ГлавнаяТелекомСтатьиTelefon, internet, kabel televiziyası və… bulud həlləri!

Telefon, internet, kabel televiziyası və… bulud həlləri!

Bulud həllərindən danışanda hər kəsdə fərqli fikirlər yaranır. Əslində hər birimiz çoxdandır ki, bulud həllinə bənzəyən xidmətlərdən gündəlik həyatımızda istifadə edirik. Həm də heç fərqinə varmadan. Telefon, internet, kabel televiziyası və sairə: bu xidmətlərin hər biri bulud həllinin xüsusiyyətlərini daşıyır. Bu günkü söhbətimizdə sizə həmin xidmətlərdən misal çəkib müqayisə edərək bulud xidmətlərinin səmərəliliyini və məqsədəuyğunluğunu göstərməyə çalışacağıq.

iStock_000018330209Medium

Bulud həlləri barədə danışarkən ilk növbədə «outsourcing» termininin mənasını düzgün qavramaq lazımdır. Sadə dillə desək, «outsourcing» müəssisənin ehtiyaci olan hər hansı xidməti peşəkar kənar icraçıya tapşırmaq deməkdir. Əsasən məsrəfləri azaltmaq məqsədi ilə tətbiq olunan «outsourcing» xidmətlərini həm fiziki, həm də hüquqi şəxs göstərə bilər.

bg-outsourcing

Yəqin ki, oxucularımız arasında mobil və ya şəhər telefonu olmayanı yoxdur. Kütləvi istifadə üçün nəzərdə tutulan bütün xidmətlər kimi telefon rabitəsi də qiymət baxımından münasibdir. Amma bir anlıq fərz edin ki, siz yalnız özünüzə xidmət etmək üçün mobil operator olmaq istəyirsiniz. Belə təşəbbüsün hansı məbləğə, hansı əziyyətlərin və çətinliklərin bahasına həyata keçiriləcəyini təsəvvür etmək belə çətindir. Ayrıca şəbəkə qurmaq üçün lazımi avadanlıqların, proqram təminatının, lisenziyaların alınmasına, saysız-hesabsız məsələlərin həllinə tələb olunan vəsaitlə mobil operatorunuzun təklif etdiyi abunə haqqı müqayisə edilə bilərmi? Əlbəttə ki, yox. Çünki bu, çox baha başa gələcək və qoyduğunuz sərmayə özünü doğrultmayacaq. Beləliklə, gətirdiyimiz şərti misal sübut edir ki, kütləvi istifadə üçün nəzərdə tutulan bulud həlləri məhz daha sərfəli olduğundan tələb olunur.

İnternet səhifəsi hər şirkət, hər müəssisə üçün son dərəcə önəmlidir. Bu gün internet səhifəsi olmayan müəssisə tapmaq çətindir. Əslində veb-səhifələrin hazırlanması çətin iş deyil. Lakin internetdə yayılmış təhlükələrdən maksimal qorunmaq üçün müəssisələr bu işi peşəkarlara etibar etməyi, bununla da internet səhifələrinin təhlükəsizliyini təmin etməyə çalışır. Digər tərəfdən, əgər siz internet səhifələri yaratmaqla müntəzəm məşğul olmursunuzsa, hansı texnologiyanın daha perspektivli, daha asan, daha təhlükəsiz olduğundan çox güman ki, ətraflı və dəqiq məlumatınız olmaya bilər. Nəticədə yaradacağınız internet səhifəsi çox güman ki, tələblərə cavab verməyəcək. Amma bu işi peşəkarlara etibar etsəniz daha keyfiyyətli, daha münasib layihə əldə etmiş olarsınız. Çünki peşəkarlar bu işlə müntəzəm məşğuldurlar, onların müvafiq səriştəsi, təcrübəsi, habelə lazımi alətləri var. Beləliklə, gətirdiyimiz növbəti misal göstərir ki, bulud həlləri prinsipi ilə işləyən peşəkar komanda daha səriştəli, daha təcrübəli, daha çevikdir.

azure_banner1

Hazırda kabel televiziyası xidməti kütləvi hal alıb. Bəs 10-15 il əvvəl geniş istifadə olunan peyk (çanaq) antenalarını xatırlayırsınızmı? Keyfiyyətsiz, qəflətən yerini dəyişən və ya şifrlənən kanallar, nəzarətsiz məzmun, peykə görə əlavə ötürücü, hətta əlavə çanaq quraşdırmaq məcburiyyəti və bunun kimi sair problemlər peyk antenası istifadəçilərinin qarşılaşdıqları çətinliklərin sadəcə bir hissəsidir. Kabel televiziyasında isə məzmuna, xidmətin keyfiyyətinə, kanalların hərəkətinə, eləcə də reytinqlərinə ciddi nəzarət edilir. Cüzi abunə haqqı ödəməklə siz rahatçılığınızı təmin edirsiniz. Televiziya kanallarını keyfiyyətli paket halında bizə təqdim edən kabel televiziyası xidmətləri kimi bulud həllərinin xidmətləri də istifadədə zəhmətsiz və rahatdır.

Yetkinlik yaşına çatmış hər kəsin, hətta bir çox yeniyetmənin elektron poçt qutusu var. Elektron poçt xidmətindən istifadə edən hər kəs artıq öz məlumatlarını Outlook.com, Hotmail.com və s. xidmətlərinə etibar edir. Belə bir xidməti təşkil etmək üçün güclü server avadanlığı, müxtəlif lisenziyalar tələb olunur. Yalnız fərdi ehtiyacları qarşılamaq üçün həmin serverlərin və lisenziyaların alınmasının həddindən artıq baha başa qələcəyini əlavə qeyd etməyə dəyməz. Bulud xidmətlərini təqdim edən şirkətlər server avadanlığının alınmasını, lisenziyalaşdırmanı, məlumat mərkəzinin saxlanmasını, habelə fiziki təhlükəsizlik, elektrik təminatı, texniki dəstək və s. məsələlərini öz öhdəsinə götürüb sizi bütün qayğılardan azad edir.

Kirayəlik avtomobillər haqqında da hər birimiz eşitmişik. Avtomobili icarəyə götürmək nisbətən az, alışı isə böyük xərc tələb edir. Əlbəttə, avtomobili kreditlə də almaq olar. Amma belə halda müəyyən müddət ərzində müntəzəm şəkildə aylıq ödənişlər həyata keçirmək, eləcə də qiymətdən savayı əlavə kredit faizləri ödəmək məcburiyyətində qalacaqsınız. Halbuki, aldığınız avtomobil günü gündən köhnəlir, onun bazar dəyəri düşür. Avtomobilə istehsalçının tövsiyə etdiyi qrafik üzrə müntəzəm texniki xidmət də göstərmək lazımdır. İcarəyə götürülmüş avtomobildən istifadə etdikdə isə vəziyyət dəyişir. Aylıq, ya da gündəlik icarə haqqı qarşılığında icarəyəverən sizi müqavilə müddəti ərzində daima saz vəziyyətdə olan avtomobil ilə təmin edir. Sizə qalan isə sadəcə yanacaq məsrəflərini ödəməkdir. Başqa sözlə, siz bahalı avtomobildən minimal xərclə tam istifadə edirsiniz. Bulud həlləri də çəkilən misala bənzər şəkildə sizi müqavilənin müddəti ərzində ən müasir texnologiyalara əsaslanan xidmət ilə təmin edir. Siz isə sadəcə «icarə» və «yanacaq» üçün, yəni abunə və internetə çıxış haqlarını ödəyirsiniz. Bulud sistemi çərçivəsində daha güclü serverə ehtiyacınız olsa, müəyyən əlavə ödənişlə bunu da əldə edə bilərsiniz.

support-your-business-objectives

Toy mərasimi keçirilmək, masaları tərtib etmək, salonu bəzəmək, musiqi və əyləncə məsələlərini həll etmək, çeşid-çeşid təamlar hazırlamaq, qonaqları qarşılamaq, onlara qulluq etmək və ləyaqətlə yola salmaq böyük məharət və ağır səy tələb edən bir işdir. Belə ciddi mərasimi öz gücünüzlə təkbaşına yola vermək inanın ki, heç də asan iş deyil. Elə buna görə də bir çoxumuz ixtisaslaşmış şadlıq saraylarının xidmətlərindən faydalanmağa üstünlük veririk. Onların müvafiq personalı, yeri, ehtiyatları, təchizatçıları, tədarükçiləri var. Xeyir iş üçün tələb olunan bütün ərzaqları, içkiləri topdan qiymətlərlə aldıqları, qab-qacağı bir deyil, bir çox mərasimdə istifadə etdikləri üçün şadlıq evləri müştərinin istəyinə görə adambaşı hesablama əsasında hazır xidmət təklif edir. Şadlıq saraylarının xidmətləri də bir növ «bulud həlli»dir. Bulud həlləri də tələb olunan avadanlıq və proqram təminatını topdansatış qiymətlərlə əldə etdiyi üçün xidmətin bir vahidi daha ucuz başa gəlir. Sizə lazım olan resursları dərhal təmin etmək üçün bulud həllərinində yetərincə ehtiyatlar nəzərdə tutulub. Planlaşdırma, çatdırılma, texniki xidmət, əlçatanlıq da məqbul sayılan səviyyədə təmin edilib.

Ümumi işin müxtəlif sahələri üzrə ayrı-ayrı peşəkarların xidmətlərindən istifadə etməyin nə qədər məqsədəuuyğun olmasının bəlkə də ən gözəl misalı mənzil təmiridir. Fərz edək ki, ustaları dəvət etmək əvəzinə təmiri özünüz edirsiniz. Təmir işi sizin bütün vaxtınızı alır, ağlınızı məşğul edir, beləliklə sizi bütün başqa, bəlkə də daha vacib məsələlərdən yayındırır. Üstəlik, siz bu işin peşəkarı olmadığınızdan təmirinizin keyfiyyəti şübhəli, xərclərinizin həcmi artıq, səhvə yol verməyinizin ehtimalı yüksək ola bilər. Düzgün seçilmiş təcrübəli usta briqadası isə işin keyfiyyətinə zəmanət verir, təmirin nə vaxt başlayıb nə vaxt bitəcəyini, ən əsası, dəqiq hesablanmış büdcəni sizə əvvəlcədən bildirir. Bəli, bu bənzətmə ilə sizə bulud həllinin daha bir üstün xüsusiyyətini göstərdik. Bulud həllərindən istifadə etdiyinizdə yarana biləcək texniki nasazlıqları səriştəli, təcrübəli, müvafiq sertifikat sahibi olan İKT mütəxəssisləri dərhal aradan qaldıracaqlar. Onlar günün 24 saatı, həftənin 7, ilin 365 günü sizin xidmətinizdədirlər. Hər hansı əlavə texniki xidmət də əvvəlcədən şərtləndirilib münasib tariflərlə təqdim edilə bilər.

 

İstənilən işi peşəkarına həvalə etmək hər halda daha əlverişli və məqsədəuyğundur. Eynən, Microsoft şirkətinin bulud həllərindən istifadə etməklə də siz İKT infrastrukturunuzun imkanlarını genişləndirə, istənilən İKT xidmətini dərhal sınaqdan keçirə/istismara verə, məsrəfləri azalda, resurslardan istifadəni optimallaşdıra bilərsiniz. Misal üçün, hal-hazırda «Azure» bulud həllindən bir çox şirkətlər Ehtiyat Məlumat Mərkəzi («Disaster Recovery Site») kimi istifadə edir. Nəticədə əlavə məlumat mərkəzi yaratmaq xərcləri daha sərfəli abunə haqqı ilə əvəz olunur. Bu haqda daha ətraflı növbəti məqalələrimizdə söhbət açacağıq.

Qaçay Mirzəyev — Strateji həllər üzrə mütəxəssis / Microsoft Azərbaycan

Новая игра для Android-устройств от азербайджанской компании
Главные IT-тренды 2015 года
Оформление подписки
Оформить подписку на журнал InfoCity вы можете заполнив приведенную
ниже форму. Стоимость одного выпуска — 2 маната.
Ваше имя
Адрес доставки журнала и номер телефона для контактов
Число месяцев подписки
Благодарим вас за подписку!