ГлавнаяТелекомСтатьиMicrosoft bir sıra texnoloji yeniliklər haqqında və Windows əməliyyat sisteminin yeni versiyası barədə məlumat verdi

Microsoft bir sıra texnoloji yeniliklər haqqında və Windows əməliyyat sisteminin yeni versiyası barədə məlumat verdi

 Microsoft şirkəti 2015-ci il yanvarın 15-də keçirdiyi təqdimatda növbəti Windows 10 əməliyyat sistemi haqqında, habelə bir sıra texnoloji yeniliklər barədə məlumat verdi.

Windows 10 əməliyyat sistemi Windows 7 və Windows 8.1 istifadəçilərinə pulsuz veriləcək

Windows 10-nun açıq satışa çıxdığı gündən başlayaraq Microsoft şirkəti həmin yeni əməliyyat sistemini Windows 7, 8 və 8.1 istifadəçilərinə bir il ərzində pulsuz təqdim etməyi qərara alıb. Beləliklə, şirkət indiyədək heç vaxt etmədiyini həyata keçirməyə hazırlaşır: Windows əməliyyat sisteminin son üç versiyasını lisenziya ilə əldə edən bütün istifadəçilər yeni versiyanı öz kompüterlərinə heç bir şey ödəmədən yükləyə biləcəklər. Bundan əlavə Microsoft rəsmiləri bəyan ediblər ki, kompüter, noutbuk, planşet və smartfonlara yüklənən Windows 10 satışa çıxdıqdan sonra artıq məhsul kimi deyil, servis kimi qəbul olunmalıdır. Bu isə Windows əməliyyat sisteminin həmin qurğularda onların texniki ömrü boyunca pulsuz yenilənməsi deməkdir. Həmin müddətin necə müəyyənləşdiriləcəyi barədə şirkət hələ ki məlumat verməyib. Microsoft qarşısına belə bir məqsəd qoyub ki, Windows əməliyyat sistemindən istifadə edənlər həmin sistemin yeni çıxan versiyalarının əldə edilməsi və yüklənməsi zəhmətindən azad olsunlar. Windows 10 sistemini bu üsul ilə təbliğ etməyə qərar verən Microsoft əlbəttə ki, gəlirinin bir hissəsini itirəcək, amma əvəzində Google əməliyyat sistemi qarşısında öz mövqeini möhkəmlədəcək.

windows-10-microsoft-wallpaper

Digər tərəfdən Microsoft indiki və gələcək Xbox One sahiblərinin oyun toplusu və oyunçularla qarşılıqlı əlaqəni necə genişləndirə biləcəklərini göstərdi. Artıq geymerlər eyni sosial şəbəkənin içində oyunları müzakirə edə, öz nailiyyətlərini izləyə, həm Xbox One, həm də Windows 10 sistemində çəkdikləri videoları və skrinşotları paylaşa biləcəklər. Uğur qazanmanın açarı kimi də məhz bu məqam qəbul oluna bilər, çünki komponentlər arasında sosial şəbəkənin mövcudluğu istənilən təklifdən, eksklyuzivdən bəlkə də daha səmərəli satış yoludur. Əgər dostlarınız bu platformada oynayırlarsa və siz istənilən qurğu vasitəsilə həm Xbox One, həm də Windows 10-dakı oyunlar barədə onlarla müzakirələr apara biləcəksinizsə, bu sözsüz ki, Xbox One almaq üçün yetərli əsas olacaq. Windows 10 əməliyyat sisteminin satışa çıxarılması 2015-ci ilin payız aylarında gözlənilir.

Windows 10 sistemində Cortana

Windows 10 virtual köməkçi Cortana-nın da dəstəyini alacaq. Əvvəllər Cortana-nın funksiyalarından yalnız Windows Phones əsaslı mobil qurğu sahibləri faydalana bilirdilər.

windows-10-cortana-v2

Windows 10 əməliyyat sisteminin masaüstü versiyasında Cortana virtual köməkçisi axtarış forması kimi «Start» düyməsinin yanında yerləşdirilib.Bu formanın köməyi ilə həm lokal kompüterdə, həm də Internetdə axtarış aparmaq olar. Axtarışın nəticələri həmin formanın üstündə çıxacaq. Axtarışla yanaşı Cortana başqa məqsədlərlə də istifadə oluna bilər. Misal üçün, virtual köməkçi təyyarə uçuş reysləri barədə məlumat verə biləcək. Bundan əlavə o, elektron ismarıc mətnlərinin diktə edilib göndərilməsini təmin edəcək, musiqi fayllarını çaldıracaq, tətbiqləri işə salacaq, eləcə də xatırlatmaları monitorda əks etdirəcək. Daha kiçik qurğulara, məsələn, planşetlərə gəlincə, burada Cortana başqa libasa bürünəcək. Virtual köməkçinin pəncərəsi ekranın tamamını tutacaq, göstərilən məlumatlar isə həmin pəncərənin içində yer alacaq. Köməkçi rahat şəkildə iri düymələrlə idarə oluna biləcək. Yaxın bir neçə ay ərzində Windows 10 sistemini test edənlər Cortana virtual köməkçisi ilə də tanış ola biləcəklər.

Project Spartan brauzerin adı artıq rəsmi hal aldı

Windows əməliyyat sistemi əsasında işləyən bütün qurğular üçün universal olan yeni brauzerin şərti «Project Spartan» adı bu dəfə təsdiqlənib rəsmi olaraq səsləndirildi. Internet Explorer kimi Project Spartan da Trident platforması üzərində qurulub.

spartan copy

Daha əvvəl Internet Explorer-də mövcud olmayan yeni funksiyalara gəlincə, Microsoft şirkəti Project Spartan vasitəsilə veb-səhifələrə şərh və ya rəsm əlavə etmək imkanını nümayiş etdirdi. Gələcəkdə bu funksiyaların vasitəsilə şəxsi əlaqə məlumatlarını paylaşmaq olacaq. Eyni zamanda yeni brauzerdə oxuma rejimi də olacaq. Bu rejimdə oxunan səhifə tam ekran formatında təqdim olunacaq və bütün kənar elementlər gizlədiləcək. Müxtəlif faydalı məlumatları göstərə bilən Cortana Project Spartanda da yer alacaq. Misal üçün, əgər istifadəçi axtarış sətrində əlində olan uçuş reysinin hansı avia şirkətə aid olduğunu axtarırsa , onda Cortana həmin reys barədə bütün məlumatları təqdim edəcək. Bu baxımdan Microsoft-un rəqəmsal köməkçisi Google Now xidmətinə bənzəyir, lakin onun imkanları daha da genişdir. Təəssüf ki, Cortana köməkçisi Bing axtarış motoru ilə sıx əlaqədar olduğundan Azərbaycanda tam gücü ilə işləyə bilməyəcək.

Microsoft HoloLens: Windows 10 üçün geyilən holoqrafik displey

 Microsoft şirkəti gözə geyilən qurğu haqqında çoxdandır ortalarda dolaşan müxtəlif şayə və xəbərlərə son qoydu. Softver nəhəngi Windows 10 sisteminə holoqrafik displey dəstəyini də əlavə etdi, odur ki, redmondçuların bu cür displey yaratmaqları heç də təəccüb doğurmadı. Buyurun, tanış olun: Microsoft HoloLens — real və virtual dünyalarınızı birləşdirəcək holoqrafik eynək-displey!

a67d3d33-e1e5-4cf7-bf3d-dbe1befc8d8c

Microsoft şirkəti HoloLensi «indiyədək dünyada görülmüş ən qabaqcıl holoqrafik kompüter» kimi təqdim edir. Qurğunun tərkibinə sensorlar dəsti, təmiz və aydın şəkil təmin edən xüsusi holoqrafik prosessor (HPU), habelə təbii səs təmin edən audio alt sistemi daxildir. Microsoft HoloLens eynəyinin bütün imkan və üstünlükləri o qədər çoxdur ki, onları burada sadalamağa və şərh etməyə dəyməz. HoloLens layihəsi hələ ki öz inkişaf yolunun başındadır. Əsas hədəf kütləyə gəlincə, Microsoft şirkətinin baş icraçı direktoru Satya Nadellanın sözlərinə görə bu qurğu həm korporativ, həm də fərdi istifadəçilər üçün nəzərdə tutulub. HoloLens qurğusunun üstünlüklərinin nümayişi kompüter istifadəsinin olduqca iddialı gələcəyini əks etdirir. Blokları otaqdakı mebel əşyalarının üstündə yerləşdirib Minecraft oynamaq, Marsda şahanə təəssüratlar dolu unudulmaz virtual tur atmaq, müştərilərə yaratdığınız son memarlıq şedevrinizi nümayiş etdirmək: bütün bunlar Hololens eynəkləri ilə mümkün olacaq. HoloLens eynəyinin başlıca üstünlüklərindən biri onun avtonom olmasıdır. Nə kabel, nə də kompüterə, ya da smartfona qoşulmağa ehtiyac yoxdur. Təəssüf ki, istehsalçı bu qurğunun nə vaxt və neçəyə satılmağa başlayacağı haqqında dəqiq bir məlumat vermədi. Amma ən azından indidən məlumdur ki, HoloLens Windows 10 əməliyyat sisteminin aktual olduğu dövrdə, yəni daha yenisi ilə əvəz edilmədən öncə satışa çıxarılacaq.

84 düymlük ağıllı «Microsoft Surface Hub» televizoru

 Müxtəlif maraqlı yeniliklər arasında Microsoft həm də 84 düymlük ağıllı «Microsoft Surface Hub» televizorunu təqdim etdi. Bu televizor akustik sistem, 4K həlletməli sensor ekran, habelə iki kamera və mikrofon dəsti ilə təchiz olunub. Qurğu biznes istifadəçiləri üçün nəzərdə tutulub. Onun köməyi ilə iş adamları öz toplantılarını daha səmərəli və effektiv halda keçirəcəklər.

Microsoft Surface Hub

Televizorda susmaya görə Windows 10 əməliyyat sistemli aparat platforması qurulub. Microsoft Surface planşetlərində quraşdırılmış eyni elektron komponent dəstinin burada mövcud olduğunu təxmin etsək güman ki, səhv etmərik. 84 düymlük, multitaç və stilus (əmrləri göstərici çubuq ilə daxil etmə) dəstəkli nəhəng ekran Windows 10 sisteminin məxsusi interfeysini əks etdirəcək. Həmin interfeysin köməyi ilə OneNote və Skype kimi xidmətlərdən, habelə istənilən Windows tətbiqlərindən faydalanmaq mümkün olacaq. Qeyd edək ki, bu qurğu Perceptive Pixel layihəsinin məntiqi davamçısıdır. Surface Hub ətraf mühitlə qarşılıqlı əlaqə qurmağa kömək edən zəngin sensor dəsti ilə təchiz olunub. Qurğunun bütün texniki xüsusiyyətləri hələ ki açıqlanmasada artıq məlumdur ki, Microsoftun bu ağıllı televizoru kamera və sensorlar vasitəsilə onu səlahiyyətli istifadəçilərin hansı birinin istifadə etdiyini hər dəfə müəyyən edə biləcək. Hub əlavəsi öz təyinatını tamamilə doğruldur. Belə ki o, yaxınlıqda olan istənilən qurğudan məzmun toplayıb həmin məzmunu təkçə ekrana deyil, eləcə də uzaqdakı istifadəçilərin kompüterlərinə də qrup konfransı rejimində göndərə bilər. Müvafiq olaraq qurğunun hədəf kütləsinnin biznes istifadəçilərinin olduğu aydınlaşır. Onlar Surface Hub qurğusunu uzaqdakı iştirakçılarla toplantı keçirmək üçün, «beyin fırtınası» və digər biznes fəaliyyətləri üçün istifadə edə biləcəklər. Qurğunun qiyməti indiyədək elan olunmayıb, lakin televizorun açıqlanan xüsusiyyətlərini və korporativ təyinatlı olduğunu nəzərə aldıqda bu qiymətin adi istehlakçı üçün cəlbedici olacağını heç də güman etmirik.

Завершена разработка KasperskyOS
Поставки и выручка мирового серверного рынка увеличились
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!