spot_img
19 апреля, 2024
ДомойТелекомСтатьиDünyada elektron hökümətlərin inkişafı

Dünyada elektron hökümətlərin inkişafı

Müasir dünyanı tək bir sözlə ifadə etmək gərəksəydi, yəqin ki, «çevik» ən münasib söz olardı. Xüsusilə XX əsrin sonu — XXI əsrin əvvəllərindən etibarən bütün proseslər kəskin şəkildə tezləşməyə başladı. Bugün yüksək texnologiyaların inkişaf etməsilə məlumat mübadiləsi o qədər sürətlənib ki, istər-istəməz, həyatın bütün digər sahələri bu sürətə uyğunlaşmaq məcburiyyətindədir. Bu sahələrdən biri, əlbəttə ki, dövlət idarəçiliyidir. Dövlət qurumları zamanla ayaqlaşa bilmək üçün daha çevik olmalı, mövcud bürokratik prosesləri daha effektiv mexanizmlər ilə əvəz etməlidir. Müasir insanın dövlət qurumlarında saatlarla növbə gözləməyə vaxtı yoxdur. Artıq müasir yüksək texnologiyalar insanlar arasındakı münasibətləri yeni müstəviyə keçirib və dövlət bundan kənarda qala bilməz. İnsanlar üz-üzə danışıqlara İnternet vasitəsi ilə yol qət etməyə vaxt sərf etmədən əlaqə qurmağa üstünlük verirlər. Odur ki, onlar alış-veriş, bank əməliyyatları, müraciət, sənəd rəsmiləşdirmə kimi işləri İnternet üzərindən qısa müddət ərzində həll etməyə çalışırlar.

Elektron_hokumet_2

Şübhəsiz ki, elektron hökumət proqramları bütün dünyada — həm inkişaf etmiş, həm də inkişaf edən ölkələrdə çox müsbət hal, eyni zamanda qaçınılmaz məsələdir. E-hökumət proqramlarının bəhrəsi xüsusilə sürətlə inkişaf edən şəhərlərdə görünür və infrastrukturun, vətəndaş-dövlət münasibətlərinin, kiçik və orta biznesin inkişafında artıq əvəzedilməz rol oynayır. Eyni zamanda elektron hökumət proqramları dövlət qurumları arasında məlumat və sənəd mübadiləsinin sadələşdirilməsinə yol açaraq qurum, şirkət və fərdlər haqda məlumatların mərkəzləşdirilmiş şəkildə saxlanılmasını təmin edir.

Elektron_hokumet_3

Nəticədə e-hökümətin təmin etdiyi şəffaflıq, səmərəlilik, sadə və çevik xidmətlər vətəndaşların dövlət qurumlarına inamını, onların ictimai həyata maraqlarını, daha fəal olmalarını təşviq edir. Aşkardır ki, dövlətin elektron hökumət proqramına qoyduğu sərmayə insan kapitalının artmasına gətirib çıxardır.

Elektron hökumət proqramlarının potensial dəyərini qiymətləndirən beynəlxalq təşkilatlar, o cümlədən, Dünya Bankı, BMT, Beynəlxalq Telekomunikasiya Birliyi ölkələrdə elektron hökumətin, xüsusən də onun mobil versiyasının yaradılmasını və inkişafını təbliğ edir. Məsələn, Dünya Bankı inkişaf etməkdə olan ölkələrdə yoxsulluğun qarşısını almaq, vətəndaşların dövlət qurumlarına inamını artırmaq məqsədilə elektron hökumətlərin yaradılmasına xüsusi dəstək strategiyası tərtib edib.

Almaniya

Elektron_hokumet_GER

Almaniyada dövlət qurumları elektron xidmət göstərməyə 2000-ci ildə BundOnline2005 layihəsi ilə başlayıb. Layihə 2005-ci ildən başlayaraq federal administrasiyanın müasir texnologiyalardan istifadə edən, vətəndaşa xidmət etməyə yönəlmiş, onun ehtiyaclarını diqqət mərkəzində tutan bir sistemə çevrilməsini nəzərdə tuturdu. Bu təşəbbüs 2005-ci ilin sonunda 440 İnternet xidmətinin istifadəyə verilməsi ilə uğurla nəticələndi.

