spot_img
19 апреля, 2024
ДомойТелекомСтатьиAugmented Reality və ya Artırılmış Reallıq nədir?

Augmented Reality və ya Artırılmış Reallıq nədir?

Təsəvvür edin ki, yeni ev almağa, ya da tikməyə hazırlaşırsınız. Əlbəttə ki, sizi əsas maraqlandıran suallardan biri odur ki, eviniz hazır olandan sonra onun içi necə görünəcək. Bunu əvvəlcədən yalnız interyerin dizayn layihəsində görmək olar. Daha xırda əşyaların necə yerləşdiriləcəyini isə axtıq ancaq təxmin etmək olar. Bunu sadəcə bir misal kimi çəkdik və buna bənzər misallardan çox çəkmək olar. Məsələ isə ondadır ki, artıq belə hallarda köməyə həyatımızın getdikcə böyük hissəsini tutan yeni texnologiyalar gəlir. Diqqətinizə təqdim etmək istədiyimiz AR («augmented reality», yəni «Artırılmış Reallıq») proqramları real həyatda mövcud olmayan obyektləri smartfon və ya planşetdə əks etdirib onların necə görünəcəyini rahatlıqla yoxlamağa imkan verir. AR proqramları həm əyləncə, həm təhsil, həm də biznesdə geyim, tikinti, mebel və s. kimi müxtəlif sahələri əhatə edir.

ar_9

Tarixçə

Artırılmış Reallıq ideyasına ilk dəfə Liman Frank Baumun 1901-ci ildə dərc olunan «Əsas açar» əsərində rastlanır. Həmin əsərdə insanların xarakterlərini onların alınlarından xüsusi eynək vasitəsilə oxumaq imkanı barədə bəhs olunurdu. Maraqlıdır, əsərin sonunda baş qəhrəman zarafatça deyir ki, bu xüsusi eynək zamanından «bir əsr əvvəl» yaradılıb.

ar_6

Morton Xeyliq adlı şəxs isə «virtual reallığın atası» kimi məşhurlaşıb. O, ötən əsrin 50-ci və 60-cı illərində apardığı tədqiqatlar və kəşf etdiyi ixtiralara görə bu ada layiq görülüb. 1962-ci ilin avqust ayının 28-də o, «sensorama» adı verdiyi simulyatorunu patentləşdirdi. Xeyliq bu qurğunu həm də «Təəssürat Teatrı» («Experience Theater») adlandırırdı.

Patent sənədində belə bir qeyd var: «Bugün insanların təlim və məşqlərinin məhz belə yolla keçirilməsinə tələbat getdikçə artır. Çünki bu, real riskləri və təhlükələri aradan qaldırmağa imkan verir». Patentdə virtual texnologiya təsvir edilərək, vizual obrazların maili hərəkətləri, vibrasiyalar və səs effektləri əlavə olunmuşdu.

1991-ci ildə dərc olunan «Virtual reallıq» kitabında müəllif Hovard Rxeynqold qısametrajlı filmin bir hissəsindən istifadə edərək Sensorama köməyilə Bruklin şəhərində 50-ci illərdə velosiped gəzintisini test etməyi barədə bəhs edib. Test vaxtı məkanların bu qədər detallaşdırılmış olmasına heyran qalan Rxeynqold, bu testi 40 il gecikmə ilə etdiyinə görə çox təəssüflənidiyini bildirib. Sensorama geniş bucaqlı təsvirin stereoskopik 3D rejimində göstərir, vücudun müəyyən tərəfə əyilməsini təmin edir, stereo səs ötürür, həmçinin film vaxtı külək, ya da qoxuları təcəssüm edə bilirdi. Xeyliq xəyallarını gerçəkləşdirmək və onları patentləşdirmək üçün maliyyə dəstəyi əldə edə bilmədiyinə görə Sensorama layihəsini dayandırmalı oldu. Amma həmin layihə Virtual reallıq tarixinə olduqca maraqlı hadisə kimi həkk olunub.

1968-ci ildə kompüter mütəxəssisi, Harvard professoru Ayvan Sazerlend və onun tələbəsi Bob Spraul «Damokl qılıncı» adı ilə məşhurlaşan ixtira kəşf etdilər. Bu ixtira Artırılmış Reallıq tarixində baş geyimi kimi yaradılmış ilk sistem idi. Tavana möhkəm şəkildə bərkidilmiş xüsusi eynək vasitəsilə görünüş birbaşa kompüterdən translyasiya edilirdi. Məhz həmin ixtiraya görə Sazerlendə qrafikanın atası deyirlər. 1975-ci ildə isə Miroa Kruger Videoplace adlı süni laboratoriya yaratdı.

Bir müddət sonra, 1981-ci ildə Kavouras Weather şirkətində işləyən Dan Reytan dünya xəritəsi üzərinə çoxsaylı hava radar şəkillərini yerləşdirib televiziya hava proqnozu verilişlərinə ilk AR texnologiyası gətirən şəxs oldu. Növbəti addımlar 90-cı illərdə atıldı. Məhz o vaxt Tom Kodellin sayəsində «arıtırılmış reallıq» termini qəbul olundu. Avstraliyalı Culi Martin isə televiziyayla virtual reallığı birləşdirməyə nail oldu. O, rəqqas və akrobatlara real vaxt rejimində vücudla virtual obyektləri idarə etmək imkanı yaradan «artırılmış reallığın teatral təsviri» layihəsini hazırladı. Layihə Avstraliya İncəsənət Şurasının dəstəyi ilə yaradılmışdı. Akrobatlar virtual obyekt və ətraf mühit daxilində sanki su altında kimi görünürdülər. Qurğu Silicon qrafika kompüterləri və Polhemus sensor sistemindən istifadə edilərək yaradılmışdı.

1997-ci ildə T. Azuma Ronald tibb, istehsal, elm, sənaye və əyləncə sahələrində Artırılmış Reallıqdan istifadə üsullarına həsr olunmuş tədqiqatını dərc etdi. Həmin araşdırma ilə bu keçiddə ətraflı tanış ola bilərsiniz: http://www.cs.unc.edu/~azuma/ARpresence.pdf

2000-ci ildə Xirokazu Kato ARToolKit proqram təminatının kitabxanasını yaradaraq artıq real həyatı virtual qrafika ilə birləşdirməyə nail olmuşdu. Bu proqrama kamera təsvirinə kompüter qrafikasını yerləşdirməyə imkan yaradan tanıma sistemi əlavə olunmuşdu. Eyni ildə Xirokazu Katonun kəşfi ilə paralel Brüs Tomas ARQuake adlı ilk mobil Artırılmış Reallıq oyununu yaratdı. Bu oyunun təqdimatı Daşınan Kompüterlərin Beynəlxalq Simpoziumunda həyata keçirildi. Beləliklə, artıq mobil AR texnologiyasına da start verildi. Bu texnologiyanın kütləvi şəkildə tətbiq olunması ilk dəfə 2008-ci ildə HTC Dream smartfonu üzərində təqdim olunan Wikitude AR Travel Guide proqramı ilə baş verdi. Texnologiya Google və Microsoft kimi nəhəng şirkətlərin də diqqətindən yan keçmədi. Belə ki, 2012-ci ildə proqramçılar sammitində Google şirkəti təntənəli surətdə Google Glass eynəklərini (video: https://www.youtube.com/watch?v=D7TB8b2t3QE), 2015-ci ilin əvvəlində isə bu dəfə Microsoft korporasiyası ictimaiyyətə Holographic kompüter platformasını və HoloLens eynəyini təqdim etdi. Lakin onu da qeyd edək ki, bu qurğular indiyədək kütləvi şəkildə istifadə olunmağa başlamayıb.

Texnologiya

AR texnologiyası insanın təbii olaraq qavradığı reallığı əhəmiyyətli dərəcədə genişləndirməyə imkan verir. Şüur və qavrama qabiliyyətinin belə genişlənməsi rəqəmsal informasiyanın real dünyaya daşınması hesabına əldə edilir. Artırılmış reallığın formalaşması prosesi smartfonun, veb-kameranın və ya video-siqnal yarada bilən başqa qurğu kamerası vasitəsilə baş verir. Xüsusi proqramla şəkil lazımi virtual obyektə çevirə bilir. AR-texnologiyanın elementləri kimi meydana video, audio, 3D-model və mətn məzmunu çıxır.

ar_10

Artırılmış Reallıq texnologiyası ilə virtual reallıq arasındakı əsas fərq real həyatla kompüterin yaratdığı informasiya arasındakı nisbətdədir. Virtual reallıq real həyatı tamamilə udmağa çalışır, Artırılmış Reallıq isə sadəcə həyatda baş verən hadisələrin çərçivəsini genişləndirir.

Artırılmış Reallıq vasitəsilə ətraf mühit haqqında lazımi məlumatlar əldə etmək imkanı yaradan bir çox proqramlar, o cümlədən, Artırılmış Reallıq bələdçiləri, müxtəlif xidmətlər üçün ixtisaslaşdırılmış proqramlar və s. mövcuddur. Artırılmış Reallıq texnologiyasının yayılması, bu texnologiyanın daha çox rəğbət qazanması böyük ölçüdə smartfon və planşet platformalarının hesablama gücü, tənzimçilər dəstinin genişliyi, habelə kamera qurğularında istənilən rəqəmsal məzmunun real vaxtda yaradılması imkanı ilə bağlıdır.

Proqramlar

Artırılmış reallığın açarı proqram təminatıdır. Artırılmış Reallıq məzmunları D’Fyuzion, Unifye və ya FLARToolKit kimi xüsusi 3D Artırılmış Reallıq proqramlarında hazırlanır. Bu proqramlar multiplikasiyanı və ya rəqəmsal məzmunu kompüter vasitəsilə real dünyaya bağlamağa imkan yaradır.

Artırılmış Reallığı sınaqdan keçirmək üçün xüsusi proqram və ya bələdçinin (brauzerin) proqram genişlənməsi yüklənməlidir. Kompüter üçün AR proqramlarının əksəriyyəti Flash və ya Shockwave üzərində yaradılmışdır və informasiyanı kompüterə ötürmək üçün veb-kamera proqramı tələb edir. AR hədəfi (yəni, skan ediləcək məkan) isə xüsusi ştrixkodla və ya sadə həndəsi formada göstərilə bilər. Kompüterin AR proqramı və ya bələdçinin (brauzerin) proqram genişlənməsi hədəfdə yerləşən rəqəmsal informasiyanı oxuyarkən Artırılmış Reallıq üçün yazılmış xüsusi əməliyyat emalı başlayır. AR proqramları vasitəsilə istifadəçinin yerini, habelə onun kompasını və qurğusunun səmtləşdirilməsini dəqiq sazlamaq üçün qlobal yerləşmə sisteminin (GPS) aktivləşdirilməsi tələb olunur. Mürəkkəb AR proqramları, məsələn, orduda istifadə edilən AR proqramları üçün əlavə olaraq obyekt və hərəkət təyinetmə sensorları da tələb oluna bilər.

Artırılmış Reallıq proqramları aşağıdakı sahələrdə istifadə edilə bilər:

— Hava proqnozu verilişlərində istifadə olunan hərəkətli xəritələr;

— Avtomobilin ön şüşəsində naviqasiyanın nümayiş edilməsi;

— Müxtəlif mürəkkəb məsələlər üçün istifadə olunan vizual nümayiş və audio təlimat;

— İndiki zamandakı ətraf mühitə uyğunlaşdırılan keçmişdə baş vermiş hadisələrin təsviri;

— Real zamanda baş verən hadisələrin pilot dəbilqəsində əks olunması;

— Məhsul haqqında informasiya daşıyan və ya onun yerləşdirilməsi üçün xüsusi mobil marketinq;

— Real həyatın rəqəmsal elementlərlə artırılmış videooyunları;

— Veb-kamera vasitəsilə geyimin əyində baxılıb birbaşa onlayn satın alınması;

— Mebelin evdə və yaxud ofislərdə necə görünəcəyinə baxılması;

— Telefonu yer və ya obyekt üzərində tutub onun barəsində məlumatın əldə edilməsi;

— Məhsulun 360 dərəcə panorama görünüşü və s.

Bu üstün texnologiya imkanlarından yararlanmaq üçün diqqətinizə milyonlarla insanın istifadə etdiyi proqram təminatları barədə məlumat təqdim edirik:

1. Layar (Android, iOS) — Pulsuz

layar_1

«İnteraktiv çap» sahəsində lider sayılan Layar proqramı istifadəçilərə bir çox mənbələrin (plakat, jurnal səhifələri, müxtəlif reklam elanları, məhsulların QR-kodları) içində yazılmış rəqəmsal məzmunu oxumağa imkan verir. Belə rəqəmsal məzmunlar müxtəlif məlumatları, o cümlədən, film treylerlərini, məhsulların endirim kodlarını, video-reklam, veb-sayt, səhifə və ya plakatların alternativ versiyalarını əhatə edə bilər. Proqram həmçinin yaxınlıqda yerləşən müəssisə, restoran, bankomat, buna bənzər digər məkanların, eləcə də keçirilən tədbirlərin yerini aşkar etmək imkanını yaradır. Layar proqramından yararlanıb tanış ola biləcəyiniz nümunələrin siyahısını burada görə bilərsiniz: https://www.layar.com/features/inspiration/case-studies/

Şirkətlər bu siyahıya öz məlumatlarını əlavə etmək üçün aylıq üzvlüq haqqı ödəyir istifadəçilərinə AR texnologiya əsasında yaratdıqları yeniliklərini təqdim edə bilər: https://www.layar.com/pricing/

Android: https://play.google.com/store/apps/details?id=com.layar

iOS: https://itunes.apple.com/us/app/layar-augmented-reality/id334404207

2. Aurasma (Android, iOS) — Pulsuz

Aurasma 1

Aurasma Artırılmış Reallıq proqramları sırasında bir çox çap materialları, məhsul qabları və digər daşıyıcılarda yerləşdirilmiş məlumatları (bunlara «Aura» deyilir) oxuyub izləmək üçün hazırlanmış proqramdır. Proqramın üstün xüsusiyyətlərindən biri isə şəkil və videonuzdan, ya da qabaqcadan hazırlanmış «Aura»ların onlayn kitabxanasından istifadə edərək şəxsi məzmun yaratmaq imkanıdır. Beləliklə, öz Aura effektinizi və istədiyiniz təsviri seçərək asanlıqla öz məzmununuzu yaradıb dostlarınız və digər Aurasma istifadəçiləri ilə bölüşə bilərsiniz.

Aurasma istifadəçiləri tərəfindən yüklənmiş ən məşhur auraların əksəriyyəti video-ismarıc açıqcaların göndərilməsi, xəzinə axtarışı oyunlarında gizli köməklərin ötürülməsi, eləcə də küçənizə 3D dinozavrların əlavə edilməsi kimi maraqlı məzmunlardan ibarətdir.

Android: https://play.google.com/store/apps/details?id=com.aurasma.aurasma

iOS: https://itunes.apple.com/en/app/aurasma/id432526396

3. Mybrana (Android, iOS) — pulsuz

Mybrana 1

Mybrana Artırılmış Reallıqdan istifadə edərək çılğın yaradıcılıq dünyası yaratmaq üçün qurulmuş sosial şəbəkədir. İstifadəçilər insanlara və məkanlara real vaxt rejimində vizual effektlər əlavə edərək hazırladıqları foto və ya videoları Snapchat, Vine, 9GAG, Instagram, Twitter və Facebook şəbəkələrində dostlarına göstərə bilirlər. Yaratdığınız bu gülməli məzmunları həmçinin smartfon ekranında da real vaxt rejimində vizuallaşdırmaq olar. Hazırladığınız videolar uğurlu çıxarsa izləyicilərin dayanmaq bilməyən gülüşünə səbəb olub hətta viral İnternet məzmununa çevrilə bilər.

https://lh3.ggpht.com/awL0OzxH1qmbmv0COYWLXhNd4O2ZIK4CV-orOJN3BGto9SZGcMDrr0Wo_zN0-mCyEvI=h900-rw

Mybrana ilə:

— Çılğın məzəli dünya yaradın;

— Mybrana əlavəsi ilə şəkil və ya qısa videonu dostlarınızla bölüşün;

— Limitsiz 3D Branas (maraqlı etiketlər) yararlanın.

Əgər özünüzü yaradıcı insan hesab edirsinizsə, onda Mybrana sizin üçün yaradılmış proqramdır! Proqram sizin ən yaradıcı xüsusiyyətlərinizi və yumor hissinizi yoxmalağa, qeyri-adi təəssüratlar yaratmağa dəvət edir.

Android: https://play.google.com/store/apps/details?id=com.mybrana.mybrana3d

iOS: https://itunes.apple.com/us/app/mybrana-app-augmented-reality/id915359371

4. Google Goggles (Android) — Pulsuz

Google Goggles 2

Google Goggles proqramı kamera köməyilə axtarış aparmaq imkanı yaradır. Belə ki, əgər siz hər hansı şəkil, istiqamətləndirici işarə, ştrixkod, QR-kod, eləcə də məhsul, ya da məşhur təsvirə mobil telefonun kamerasını tutdursanız, Goggles dərhal həmin şey haqqında ətraflı məlumat axtarmağa başlayacaq və tapan kimi sizə təqdim edəcək.

Goggles ingilis, fransız, italyan, alman, ispan, portuqal, rus və türk dilində mətni oxuyyub onu başqa dillərə də tərcümə etməkdə köməkçiniz ola bilər. Proqram həmçinin ştrixkod/QR-kod skaneri kimi də işləyir.

Proqramın imkanları:

— Ştrixkodu və ya QR-kodu skan edib məhsul barədə məlumat əldə edir;

— Məşhur məkanları tanıya bilir;

— Şəkildəki xarici dildə olan mətni tərcümə edə bilir;

— Vizit kartını və ya QR-kodu skan edərək məlumatı yadda saxlayır;

— Optical Character Recognition (OCR) vasitəsilə mətni skan edə bilir;

— Sənət əsərlərini, kitabları, DVD, CD və müxtəlif 2D təsvirləri tanıya bilir;

— Sudoku pazzllarını həll edə bilir;

— Seçdiyinizə oxşar məhsullar tapa bilir və s.

Android: https://play.google.com/store/apps/details?id=com.google.android.apps.unveil

5. Field Trip (Android, iOS) — Pulsuz

Field Trip 1

Field Trip sizin ətrafınızdakı gözəl, naməlum, bənzəri olmayan məkanlar haqqında məlumat kitabçanızdır. Proqram arxa planda işləyir. Hər hansı maraqlı yerə yaxınlaşanda bu proqram sizə xəritə üzərində həmin yer haqqında məlumat təqdim edir. Bunun üçün heç bir toxunma tələb olunmur. Üstəlik, əgər siz qulaqlıq və ya Bluetooth işlədirsinizsə, proqram həmin məlumatı səsli təqdim edə bilər.

Proqram sadəcə müxtəlif yerlərin tarixi və xüsusiyyətləri barədə məlumat verməklə kifayətlənmir, eləcə də maraqlı vaxt keçirmək, yemək, ya da alış-veriş etmək üçün ən uyğun yerləri təklif edə bilir. Əvvəlcə sizi maraqlandıran kateqoriyanı seçmək lazımdır. Bundan sonra siz şəhərdə gəzdikçə seçdiyiniz sahə üzrə məlumatlar telefonunuzda avtomatik olaraq pop-up pəncərələrdə qarşınıza çıxacaq. Qeyd edək ki, proqramın tarix ekspertləri sizə bəzi yerlər haqqında gözləmədiyiniz qədər maraqlı, bilinməyən məlumatlar təqdim edirlər. Xaricə səyahət edərkən bilmədən ötüb keçdiyiniz yerlərin tarixi barədə bir çox faktları bu proqramdan rahatlıqla əldə edə bilərsiniz, odur ki, bu fürsəti qaçırmayın.

Android: https://play.google.com/store/apps/details?id=com.nianticproject.scout

iOS: https://itunes.apple.com/us/app/field-trip/id567841460

6. iOnRoad (Android, iOS) — Pullu və pulsuz versiya

iOnRoad 2

iOnRoad müasir smartfonların imkanlarından real vaxt rejimində istifadə edərək sizə avtomobil idarə etməkdə kömək edir. Proqram smartfonun əsas kamerası, GPS və tənzimçilərindən istifadə edib sürücüyə onu yolda gözləyən müxtəlif təhlükələr barədə xəbərdar edir. Vizual radar sürücünün cari sürətini hesablayıb tənzimçilər vasitəsilə sürücünün qarşısına çıxacaq obyektləri real vaxt rejimində xəritədə təqdim edir. Əgər real qəza təhlükəsi yaranarsa, sürücü dərhal səsli həyəcan siqnalı ilə xəbərdarlıq alıb əyləci vaxtında işə salmaq imkanı qazanır.

Android: https://play.google.com/store/apps/details?id=com.picitup.iOnRoad

iOS: https://itunes.apple.com/us/app/ionroad-augmented-reality/id569507817

7. Star Walk (Android, iOS) — Pullu və pulsuz versiya

Star Walk 1

Star Walk Artırılmış Reallıq proqramı qurğu tənzimçilərindən və olduğunuz yer haqqında bildiklərinizdən faydalanaraq sizə göy üzü haqqında geniş məlumat təqdim edə bilir. Smartfonu göyə doğru tutanda Ulduz Gəzintisi adlanan bu proqram sizə başınızın üstündə yerləşən ulduz bürcləri, planetlər və digər səma cisimlərinin şəkillərini sizə real vaxt rejimində təqdim edəcək. Əgər hər hansı planeti, ya da başqa səma cismini daha detallı görmək istəyirsəniz, proqram bunu da yerinə yetirəcək. Üstəlik, proqramın «zaman maşını» xüsusiyyətdən istifadə edib səmanın keçmiş və ya gələcək vəziyyətini də müşahidə edə bilərsiniz.
Android: https://play.google.com/store/apps/details?id=com.vitotechnology.StarWalk2Free

iOS: https://itunes.apple.com/app/id295430577

8. Snapshop (iOS) — Pulsuz

Snapshop 1

Snapshop otağınızda mebelin necə yerləşəcəyini təsvir edən Artırılmış Reallıq proramıdır. Proqram sizin iPhone və ya iPad foto-kameranızdan və hədəf kimi rulon şəkildən istifadə edərək IKEA, Crate & Barrel, Pirs 1 və başqa markaların müxtəlif mebel çeşidlərini gözdən keçirmək üçün imkan yaradır. İstifadəçilər məhsulun digər xüsusiyyətlərindən də yararlana bilərlər. Belə ki, proqramın yaratdığı önbaxış təsvirləri hafizədə saxlayıb elektron poçt vasitəsilə dostlara göstərmək, eləcə də seçdiyiniz mebellər haqqında daha ətraflı məlumat əldə etmək, ya da birbaşa almaq üçün satıcının veb-saytına göndərmək olar.

iOS: https://itunes.apple.com/ca/app/snapshop-showroom/id373144101

9. Ingress (Android, iOS) — Pulsuz

Ingress 1

Ingress AR texnologiyalı geniş miqyaslı, bir neçə istifadəçinin bir yerdə oynaya biləcəkləri oyunudur. Oyun meydançası real dünyadır. Niantic Labs Google tərəfindən hazırlanmış Ingress oyunu çərçivəsində istifadəçilər sirli enerji mənbəinə nəzarət edə bilmək uğrunda mübarizə aparan gizli cəmiyyətlərdən birinin üzvü rolunda çıxış edirlər. Oyunçular öz qurğularını alıb sistem tərəfindən təyin olunan real yerdə toplaşıb «XM» yığmalı, binalar və ya başqa oriyentirlərin ətrafında yerləşən portallar üzərində nəzarət qurmalıdırlar. Ətrafınızı araşdırmağa başlamadan əvvəl üzv olduğunuz cəmiyyətin bayrağını asmalısınız.

Oyunun süjet xətti tapmacalarla dolu, olduqca mürəkkəb və dolaşıqdır. Yeniliklər, tədbirlər və s. bu və ya digər cəmiyyətin uğurundan asılıdır. Oyunda iştirak edən personajların və yer alan əşyaların bir neçə tarixi variantları var. Qeyd etdiyimiz məlumatlarla yanaşı www.nianticproject.com saytında hər həftə yeniləmələrin xüsusi passkodları dərc edilir. Oyunu yalnız dərindən araşdırdıqdan sonra anlamaq və sevmək mümkündür.

İstifadəçi rəylərinə görə oyunun bir başqa üstünlüyü də ondan ibarətdir ki, onlar oynamaq üçün çoxdandır getmədikləri yerlərə getməyə məcbur olub, beləliklə, həm oynamaq, həm də sağlamlığı möhkəmləndirən gəzintiyə çıxa biliblər. Görünür, məhz buna görə də Ingress real həyata inteqrasiya edilmiş ən çox rəğbət qazanan Artırılmış Reallıq oyunlarından biridir.

Android: https://play.google.com/store/apps/details?id=com.nianticproject.ingress

iOS: https://itunes.apple.com/us/app/ingress/id576505181

10. Anatomy 4D (Android, iOS) — pulsuz

Anatomy 1

Artırılmış Reallıq pionerlərindən biri sayılan DAQRI insan bədənində virtual ekskursiya keçirən 4D Anatomiya proqramıdır. Hədəf təsviri çap edin, düz səthin üzərinə yerləşdirib proqramı işə salın və kameranı hədəfə tutdurun. Proqram insan bədənini və orqanlarını sizə 3D kompüter qrafikası formatında göstərəcək. Bu vaxt miqyası artırmaq və ya azaltmaq, baxış bucağını dəyişmək, bədənin skeletini, limfatik və ya tənəffüs sistemini ayrılıqda görmək olar. Proqramda insan ürəyinin 3D modelinin təqdim olunması yaxın gələcəkdə gözlənilir.

Android: https://play.google.com/store/apps/details?id=com.daqri.d4DAnatomy

iOS: https://itunes.apple.com/az/app/anatomy-4d/id555741707

Azərbaycanda AR inkişafı

Azərbaycanda AR texnologiyası inkişafı təxminən 2010-cu ildən etibarən yayılmağa və inkişaf etməyə başlayıb. Son bir neçə il ərzində İDRAK, Azercell, Bakcell və digər şirkətlər hər il keçirilən BakuTel sərgisində ziyarətçiləri Artırılmış Reallıq texnologiyası əsasında qurulan müxtəlif proqramlarla tanış edib.

Bakcell mobil operatoru BakuTel 2012 sərgisi çərçivəsində Qualcomm şirkəti ilə əməkdaşlıq müqaviləsi imzalayaraq yerli proqramçılar üçün Artırılmış Reallıq mövzusunda bir neçə təlim həyata keçirib. Bu təlimlərin sayəsində yerli AR proqramçıların sayı dəfələrlə artıb.

Bunlardan biri də indiyədək 10-a yaxın AR proqramı hazırlayan yerli CustomAR şirkətidir. Azərbaycanda bu sahənin inkişaf tarixini sizə həmin şirkətin timsalında təqdim etmək istəyirik. Müsahibimiz şirkətin icraçı direktoru Fərid Yusifoğlu 2009-cu ildə Azerbaycanın ilk mobil oyununu hazırlayan «AYLEX» şirkətində konsept menecer vəzifesində işləyirdi. Artırılmış Reallıq texnologiyası ilə elə o vaxt tanış olub və elə o vaxtdan inanıb ki, AR texnologiyası gələcəkdə böyük uğur qazanacaq.

https://www.facebook.com/customarllc

FARID

— Fərid, zəhmət olmasa şirkətiniz barədə məlumat verərdiniz.

— «AYLEX» şirkəti fəaliyyətini 2010-cu ildə dayandırdıqdan sonra mən qardaşım Arazla birlikdə TheFatBrain şirkətini qurub bu sahədəki fəaliyyətimə davam etdim. O vaxt mobil telefonların əməliyyat sistemləri, texniki göstəriciləri və sensorları kifayət qədər güclü olmadığına görə biz işimizi yalnız veb bazasında həyata keçirmək məcburiyyətində qalmışdıq. Ətrafımda mobil proqramlaşdırma biliyi olan mütəxəssislər yox idi. Elə o vaxt Azercell şirkətinin mütəxəssisi Ramin Orucovla tanış oldum və o, bəzi layihələrimizi inkişaf etdirməkdə bizə köməklik göstərdi. Bundan sonra işimdə təxminən 2 illik bir fasilə yarandı, amma sonra mən araşdırmalarımı davam etdirməyə yenidən qərar verdim. Nəhayət, 2013-cü ildə fəaliyyətimizi bərpa etdik. Komandaya Rüstəm Ağayev daxil oldu, beləliklə, komandamızda artıq 3 nəfər var idi. Birgə səylərimizlə ciddi bir layihənin təqdimatını hazırladıq. 2014-cü ildə Bakcell ve Qualcomm şirkətləri tərəfindən hazırlanmış AR Workshop çərçivəsində Kamran Qurbanlı ilə tanış olduq. Bugün o, şirkətin baş proqramçı vəzifəsini icra edir və həqiqətən komandamızın proqramçı lokomotividir. Bu yaxınlarda bizə daha 2 yeni proqramçı qoşulduqdan sonra mən artıq inanıram ki, komandanın hazırdır. CustomAR şirkəti qarşısına böyük nailiyyətlər əldə etmək məqsədini qoyduğu üçün bir müddət sonra HAplus şirkətlər qrupuna daxil oldu. Bakutel 2014 sərgisində şirkətin artıq öz müstəqil stendi vardı. Üstəlik, mən komandamla birlikdə Azercell-in sərgidəki stendi üçün AR layihələri də hazırlamışdıq. AR texnologiyasi ilə yanaşı, komandamız Virtual Realliq (VR) eynəkləri olan Oculus Rift üçün ilk yerli «Səma Ovçuları» təyyarə döyüş oyununu hazırlamağa başladı. Oyun bu ilin sonunda Steam serverində pulsuz istifadəyə veriləcək.

Onu da qeyd edim ki, bu ilin avqust ayından etibarən şirkətimiz Kanada investorları tərəfindən maliyyələşdirilməyə başladıqdan sonra fəaliyyətimizi bu ölkəyə də yaymışıq. Hal-hazırda şirkətimiz 10 nəfərdən ibarətdir. Bu ilin sonunda ABŞ və Kanadada keçirilən sərgilərdə iştirak etmək planlarımız var. Bundan əlavə, Bakutel 2015 sərgisinə təqdim etməyə hazırlaşdığımız yeniliklərimiz var. Böyük maraq və izləyici kütləsi toplamaq üçün əlimizdən gələni edirik. Sizi inandıra bilərəm ki, bu yeniliyimiz kimi texnoloji şou Azərbaycanda hələ olmayıb. Bu gün Azercell, Sinam, Iteca Azərbaycan, PAŞA Sığorta, Samsung Azərbaycan, Kristal Abşeron, Yüksək Texnologiyalar Parkı ve ASAN Xidmət kimi nəhəng şirkətlərlə gördüyümüz birgə iş üçün böyuk qürur hissi duyuruq. Bu yaxınlarda SİNAM şirkəti və GoMap xəritəsi bazasında ilk nəhəng AR layihəsi işıq üzü görəcək. Xatırladım ki, belə bir layihənin dünyada yalnız bir alternativi var.

-Bizə məlumdur ki, qeyd etdiyiniz layihələrlə yanaşı sizin başqa kommersiya yönümlü proqramlarınız da mövcuddur və onlar artıq öz istifadəçilərinə təhvil verilib. Bu layihələr barədə sizdən qısa məlumat almaq istərdik.

— Bəli, bugünə kimi bir sıra şirkətlər üçün uğurlu AR layihələr hazırlamışıq. Onlar barədə sizə məmnuniyyətlə məlumat verməyə hazıram.

İlk növbədə, Azercell GR haqqında: bu, Bakutel 2014 çərçivəsində Azercell şirkəti üçün hazırladığımız iki layihədən biridir. Layihənin məzmunu və məqsədi Azercell şirkətinin stendinə yaxınlaşdıqda interaktiv posterdən ətraflı məlumat almaq imkanının yaradılması idi. Bunun üçün interaktiv poster və xüsusi proqram hazırladıq. Poster proqram vasitəsilə aktiv vəziyyətə gətirilərək sərgini ziyarətçilərinə video məlumat təqdim edirdi. Beləliklə, ziyarətçilər kiminsə köməyinə ehtiyac olmadan stend haqqında məlumat alırdılar.

Bildiyiniz kimi, Artırılmış Reallıq sərhədsiz yaradıcılıq gücü tələb edən texnologiyadır. Biz də öz növbəmizdə bunu nəzərə alıb interaktiv basketbol oyunu hazırladıq. Azercell Basketball GR adı ilə təqdim olunan layihə Bakutel 2014 çərcivəsində Azercell şirkəti üçün hazırladığımız 2-ci layihə idi. Xüsusi dizayn sayəsində poster basketbol lövhəsini xatırladırdı. Əsas işi isə hazırladığımız xüsusi tətbiq görürdü. İnteraktiv oyun poster üzərində başlayıb istifadəçiyə virtual basketbol səbəti göstərirdi. Oyun iştirakçısı virtual topu həmin virtual səbətin içinə atmalı idi. AR texnologiyası sayəsində biz bu oyun proqramını bir addım daha irəli aparıb sərrast atışları topun atıldığı məsafədən asılı olaraq iki xallıq və üç xallıq olaraq təsnifləndirə bildik.

https://play.google.com/store/apps/developer?id=HAplus+GC

Tikinti bumu yaşayan bir ölkədə tikinti şirkətləri üçün xüsusi bir layihə hazırlamamaq, əlbəttə ki, mümkün olmazdı. Yaratdığımız Kristal Abşeron AR kataloq adlı xüsusi AR proqramı vasitəsilə smartfonu kataloqa yaxınlaşdırdıqda ekranda tikiləcək binanin 3D modelini görmək olur. Bu vaxt istifadəçi həm də mərtəbələri və hər mərtəbədə olan mənzillərin sahələri haqqında interaktiv şəkildə təqdim olunan məlumatı görə bilir. Proqram şirkətin alıcı ilə həm satış mərkəzlərində, hem də evlərdə interaktiv təmas yaratmasına kömək edir. Layihənin əsas üstünlükərindən biri də odur ki o, böyük xərc tələb edən fiziki maketləri əvəz edə biləcək interaktiv maket kimi hazırlanıb satış mərkəzlərində yerləşdirilə bilər.

HAPLUS / REAL ESTATE AUGMENTED REALITY / PRESENTATION from Motion Park on Vimeo.

ASAN Xidmət, Bərdə proqramı bizim şəxsən ölkə prezidentinə təqdim etdiyimiz 2-ci layihəmizdir. AR texnologiyası əsasında hazırlanmış proqram istifadəçilərə ASAN Xidmət bölmələri haqqında dəqiq məlumat çatdırmaq üçün nəzərdə tutulub.

Nəyahət, DINOPARK layihəsi haqqında. Samsung şirkətinin Azərbaycan nümayəndəliyi ilə tərəfdaşlıq əsasında hazırlanan bu AR layihəsi ən böyük layihələrimizdən biridir. Azərbaycan Respublikası Təhsil Nazirliyi üçün nəzərdə tutulmuş layihə məktəbəqədər təhsil sistemində yeni bir cığır açıb. Sadə kitab məlumatlarını interaktiv 3D animasiyalarına çevirən AR proqramı sayəsində uşaqlar kağız üzərində çap olunmuş şəkilləri canlandırılmış olaraq izləyə bilirlər. Pilot layihə kimi həyata keçirilən DINOPARK Yur dövründə yaşayan dinozavrları kitab səhifələrindən canlandırıb göstərir. Bundan əlavə canlandırılan hər dinozavr növü haqqında uşaqlara Azerbaycan dilində səsli məlumat verilir.

VBC — Virtual Biznes Kart

The Fat Brain şirkətinin novbəti məhsulu — Virtual B-Card. Siz öz biznes kartınızla insanlara kim olduğunuzu daha dolğun və daha dinamik şəkildə bildirə biləcəksiniz!!! Artıq statikaya yox deməyin vaxtıdır!!!

Posted by Custom AR on Friday, September 3, 2010

Mənbə: Wikipedia.org, ARnext.ru, gadirdavudov.wordpress.com, tomsguide.com

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -