ГлавнаяТелекомСтатьиƏşyaların İnterneti: növbəti fırıldaq, yoxsa yeni imkanlar?

Əşyaların İnterneti: növbəti fırıldaq, yoxsa yeni imkanlar?

Yaxın gələcəkdə hər yerdə hər şeyi əhatə edən «əşyaların İnterneti» dövrü başlayacaq. Kimsə bundan trilyonlar qazanacaq. Maraqlıdır, bu bəxtəvərlərin arasında bizim təhlükəsizlik üzrə mütəxəssis həmkarlarımız da olacaqlarmı?

Aydındır ki, İnternetə qoşulma istənilən qurğular üçün, o cümlədən, ən qeyri-adi, ən qəribə görünənlər üçün də mümkündür. Məsələn, kim deyib ki, yaşıl noxud bankasına «intellektual» qapaq, ya da velosipedçiyə «ağıllı» şalvar düzəltmək olmaz? Belə bir şey olsa, həmin qapaq məhsulun son istifadə tarixi yaxınlaşanda xəbərdarlıq, «ağıllı» şalvar isə qət edilən məsafə haqqında istifadəçinin elektron poçtuna məlumat göndərə bilər. İlk baxışda mənasız görünən bu «oyuncaq»lar əslində yeni sənaye inqilabının xəbərçisidir. IDC araşdırma şirkətinin verdiyi proqnoza görə 2020-ci ilin sonuna dünyada İnternet şəbəkəsinə qoşulmuş qurğuların sayı 212 milyarda, bütün bu təmtərağa xərclənən məbləğ isə 9 trilyon dollara çatacaq.

iot_1

«2014-cü ildə əşyaların İnternetinin vəziyyəti» araşdırmasında «Accenture Interactive» konsaltinq şirkəti müəyyən edib ki, istehlakçıların təqribən 69 faizi yaxın 5 il ərzində ən azı bir məişət İnternet qurğusu almağı planlaşdırır. Hazırda ümumi istehlakçı kütləsinin 4-5 faizini təşkil edən əşyaların İnterneti istifadəçilərinin sayı 2015-ci ilin sonuna həmin kütləyə nisbətən 13 faiz təşkil edəcək. Araşdırmaçılar əşyaların İnterneti istifadəçiləri arasında sorğu aparıb sabit rəğbət qazana biləcək «qoşulmuş» əşyaların əsas kateqoriyalarını müəyyənləşdirdilər:

— İnternetə qoşulu təhlükəsizlik sistemləri (11% il ərzində, 35% isə yaxın 5 il ərzində əldə etməyi düşünürlər).

— İntellektual termostatlar (13% bir il, 43% isə 5 il ərzində).

— Sağlam həyat tərzini dəstəkləyən geyilən (vücuda taxılan) qurğular (22% bir il, 43% isə 5 il ərzində).

iot_2

İstehlakçı marağından mənfəət əldə etmək imkanı istər böyük, sanballı şirkət və müəssisələrin, istərsə kiçik, xırda qurumların diqqətini çəkir. Amma təbii ki, hər səfanın özü ilə gətirdiyi cəfa da var. İlk növbədə bu işdə çətinlik törədən amillər arasında istehlakçıların mənzillərinin yetərsiz İnternet infrastrukturası, həmin infrastrukturalarda mövcud olan problemlər (o cümlədən, IPv6 ünvanlama sisteminin zəif inkişafı), dünyanın bütün regionlarında keçərli vahid standartların olmaması, təcrübəli yaradıcı mühəndis kadrlar qıtlığı, habelə elektrik batareyasını tez-tez doldurmağa, ya da dəyişdirməyə vadar edən, beləliklə də həmin batareyaların istifadəçinin qurğusu ilə birlikdə hərəkət etməsini məhdudlaşdıran zəif tutumu qeyd olunmalıdır. Əslinə baxsaq, əşyaların İnterneti ilə bağlı tipik əziyyətləri çoxnüvəli prosessorlu smartfonlarımız artıq hamımıza göstərməyə nail olub: smartfonun aktiv istifadəsi ilə bağlı müxtəlif «baş ağrıları» üzündən bəzən biz çoxdandır unutduğumuz, rəfdə qalıb toz basmış köhnə Nokia 3310-umuzu həsrətlə yada salırıq.

Hansı İnternet? Nəyin İnterneti?

Əşyaların İnterneti erası nə bu gün, nə də yaxın gələcəkdə başlamayacaq. İndilik «bəzi əşyaların İnternetinin dövrü» demək daha doğru olar. Bu «bəzi əşyalar» siyahısına ağıllı televizorlar, videomüşahidə aparan IP-kameralar, intellektual termostatlar, eləcə də smartfonla idarə olunan «ağıllı ev» platformaları daxil edilə bilər. Lakin bu ağıllı ev «müəyyən dərəcədə» ağıllı olacaq, çünki buradakı bəzi əşyalar İnternetə qoşulu olarkən digərləri köhnə internetqabağı çağlarda olduğu kimi sadəcə bir-birinə qoşulmuş olacaq. Sözsüz ki, hələlik bu əşyaların arasındakı hər hansı ciddi qarşılıqlı əlaqə haqqında bəhs etmək tezdir.

«IoT» ideyasını (ingilisçədən: Internet of Things — əşyaların İnterneti) bir qədər müvazinətsiz təbliğ edən şirkətlər eyni müvazinətsizliyi öz aralarında səmərəli dialoq qurmaqda da nümayiş etdirir. Belə ki, onlar indiyədək öz aralarında razılığa gələ bilməyib ki, bütün bu dəm-dəstgaha nə ad verilsin. Misal üçün, «Microsoft» hesah edir ki, düzgün ad «Internet of Your Things», yəni «Sizin əşyalarınızın İnterneti»dir. Amma biznes kommunikasiya mühitində başqa ad işlənir: М2М, yəni «machine-to-machine» (maşınlararası əlaqə). «Cisco» və «Qualcomm» şirkətlərinin ürəyinə daha çox yatan tərif «Internet of Everything», yəni belə desək, «Hər nə varsa hər şeyin İnterneti»dir. Digərləri «Internet of Objects» (Obyektlərin İnterneti), ya da «Internet of Smart Objects» (Ağıllı obyektlərin İnterneti) ifadələrinə üstünlük verir. Yeri gəlmişkən, yeni biznes sahəsinin ən çox işlənən «Internet of Things» adını icad edən şəxs heç də «ay-ti» mütəxəssisi deyil. Ümumdünya şəbəkəsinin mənbələrinə görə, bu ifadə ilk dəfə «Procter & Gamble» korporasiyasının baş direktoru tərəfindən ötən əsrin 99-cu ilində Sinsinatti ştatında keçirilən biznes görüşü zamanı təşəbbüssüz qalıb mürgü vuran orta səviyyə menecerlərini «özlərinə gətirmək» üçün istifadə olunub.

iot_3

Bütövlükdə «ağıllı ev» ideyası qədər təhlükəsizlik və avtomatlaşdırma təyinatlı ev sistemləri, əyləncə mərkəzləri, məişət texnikası, hətta istehlakçılar üçün nəzərdə tutulan tibbi alətlər də bizə vəd edilən «IoT»yə çevrilə bilər. Amma belə ehtimalın var olması hələ o demək deyil ki, indiki mərhələdə konkret insanlar bundan böyük mənfəət əldə edə biləcəklər. Bəziləri iddia edirlər ki, «IoT» dövrü artıq başlayıb. Onları başa düşmək olar. Məsələn, bir qrup istehsalçı İnternet protokolu əsasında intellektual obyektlərin inkişafı naminə alyans qurub. Alyansın, necə deyərlər, adı da üstündədir: «IP for Smart Objects». Bu təşkilat «qoşulmalı» qapı qıfılları, işıqlandırma qurğuları, məişət təyinatlı enerjiyə qənaətetmə sistemləri, habelə bunlara bənzər digər texniki vasitə və həlləri inkişaf etdirməklə məşğuldur. Əslinə baxanda, bəzən belə vasitələr və onların müxtəlif birləşmələri istehlakçıya olduqca gözəl imkanlar verir. Öz növbəsində buna bənzər həlləri təqdim edən şirkətlər də başqa istehsalçılarla apardığı rəqabət yarışında üstünlük əldə edir.

«IoT» və mənzilin avtomatlaşdırılması

Məişət avtomatikası bazarında çıxış edən şirkətlər istehlakçı kütləsinin vaxtaşırı araşdırmalarını fəal şəkildə maliyyələşdirir. «GfK Custom Research» tərəfindən orta və yüksək qiymət kateqoriyası üzrə məişət avtomatikası həllərinin təchizatçısı «Savant Systems» üçün aparılan sorğunun nəticələrinə görə, Amerikalıların yarısından çoxu «ağıllı ev»in növbəti on il ərzində məişətin adi bir hissəsinə çevriləcəyindən əmin olduqlarını, dörddə biri isə bunun yaxın 5 il ərzində baş verəcəyini düşündüklərini bildiriblər. Yeri gəlmişkən, istehlakçılar həmin həllərin ən vacib cəhətlərinin sadə idarəetmə (69%) və rafat istismaretmə (58%) olduğunu qeyd ediblər. Əsas şövqləndirici faktorlar kimi xərclərə qənaət (41%) və təhlükəsizliyin təmin olunması (35%) göstərilib.

İndi isə gəlin nəzər salaq, məişət avtomatikası və «IoT» sahələri arasında əlaqə necə qurulub, onları birləşdirən, eləcə də fərqləndirən nədir?

Əslinə baxdıqda əşyaların İnterneti şəbəkəyə qoşulu külli miqdarda müxtəlif unikal IP ünvanlı əşya deməkdir. Nəzərdə tutulur ki, bu cihazlar, alətlər, sistemlər, xidmətlər öz aralarında müəyyən protokol, domen və tətbiqlər əsasında əlaqə yaradacaq. Beləliklə, İnternet-obyektlər fiziki xüsusiyyətləri müəyyənləşdirib onları rəqəmsallaşdıracaq, hətta bəlkə də təhlil edəcək. Bununla yanaşı, cihaz və alətlər öz aralarında «ünsiyyət» qurmağa qadir olacaq, müəyyən fiziki hərəkətlər yerinə yetirə biləcək. Bu, həmin əşyalara quraşdırılan maşın intellekti vasitələri, çoxkanallı (səs, vizual, işarə anlayan və s.) interfeys, habelə vaxtilə yazıçı-fantastlar tərəfindən android robot kimi qələmə verilən fiziki və ya virtual varlıqların sayəsində həyata keçə biləcək.

iot_4

Bundan sonrası isə qaranlıqdır. Bazarda gözlənilən ajiotaj dərəcəli tələbata baxmayaraq ümumi standartlar yaratmaq səyləri hələ də kağız üstündə qalır. Daha əvvəl adını çəkdiyimiz «IPSO» alyansı vahid yanaşma və qaydalar üzərində razılaşma əldə etmək yolunda nə qədər cəhd etsə də, bu sahədəki xaos və qeyri-müəyyənlik ildən ilə əksilmək yerinə daha da artır. İnternet-obyektlərin açıq əlaqə standartlarının qəbul olunması nəcib məqsəddir, lakin ona yaxın gələcəkdə nail olmaq xeyli müşkül məsələdir. Üstəlik, getdikcə güclənən «IoT» bumu şəraitində bu təşəbbüs ortadan tamamilə itib-bata bilər. Buna baxmayaraq, Alyans yaxın gələcəkdə ictimaiyyətə iki sənəd təqdim etməyə hazırlaşır. Bunlardan birində enerjiyə qənaət, mənzilin avtomatlaşdırılması və mühafizə sistemlərinə aid cihazların arasında qurulan kommunikasiyanın əsasını təşkil edən intellektual obyektlərin sadə siyahısı yer alacaq. İkinci sənəd maşınlararası M2M kommunikasiyasına, habelə İnternet-əşyaların istifadəsinə aid tətbiqlərin memari quruluş bazasını təsvir edəcək. Belə bir strukturun yaradılmasında məqsəd ondan ibarətdir ki, artıq maşınlararası qarşılıqlı rabitə üçün hansısa xüsusi protokola ehtiyac qalmasın, ya da Alyans rəhbərlərindən birinin dediyi kimi, «velosiped növbəti dəfə icad edilməsin».

Əvvəlcə hansı olmalıdır, dördüncü ya altıncı?

Lakin «IoT» bumu qarşısında qurğulararası kommunikasiya qaydalarından daha da ciddi bir problem durur. IPv4 İnternet protokolunun bir «anadangəlmə» qüsuru var ki, həmin qüsur özünü qırx ildən artıq vaxt keçdikdən sonra büruza verib. Nəzəri cəhətdən bu sistemdəki İnternet-ünvanlarının ümumi sayı 4 294 967 296-dan artıq ola bilməz. Əvvəlcədən bəllidir ki, İnternet-əşyaların gözlənilən sayı qarşısında bu rəqəm heç də kifayət deyil.

iot_5

2006-cı ildən bəri mövcud olan yeni IPv6 protokol versiyasında həm bu məhdudiyyət aradan qaldırılıb, həm də marşrutlaşdırıcı tərəfindən paket adının mənimsənməsinə sərf edilən müddəti azaldan məlumatlar paketinin yeni forması müəyyənləşdirilib. Paketi bir məktub olaraq təsəvvür edin: konvert onun başlığı, məlumatlar isə məzmunudur. IPv4 və IPv6 protokollarında konvertlərin formaları fərqli olduğundan onlar bir-birinə uyğun gəlmir. Bu səbəbdən əgər İnternet-əşyaları istehsalında IPv6 protokolu əsas götürülərsə, onda nə qədər davam edəcəyi bəlli olmayan keçid dövrü ərzində şəbəkə operatorları hər iki protokolu dəstəkləməli olacaqlar. Texniki baxımdan bunu etmək bir o qədər çətin olmasa da əsas problem bu tədbirin zəruri olduğunu bütün İnternet cəmiyyətinə, şəbəkə avadanlığı istehsalçılarından tutmuş məlumat ötürmə və şəbəkəyə qoşulma provayderlərinə, habelə məzmun təchizatçıları və sonuncu (müştəri) qurğuları vendorlarına qədər hər kəsə sübut etməkdən ibarətdir.

Hal-hazırda IPv6 protokoluna keçid olduqca ləng və ağır gedir. 2014-cü ilin ortalarında yeni protokolda qeydə alınan trafik ümumi həcmin cəmi 4 faizini təşkil edib. Görünür, məsələ provayderlərdədir. Misal üçün, dünyadakı IPv4 ünvanlarının 70 faizinin cəmləşdiyi Şimali Amerikada provayderlər olduqca xəsisdirlər və onlar köhnə avadanlıqdan tüstü çıxana qədər ondan istifadə edib yeni avadanlığa vəsait xərcləmək niyyətində deyillər. Bu baxımdan «Comcast» korporasiyası və daha bir neçə İnternetə qoşulma təminatçısı istisna sayıla bilər. Bu şirkətlər artıq bir neçə ildir ki, IPv6 protokolunu bütün texnoloji zəncir boyunca dəstəkləyir.

İcazəsiz girişə qarşı müdafiə

Əşyaların İnternetinin inkişaf təmayülü bizi birbaşa yüksək dərəcədə avtomatlaşdırılmış, hətta tamamilə avtomatik idarəetmə həllərinə doğru aparır. Bu baxımdan şəbəkənin mühafizə sistemində hər hansı nöqsan olduqca ciddi problemlərə gətirib çıxarda bilər. Bundan əmələ gələn peşmançılığın dərəcəsi zərər çəkmiş konkret tətbiqin əhəmiyyətindən asılıdır. Bəzən son istifadəçinin sistemin bədəməllər tərəfindən ələ keçirilməsi və ya sıradan çıxarılması barədə heç xəbəri də olmaya bilər. 2014-cü ilin ortalarında «HP» korporasiyası apardığı bir araşdırmanın nəticələrini yayımladı. Həmin araşdırmaya görə İnternet-əşya istifadəçilərinin haradasa 70%-i elementar təhlükəsizlik qaydalarına, o cümlədən, sistem parolu, məlumatların şifrələnməsi, habelə məlumatlara və qurğulara çoxsəviyyəli girişin tətbiq olunması kimi şərtlərə riayət etmirlər.

iot_8

Əgər əşyaların İnterneti həngaməsinin gələcəyinə inanırıqsa onda mütəxəssislər çox əsaslı və ciddi iş görməlidilər. Bununla belə qurğuların adekvat təhlükəsizlik sistemi ilə təchiz olunmasını əvvəlcədən, hələ quraşdırma mərhələsində, daha doğrusu, təchizat mərhələsində nəzərə almaq lazımdır. Əgər hər hansı bir istifadəçinin qurğusu «xak» edilsə və nəticədə həmin istifadəçi ciddi zərər çəksə o, həm İnternet-əşyalardan həmişəlik üz döndərəcək, həm də öz dost-tanışlarına var gücü ilə sübut etməyə çalışacaq ki, İnternet-əşyalar təhlükəli və əslində heç də faydası olmayan oyuncaqdır. Məsələ orasındadır ki, İnternet-əşyalardan sızdırılan məlumat sadəcə bu əşyaların qeydə aldığı çevrə parametrlərini deyil, eləcə də istifadəçinin şəxsi məlumatlarını, o cümlədən, mənzildəki sistemlərə və provayder xidmətlərinə giriş parollarını əhatə edə bilər. Nəzərə alsaq ki, İnternet-qurğuların bir qismi icra funksiyaları daşıyır, onda məlum olur ki, idarəetmənin başqası tərəfindən ələ keçirilməsi ciddi mənəvi və fiziki ziyanla nəticələnə bilər.

Demək olar ki, qurğuların adekvat mühafizəsi elə istehsalçıların da xeyirinədir, çünki konstruktiv cəhətdən uğurlu qurğuların, eləcə də məşhur brend məhsullarının klonlaşdırılması geniş vüsət alıb. Görünür, bu vəziyyətdən yeganə çıxış yolu aparat xarakterli müvafiq tədbirlərlə müşayiət olunan məlumatların şifrələnməsidir. Belə ki, kriptoqrafik həllərin əsas təchizatçıları şifrələmə əməliyyatlarını bilavasitə aparan elektron blokların etibarlı ekranlama üsulu ilə qorunmasını, habelə qurğuların işinə müdaxilələri təyin edən sensorlarının qurulmasını təkidlə tövsiyyə edirlər.

Şəxsi məlumatlar qorunmalıdır?

İnternet-əşyaların bir çox növü bulud xidmətləri ilə məlumat mübadiləsi aparır və bu məqsədlə istifadəçilərin şəxsi məlumatlarından istifadə edir. Belə qadcetlərə qol saatı, fitnes-treker funksiyalı qolbaq və s. aiddir. ABŞ əhalisi arasında aparılan sorğulara görə Amerikalıların çoxu öz şəxsi məlumatlarını özləri tərəfindən müstəqil olaraq idarə etdiklərinə inanmırlar. «Pew» araşdırma mərkəzi xəbər verir ki, bu inamsızlıq həm İnternet-ünsiyyətinin adi kanallarına, həm də şəxsi məlumatlarla əlaqədar olan istər hökümət, istərsə də korporativ təşkilatlara qarşı nümayiş olunur. Bəzi rəqəmlərə nəzər salaq:

iot_6

— Yetkinlik yaşına çatmış Amerikalıların 91%-i anketdə yer alan «istifadəçilər kənar təşkilatların onların şəxsi məlumatlarını necə istifadə etdiyinin nəzarətini itiriblər» iddiasına «razıyam» və ya «tamamilə razıyam» cavabını veriblər.

— Yetkin yaşlıların 88%-i «razı» və ya «tamamilə razı»dırlar ki, onlayn mənbələrdə özləri haqda yer alan səhv şəxsi məlumatları silmək son dərəcə çətindir.

— Sosial şəbəkə istifadəçilərinin 80%-i onların veb-mənbələrə yerləşdirdikləri məlumatlara kənar reklamverənlərin və kommersiya strukturlarının nümayəndələrinin daxil ola bildiklərindən narahatlıq hiss edirlər.

— Sosial şəbəkə istifadəçilərinin 70%-i bilir ki, veb-mənbələrində yerləşdirilmiş öz şəxsi məlumatlarına onların xəbəri olmadan hökümət strukturları müntəzəm olaraq müraciət edir.

Hökümətin onların sosial şəbəkələrdə yazdıqları postlara burnunu soxduğundan narahat olan Amerikalılar bu narahatlığa rağmən hesab edirlər ki, başqa vətəndaşlar haqqında daha aktiv şəkildə məlumat toplamaq lazımdır:

— Yetkin yaşlı əhalinin 80%-i «razı» və «tamamilə razı»dırlar ki, Amerikalılar telefon danışıqlarının və İnternet-ünsiyyətinin hökümət agentlikləri tərəfindən izlənməsinə diqqət yetirməlidirlər. Sorğulananların 18%-i isə bununla «razı deyil» və ya «qətiyyən razıdeyil».

— Sorğulananların 64%-i hesab edir ki, hökümət reklamverənlər tərəfindən tətbiq olunan təzyiqi azaltmaq üçün daha çox səy göstərməlidir, halbuki 34% hesab edir ki, alınan tədbirlər kifayətdir.

— Amerikalıların 36%-i «razı» və «tamamilə razı»dırlar ki, «Onlayn ünsiyyətə kiminsə tərəfindən nəzarət cəmiyyətin xeyirinədir».

Belə çıxır ki, əhalinin şəxsi məlumatların mühafizəsi ilə bağlı narahatlığı bir az şişirdilib. Ən azından, narahatlıq olsa da, İnternet-əşyaların basqınına qarşı kifayət qədər güclü deyil.

2020-ci ilin sonunda ümumdünya şəbəkəsinə qoşulanların sayı 212 milyarda çata bilər. Yaxşı, bəs bütün bu soyuducular, mühafizə sensorları və ağıllı saatlar eyni anda trafik yaratmağa başlasa «böyük şəbəkə tıxacı» yaranmazmı? Hal-hazırda məişət qurğularının payına ümumdünya trafikinin 16 faizi düşür. Halbuki, İnternet-əşyaların əksər hissəsi şəbəkəyə vaxtaşırı, məsələn, hava temperaturu ölçmələri, ya da qapının açılmasını qeydə alan həyəcan sensorunun xəbərdarlığı kimi kiçik həcmli məlumat göndərmək üçün qoşulur. Bunları nəzərə alıb deyə bilərik ki, hələlik şəbəkə kanallarında «IoT» bumundan meydana gələ biləcək həddindən artıq yüklənmə haqqında danışmaq bir qədər tezdir.

Alyanslar və qarşıdurmalar

iot_7

Nə qədər ki, İnternet-əşyaları dünyası yol ayrıcından çıxmayıb, «IoT» ətrafındakı məlumat qarmaqarışıqlığından müxtəlif miqyaslı və müxtəlif təyinatlı şirkətlər var gücü ilə öz mənfəəti üçün istifadə etməyə çalışır. Belə ki, indi unifikasiya və standartlaşma ideyaları bayrağı altında çıxış edən, həmin bayraq altında güya vəziyyəti nizamlamağa çalışan, amma əslində yaranmaqda olan yeni bazarda öz üzvləri üçün isti yer təmin etməyə çalışan alyanslar əmələ gəlir. Misal üçün, İnternet-əşyaların «Thread» ünsiyyət protokolunu simsiz kanallar üzərindən tətbiq etməyə çalışan eyniadlı alyansın prezidenti paralel olaraq Google korporasiyasının törəmə «Nest» şirkətinin istehsal etdiyi məhsulların marketinqi üzrə menecerdir.

Mənbə:

http://www.secfocus.ru/articles/21440.htm#axzz3RQ0B0PK2

 

Azercell запустил новую кампанию для ветеранов войны
Oyun icmalı: «Life is Strange» («Həyat qəribədir»)
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!