Hal-hazırda Berlin regionunda dövlət müəsisələri haqqında bütün məlumatları cəmləşdirən portal fəaliyyət göstərir. Portalda vətəndaşlara müxtəlif elektron müraciət ərizə formaları da təqdim olunur. Mövcud plana əsasən, «One Stop Berlin» layihəsi 2016-cı ildə vətəndaşlara regionun tam mərkəzləşdirilmiş administrasiya sistemini və qurumlarla əlaqə şəbəkəsini təqdim edəcək.

2010-cu ildə Almaniyada siyasət, iqtisadiyyat və biznes nümayəndələrinin iştirakı ilə e-hökumətin inkişaf istiqamətlərini müəyyən edən Milli Elektron Hökumət Strategiyası hazırlandı. Bundan daha əvvəl isə, 2009-cu ildə vətəndaşların əsas tələb və ehtiyaclarını nəzərə alan elektron sorğu sistemi yaradılmışdı.

Almaniyanın elektron hökumət sisteminin inkişaf prosesində əsas diqqət aşağıdakı məqsədlərə nail olmağa verilib:

1. Vətəndaş, özəl sektor və dövlət qurumları daxil olmaqla bütün potensial istifadəçilərinə elektron hökümət xidmətləri barədə məlumatlandırmaq və həmin xidmətlərdən geniş surətdə faydalanmaqlarını təmin etmək.

2. Vətəndaşlara, habelə özəl şirkətlərə çevik, ucuz və yüksək keyfiyyətli xidmət göstərmək məqsədilə dövlət qurumlarında daxili dəyişikliklər həyata keçirib vətəndaş-dövlət münasibətlərini rəqəmsallaşdırılmaq.

3. Məlumat məxfiliyi, təhlükəsizlik və şəffaflığı təmin edərək vətəndaşların elektron hökumətə etibar etmələrini, onun xidmətlərindən intensiv şəkildə faydalanmalarına nail olmaq.

4. Vətəndaşlara, habelə özəl şirkətlərə siyasi proseslərdə, planlama və qərarvermədə qanun çərçivəsində iştirak etmək imkanını, qəbul olunan qərarların onlara şəffaflıq mühitində təqdim olunmasını təmin etmək.

5. Federal, dövlət və yerli idarəetmə orqanlarının innovasiyalara və yeniliklərə açıq olmasını, müştəri yönümlü elektron hökumət xidmətlərinin yüksək səviyyədə qorunmasını təmin etmək.

6. İKT sistemlərini mütamadi inkişaf etdirərək elektron hökumətin güncəlliyini, müasirliyini və effektivliyini qoruyub saxlamaq, e-hökümət sisteminin funkionallığını sadə, modulyar və istifadədə rahat hala gətirmək.

Hazırda Almaniya əhalisinin 53%-i dövlət qurumları ilə əlaqəni İnternet vasitəsi ilə qurur, 52%-i isə həmin qurumlardan məlumatları yenə də İnternet vasitəsi ilə əldə edir.

Belçika Krallığı

Elektron_hokumet_BE

Belçikada Mərkəzi Dövlət İdarəetməsinin müasirləşdirilmə prosesi 2000-ci illərdə başlayıb və ictimaiyyətə göstərilən xidmətlərin inkişafı üçün indiyədək müxtəlif alətlər hazırlanıb. 2005-ci ildə Flandriyada ictimai xidmətlərdən, eləcə də dövlət qurumlarında İKT alətlərindən daha geniş istifadəni təşviq edən layihələri dəstəkləmək məqsədilə Elektron Hökumət Koordinasiya Şöbəsi (CORVE) (http://corve.be/english/index.php) yaradıldı. CORVE öz xidmətlərini yerli hökumətə, habelə Flandriya regionunun müxtəlif əyalət və inzibati ərazilərində təqdim edir.

Elektron_hokumet_BE2

Bununla yanaşı 2010-cu ildə Flandriya e-Hökumət və İKT idarəetmə şöbəsi nəzdində Rəqəmsal İmza Platformunu işə saldı. Bu platform 2009-cu ildən etibarən istifadəyə verilməyə başlayan elektron şəxsiyyət vəsiqəsi sahiblərinə, habelə Flandriya regional idarəetmə orqanlarına müxtəlif sənədləri e-ID (elektron eyniləşdirmə) vasitəsilə imzalamağa imkan yaratdı.

2011-ci ildə isə Belçika hökumət orqanları ölkədə fəaliyyət göstərən bütün dövlət idarələri və ictimai xidmətlər haqda məlumatları cəmləşdirən açıq məlumat portalı (http://data.gov.be) və İnternet səhifəsi (http://belgium.be/en/) yaradıb vətəndaşların istifadəsinə təhvil verdi.

Hazırda, Belçika əhalisinin 50%-i elektron hökumət xidmətlərindən istifadə edir. Bu göstərici üzrə Belçika Avropa Komissiyası tərəfindən müəyyən edilmiş planı yerinə yetirən 9 Avropa İttifaqı ölkəsindən biridir.

Ölkə əhalisinin 55%-i dövlət qurumları ilə İnternet vasitəsilə əlaqə qurur, 44%-i isə dövlət qurumlarından məlumatları yenə də İnternet vasitəsi ilə əldə edir.

Belçikanın elektron hökümət strategiyası ölkədə istifadəçi məlumatlarının məxfiliyini qoruyan, federal və yerli hökumətlərin, həmçinin digər dövlət orqanlarının səlahiyyətlərini nəzərə alan Vahid Virtual Dövlət Administrasiyası sistemini qurmaqdan ibarətdir.

Strategiyanın əsas məqsədi xidmətlərin vətəndaşlara və özəl qurumlara onların tələblərinə uyğun, çevik, məhdudiyyət qoyulmadan və tam şəffaflıq içində göstərilməsindən ibarətdir.

Böyük Britaniya

Elektron_hokumet_UK

Böyük Britaniyanın 24 dövlət departamenti, 331 dövlət agentliyi və qurumu vahid gov.uk İnternet səhifəsində birləşərək 2011-ci ildən etibarən öz siyasət planlarını, elanlarını, statistika və sorğularını vətəndaşlara mərkəzləşdirilmiş şəkildə təqdim etməyə başlayıb.

Böyük Britaniyanın Rəqəmsal Xidməti elektron hökumət xidmətlərindən istifadənin asanlaşdırılması məqsədilə dövlət qurumlarına 10 addımdan ibarət dizayn və funksionallıq tövsiyyə-təlimat paketini hazırlayıb təqdim etdi.

Beləliklə, http://gateaway.gov.uk/ İnternet səhifəsinə daxil olub qeydiyyatdan keçən vətəndaş və ya təşkilat ölkədə fəaliyyət göstərən bütün qurumların fəaliyyətini izləyə, onlarla əlaqə yarada bilər.

Böyük Britaniya Avropa İttifaqı dövlətləri arasında vətəndaş-hökumət əlaqələrinin qurulmasında İnternetə ən çox üstünlük verilən ölkələrdən biridir. Artıq Böyük Britaniya dövlət qurumlarının əksəriyyəti kommunikasiyada, marketinqdə, habelə vətəndaşların siyasi proseslərə cəlb edilməsində əsasən İnternetdən istifadə edir. Bir çox qurumlar elektron hökumət xidmətləri ilə yanaşı vətəndaşlarla əlaqə yaratmaq, onlara məlumat çatdırmaq üçün sosial media və digər platformalardan (məs. YouTube) istifadə edir.

Siyasi müstəvidə isə elektron hökumət konsepsiyası hər il yenilənən Dövlət Rəqəmsal Strategiya sənədi ilə istiqamətlənir. Strategiyanın əsas məqsədi Böyük Britaniya hökumətinin ilk növbədə elektron olmasıdır. Bu, elektron xidmətlərin o dərəcədə asan və rahat olmasını tələb edir ki, istifadəçilər məhz onlara üstünlük versinlər.

Dövlət xidmətlərinin tamamilə elektron formaya keçirilməsi Böyük Britaniyaya illik 1,8 milyard funt sterlinq qənaət etməyə imkan yaradacaq.

Bu məqsədə nail olmaq üçün xidmətlərin ilk növbədə istifadəçinin tələblərinə cavab verən formada dizayn olunmasını təşviq edən Böyük Britaniya, bu məqsədlə iri bankların, media qurumlarının, beynəlxalq təşkilatların, eləcə də digər ölkələrin təcrübəsindən bəhrələnir.

Hal hazırda Böyük Britaniya əhalisinin 51%-i dövlət qurumları ilə İnternet vasitəsi ilə əlaqə qurur, 40%-i isə yenə də İnternet vasitəsi ilə dövlət qurumlarından məlumat əldə edir.

Fransa

Elektron_hokumet_FR

Fransada elektron hökumət dövlət proqramı 2001-ci ildə həyata keçirilməyə başladı. İlk olaraq məlumatların, elanların və qanunların İnternetdə dərc olunması təmin ediidikdən sonra, yerli idarəetmə orqanları, ali məktəblər və nazirliklər vətəndaşlarla əlaqələri qismən İnternet mühitinə daşıdı.

2006-cı ildə tələbələr imtahan nəticələrini təhsil nazirliyi tərəfindən universitetlərin istifadəsinə verdiyi portaldan öyrənə bildilər. 2007-ci ildən etibarən isə doğum, ölüm, evlilik və digər vətəndaşlıq vəziyyətləri ilə bağlı sənədlər İnternet vasitəsi ilə təqdim olunmağa başladı.

2008-ci ildə vətəndaşlar və şirkətlər dövlət xidmətlərindən İnternet vasitəsi ilə, günün 24 saatı, həftənin 7 günü “24/24 hökumət” layihəsi (http://service-public.fr) vasitəsilə yararlanmağa başladılar. Elə həmin ildə vətəndaşlara İnternet texnologiyaları təhlükəsizliyi və «Smart Surf» adlı İnternetdən təhlükəsiz istifadə layihələri təqdim edildi.

Elektron_hokumet_FR_2

Sonrakı illərdə vətəndaşlara dövlət xidmətləri portalında şəxsi qovluq yaratmaq, pensiya fondlarına, hətta ailə büdcələrinə nəzarət etmək imkanı verildi. Həmçinin, yerli idarəetmə qurumları kiçik və orta təşəbbüskarları siyasi proseslərə cəlb etməyə, onların inzibati işlərini sadələşdirməyə yönəldilmiş layihəni həyata keçirdi.

Вövlət-vətəndaş münasibətlərini daha da inkişaf etdirilmək məqsədilə bütün elektron hökumət platformalarının daha intuitiv, istifadə üçün daha asan dizaynın yaradılması ilə bağlı xüsusi plan qəbul olundu.

2015-ci ilin fevralında elektron hökumətin inkişafına nəzarət və koordinasiya etmək məqsədi ilə Rəqəmsal Agentlik (Agence du numérique) yaradıldı. Agentlik başlıca olaraq Fransada yüksək sürətli İnternet planının, «French Tech» layihəsinin həyata keçirilməsi, ölkədə İKT şirkətlərinin, habelə rəqəmsal biznes sahəsinin inkişafını təmin edəcək dövlət və özəl sektorlarını əhatə edən şəbəkənin yaradılması ilə məşğuldur. Qurumun qarşısında duran bir başqa tapşırıq isə rəqəmsal alət və mexanizmlərin təbliği, vətəndaşların rəqəmsal qabiliyyətinin artırılmasıdır.

Hal hazırda Fransa əhalisinin 40%-i dövlət qurumları ilə İnternet vasitəsi ilə əlaqə qurur, 44%-i isə yenə də İnternet vasitəsi ilə dövlət qurumlarından məlumat əldə edir.

Niderland Krallığı

Elektron_hokumet_ND

2001-ci ildə Niderland Krallığının Daxili İşlər Nazirliyi nəzdində elektron hökumətın inkişaf etdirilməsi məqsədi ilə İnternet Kommunikasiya Texnologiyaları idarəsi (ICTU) təsis edildi.

2005-ci ildən etibarən vətəndaşların elektron hökumət xidmətlərindən mərkəzləşdirilmiş şəkildə istifadə etmələrini təmin etmək üçün «DigiD» rəqəmsal eyniləşdirmə proqramı işə salındı. Bunun üçün vətəndaşlara çipli elektron şəxsiyyət vəsiqələrinin verilməsi prosesi də başlandı.

2006-cı ildə bütün dövlət qurumlarının İnternet saytlarının yenidən, istifadəyə asan şəkildə dizayn edilməsi haqda qərar verildi, bir il sonra isə özündə rəqəmsal eyniləşdirmə sistemini əhatə edən Vətəndaş Xidməti Nömrəsi (CSN) təsis edildi. Bu nömrə vətəndaşlar haqda məlumatların paylaşılmasını və mərkəzləşdirilməsini, həmçinin elektron hökumət xidmətlərindən qeyri-qanuni istifadə hallarına qarşı mübarizəni xeyli asanlaşdırdı.

2008-ci ildə Niderland Parlamenti dövlət qurumları, nazirlik və iri şirkətlərin qərarlarını kağız formasında çap etməyə məcbur qalmaması üçün lazımi platformanın yaradılması haqda qərar qəbul etdi.

2011-ci ildə Hollandiyada mərkəzləşdirilmiş şəffaf dövlət tender sistemi (TenderNed), şirkətlərin bir-birinə, ya da dövlətə təqdim etdiyi hesab-fakturaların elektron sistemi (eInvoice), özəl sektor üçün elektron eyniləşdirmə (eRecognition) proqramı istifadəyə verildi. Bu sistemlər şirkət-dövlət (B2G), həmçinin şirkətlər arasında (B2B) əlaqələrin qurulmasını və məlumat mübadiləsini asanlaşdırmaq məqsədi daşıyır.

Elə həmin il vətəndaşların istifadəsinə dövlət məlumat bazası verildi. Açıq məlumat portalı vətəndaşlara ətraf mühit, memarlıq, tikinti, əhali və infrastruktur haqda rəsmi dövlət məlumatlarını əldəetmə imkanı verib. Beləliklə, dövlət sektorunun bütün məlumatları, statistikası sadə və çevik şəkildə, pulsuz, ya da çox cüzi məbləğ qarşılığında əldə oluna bilər.

Bundan bir il sonra Niderland hökuməti vətəndaşların və şirkətlərin 2017-ci ilədək bütün dövlət strukturları ilə elektron vasitələrlə əməliyyatlar apara bilməsini təmin etmək haqda strategiyanı təqdim edib.

Daha bir il keçdikdən sonra isə hökumətin təşəbbüsü ilə özündə «DigiD» sistemini və elektron şəxsiyyət vəsiqəsini birləşdirən, dövlət və özəl sektor sahələrində istifadəyə uyğun və daha geniş məlumat daşıyan rəqəmsal eyniləşdirmə “eID” sisteminin 2015-ci ilədək inkişaf proqramı qəbul edilib. Gələcəkdə «DigiD» rəqəmsal şəxsiyyət vəsiqələrinin eID sisteminin bir hissəsi olacağı planlaşdırılıb.

2014-cü ildə BMT-nin apardığı elektron hökumətlər haqda sorğusu nəticələrinə görə Hollandiya dünyada ən yaxşı rəqəmsal hökumətlər arasında dünyada 5-ci, vətəndaşların elektron iştirakı üzrə 1-ci yer tutaraq Elektron Hökumət Mükafatına layiq görülüb.

Həmçinin, ötən ilin sonundan etibarən Daxili İşlər Nazliyi və İqtisadi Məsələlər Nazirliyi elektron hökumətə aid ümumi hüquqi bazanın yaradılması üçün işə başlayıb.

2015-ci ildən etibarən iNUP (elektron hökumətin Milli Tətbiq Proqramı) elektron infrastruktur sistemi işə salınıb. Bütün dövlət qurumlarını birləşdirən rəqəmsal sistem qurumlar arasında məlumat mübadiləsini tezləşdirməklə yanaşı, onu həm də daha təhlükəsiz və şəffaf edir.

Hal hazırda Niderland əhalisinin 75%-i dövlət qurumları ilə İnternet vasitəsi ilə əlaqə qurur, 62%-i isə yenə də İnternet vasitəsi ilə dövlət qurumlarından məlumat əldə edir.

Ardı var…

Müəllif: Musa Pünhan.

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,051ФанатыМне нравится
1,021ЧитателиЧитать
3,086ЧитателиЧитать
711ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -