektlə eşidə bilməyəcəksiniz.

Kabel və məftillər

Akustik sistemlər üçün adətən oksigensiz mis audiokabel seçilir. Frontal və mərkəzi akustik sistemlər üçün 1,5, 2-2,5, 4,0 мм2 -lıq, arxa sistemlər üçün isə 0,75, 1,0, 1,5-2,5 мм2 -lıq kabellər seçilir. Bloklararası kabellər istənilən növ rəqəmsal (HDMI/S-PDIF çıxışlı müasir mənbələr üçün) ola bilər, amma əgər sizin qurğunuz nisbətən «köhnə», misal üçün, HiFi-videomaqnitafon, CD-deka, quraşdırılmış dekoderli DVD və sair isə, onda «tülpan-tülpan» kabeli alın. Yaxşı kontakta nail olmaq üçün qızıl suyuna salınmış uclu kabelləri seçin. Kabelin üstündə ox işarəsi varsa, kabeli müvafiq qaydada qoşun ki, ox mənbədən akustik sistemə istiqaməti göstərsin. Televizov və DVD-pleyerin girişlərindən asılı olaraq sizə ya komponent, ya S-Video, ya SCART, ya da ki, HDMI-kabellər lazım olacaq. Yalnız adı çəkilən növləri tapa bilməsəniz, onda avadanlığı adi «tülpan»la qoşun. Əgər resiverdə və DVD-pleyerdə optik giriş-çıxış varsa, bu halda ən yaxşı həll optik kabeldir. Optik kabellərin daha bahalı növlərinin üstünlüyü yalnız fiziki olaraq daha möhkəm olmaqdan ibarətdir.

Belə bir bahalı mal almadan öncə biz həmin mal haqqında maksimum məlumat toplamağa çalışırıq ki, başımızdakı bu sualın cavabını tapaq: görəsən, mən artıq pul xərcləmədim ki? Razı qalacağammı? Nə deyək, təbii ki, artıq pul xərcləyəcəksiniz! Əks halda, istehsalçı və satıcı nə üçün özünü yorsunlar ki? Onlar mənfəət əldə etmək üçün işləyirlər. Lakin bu məqalədən əldə etdiyiniz məlumatlar sizə satıcı ilə söhbətləşəndə lazım olacaq, çünki həmin satıcı qarşısında məlumatlı adam görəndə başa düşəcək ki, boş reklam vədləri sizə təsir etməyəcək. Nəhayət, bu da bizim son məsləhətimiz: seçdiyiniz ev kinoteatr sistemini rəfdəki növbəti sistemlə müqayisə etməyin, onu sadəcə evinizdə təsəvvür edin. Yalnız bu halda mağazada satılan mallar arasında sizə ən uyğun olanı seçəcəksiniz.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -