spot_img
19 марта, 2024
ДомойТелекомСтатьиAzure üzərində Ehtiyat Məlumat Mərkəzi

Azure üzərində Ehtiyat Məlumat Mərkəzi

Əsas Məlumat Mərkəzi (ƏMM, Main Data Center) informasiya texnologiyaları infrastrukturunun ən əhəmiyyətli hissəsidir. Sizin bütün serverlər, saxlanc, şəbəkə avadanlıqları, texnoloji həllər adətən burada saxlanılır. Onların fəaliyyətinin fasiləsizliyi üçün  ƏMM-də çoxlu əməliyyatlar həyata keçirilir. Belə ki, serverlərin fasiləsizliyini təmin etmək üçün onların klasteri yaradılır, ehtiyat nüsxələri müntəzəm çıxarılır, məlumatlar RAİD-5, RAİD-10 kimi texnologiyaların köməkliyi ilə daha etibarlı şəkildə saxlanılır. Ola bilsin ki, elektrik infrastrukturundan asılı olmamaq üçün elektrik generatoru da quraşdırılmış olsun və ya 2 və daha çox mənbədən elektrik xətləri gəlsin. Həmçinin internet bağlantısının fasiləsizliyini təmin etmək üçün 2 və daha çox xidmət provayderindən internet bağlantısı istifadə edilə bilər. Ümumiyyətlə Məlumat Mərkəzlərini “ANSI/TİA-942 Telecommunications İnfrastructure Standard for Data Centers” standartına uyğun olaraq tikmək və zəruri infrastruktur həlləri ilə təmin etmək daha məqsədəuyğundur. Cari standart Məlumat Mərkəzinin cavab verməli olduğu demək olar ki bütün tələbləri özündə cəmləyib. Bu ayrıca bir mövzudur. Biz bu gün sizin ƏMM-də baş verə biləcək fövqəladə hallardan və onun mümkün səmərəli çıxış yollarından danışacağıq.

Microsoft-Azure-Site-Recovery-Services

ƏMM-də baş verə biləcək bir neçə fövqəladə hal mümkündür. Yanğın, subasma, ciddi infrastruktur problemləri, zəlzələ və digər qarısı alına bilməyən fors-major hallar belə fövqəladə hallardandır. Fövqəladə hallardan çıxış yollarından təcrübədə özünü doğrultmuş variantlardan biri Ehtiyat Məlumat Mərkəzinin (EMM, Disaster Recovery Site)yaradılmasıdır.

EMM  sizin işgüzar fəaliyyətinizin fasiləsizliyini təmin etmək üçün zəruridir. Fövqəladə hallarda xidmətlərinizin çalışmaqda davam etməsini arzu edirsinizsə, onda Ehtiyat Məlumat Mərkəzi haqqında düşünməyə dəyər.

4073.pic2

EMM ilə sizin ƏMM arasında minimum 250-300 km bir məsafə olması tövsiyə olunur. Bu da seysmiklik, hava durumu və infrastruktur məsələləri ilə əlaqəlidir. Tipindən (TİER I, TİER II, TİER III və TİER IV), fasiləsizliyini təmin etmək istədiyimiz xidmətlərin sayından asılı olaraq EMM-nin qiyməti  ƏMM-nin qiymətinin 40-100%-ni təşkil edə bilər.  EMM istifadə edən şirkətlərin təcrübəsi göstərir ki, bu ucuz məsələ deyil. Amma fövqəladə hallarda özünü doğruldur.

6646.pic1

EMM-ni ərsəyə gətirmək üçün sizə mütləq müəyyən bir tikili/bina lazım olacaq. Bu məqsədlə 250-300 km-dən aralı yerləşən filialınızdakı və ya icarəyə götürülmüş bir ərazi işə yaraya bilər. Əlbəttə ki, ən uyğun gələnini seçmək üçün məhz TİA-492 standartını istifadə etmək məqsədəuyğundur. Bundan əlavə EMM-də də ƏMM-də olan şərait, avadanlıq, proqram təminatı 100% və ya fasiləsizliyini təmin etməyi planlaşdırdığınız həcmdə öz əksini tapmalıdır.

Xərclərini optimallaşdırmağa çalışan şirkətlər EMM üçün daha səmərəli şərtlər axtarışında olarkən müxtəlif variantlar arasında Microsoft Azure üzərində dayandılar. Belə ki, Microsoft Azure xidməti yerləşən Məlumat Mərkəzləri TİA-942 standartının TİER-IV tipinə uyğundur, müstəqil auditorlar tərəfindən rüblük uyğunluq yoxlamasından keçir, dünyada mövcud aşağıdakı məşhur uyğunluq proqramlarının tələblərinə cavab verir:

  • ISO 27001/27002
  • SOC 1/SSAE 16/ISAE 3402 və SOC 2
  • Cloud Security Alliance CCM
  • FedRAMP
  • FISMA
  • Azure Government
  • PCI DSS Level 1
  • United Kingdom G-Cloud
  • Australian Government IRAP
  • Singapore MTCS Standard
  • HİPPA
  • EU Model Clauses
  • Food and Drug Administration 21 CFR Part 11
  • FERPA
  • FIPS 140-2
  • CCCPPF
  • MLPS

Bundan əlavə Hyper-V Replica vasitəsi ilə sizin Məlumat Mərkəzi ilə Azure arasında məlumatların sinxronlaşdırlmasını, bərpa nöqtəsinin yaradılmasını hal-hazırda ən azı 30 saniyədən bir həyata keçirmək mümkündür. Yəni ƏMM fövqəladə halda dayanarsa 30 saniyə geriyə qayıtmaqla fəaliyyəti Azure üzərində olan EMM-dən bərpa etmək mümkündür. Bunu avtomatik və ya əl ilə işə salmaq olar. Fövqəladə hal baş vermədən istənilən vaxt belə hadisəni sınaqdan keçirmək və nəticələri təhlil etmək olar.

tiers1

Azure üzərində olan EMM sizin ƏMM ilə təhlükəsiz rabitə kanalı ilə əlaqələndirilir. Hətta EMM-nin internet bağlantısını sizin ƏMM-dən keçməklə marşrutlanması mümkündür. Əslində Azure üzərində olan infrastruktura öz ƏMM-nin əlavə etibarlı bir hissəsi kimi baxmaq daha məqsədəuyğundur. Azure-daki resurslardan (saxlanc, hesablama qüvvəsi, yaddaş, trafik və s.) hər biri sayğaca malikdir və sizin istifadə etdiyiniz resurslar üçün ödəniş bu sayğacların göstəricilərinə uyğun şəffaf hesablanır. Bu isə xərcləri əvvəlcədən planlamağa imkan verir.

Qiymət baxımından Azure istifadə etmək sərfəlidir. Belə ki, siz EMM üçün tikili/bina saxlamırsınız, onun fiziki təhlükəsizliyi, elektriklə təminatı, sərinləşdirilməsi, avadanlıq və proqram təminatı ilə təchizatı qayğılarından azadsınız.  Sizin EMM məsafə tələblərinə də cavab verir. Çünki Azure xidməti verən Məlumat Mərkəzləri Avropada, Asiyada, Amerikada yerləşirlər.  Azure üzərində EMM yaradarkən məlumat və virtual infrastrukturunuzun hansı Məlumat Mərkəzində yerləşməsini siz təyin edirsiniz. Azure üzərində hal-hazırda 300-dən çox İT xidmətlər təklif edilir. Hər birinin qiymətləri şəffaf şəkildə Azure portalında qeyd edilmişdir. Siz istismara başlamazdan qabaq portalda olan xüsusi kalkulyatorun köməkliyi ilə  əvvəlcədən xidmətin neçəyə başa gələcəyini hesablaya və ya Azure Trial (http://aka.ms/AYoxla) proqramına qoşulmaqla 30 gün ərzində sizə təqdim edilmiş 200USD çərçivəsində ixtiyari xidməti sınaqdan keçirə bilərsiniz.

Ümumi xərclərin təhlili və müşahidələr göstərir ki, Azure üzərində yaradılan EMM-nin illik abunə xərci sizin ƏMM-yə çəkilən ümumi xərclərin ən çoxu 0.5-1% faizini təşkil edə bilər. Başqa sözlə, məsələn, əgər sizin ƏMM 10 milyon manata başa gəlibsə onda Azure üzərində olan EMM-nin ümumi illik xərci 50-100 min manat edəcək. Özünüz bunu Azure portalında kalkulyatordan istifadə etməklə yoxlaya bilərsiniz.

Microsoft tərəfdaşları, startup-lar, tələbələr, proqram təminatı hazırlayanlar Azure-dan daha müəyyən limit çərçivəsində pulsuz istifadə edə bilərlər. Bunun üçün müvafiq olaraq BizSpark, DreamSpark, MSDN proqramları mövcuddur. Bu imkandan faydalanmaqla Azure-nin təqdim etdiyi bütün xidmətlərlə tanış olmaq, yoxlamaq mümkündür.

Hal-hazırda Azərbaycanda bir sıra yerli şirkətlər Azure-dan sınaq mühiti, ehtiyat nüsxələmə saxlancı, internet səhifəsinin idarə edilməsi, monitorinq sistemi və s. məqsədlərlə istifadə edirlər. Çoxsaylı müraciətləri nəzərə alaraq bu yaxınlarda Azure üçün rəsmi tədris kurslarının təşkili də planlaşdırılır. Azure üzərində tədris kurslarını bitirdikdən sonra Microsoft sertifikatları almaq üçün 532 və 533 saylı imtahanları vermək mümkündür. 31 may 2015-ci il tarixinədək isə bütün Microsoft imtahanlarına pulsuz 2-ci cəhd təklif olunur. Bir neçə soydaşımız artıq Azure üzrə xüsusi tədris kurslarında uğurla iştirak edib və Azure xidmətlərinin tətbiqində çətinliyiniz olsa onlar sizinlə öz təcrübələrini bölüşə bilərlər. Belə mütəxəssislərin köməyinə ehtiyacınız olsa, Microsoft şirkətinin Azərbaycan nümayəndəliyinə müraciət edə və bu mütəxəssislərin əlaqə məlumatlarını istəyə bilərsiniz.

Göründüyü kimi, sizin cari ƏMM və ya EMM ilə müqayisədə Azure daha təhlükəsiz, səmərəli hesab edilə bilər. Məhz bu səbəbdən dünya miqyaslı beynəlxalq layihələrin, olimpiya oyunlarının, iri hesablamalar tələb edən məsələlərin İT infrastrukturu Azure üzərində qurulur.

Qaçay Mirzəyev — Strateji həllər üzrə mütəxəssis / Microsoft Azərbaycan

НОВОСТИ ПО ТЕМЕ

СОЦИАЛЬНЫЕ СЕТИ

12,059ФанатыМне нравится
1,020ЧитателиЧитать
3,086ЧитателиЧитать
709ПодписчикиПодписаться
- Реклама -
- Реклама -
- Реклама -